Cabir ibn Abdullah Ənsarinin Ərbəin ziyarəti
Cabir ibn Abdullah Ənsari Rəsulullahın (s) səhabələrindən, Əhli-beytin (ə) vəfalı dostlarından idi. Atası Abdullah ibn Əmr ibn Həram Ənsari Peyğəmbəri (s) Mədinəyə köçməyə dəvət edən öncüllərdəndir. Abdullah ibn Əmr “Əqəbə” beyətində (Məkkədə) iştirak etmişdi. Bədr və Ühüd döyüşlərində də Peyğəmbərin (s) kənarında döyüşmüşdü. Elə Ühüd döyüşündə də şəhadətə çatmışdır. (“İsabətu fi mərifətis-səhabə”, c.4, səh. 162, Abdullah ibn Əmr ibn Həramın tərcü-meyi-halı.)
Cabir özü də “İkinci Əqəbə” beyətində – kiçik yaşlarında ikən – atası ilə bərabər iştirak etmişdi. O, Allah Rəsulunun (s) tanınmış səhabələrindən idi və 18-19 qəzvədə (Peyğəmbərin (s) şəxsən iştirak etdiyi döyüşdə) Peyğəmbərlə (s) birgə olmuşdu. Siffeyn döyüşündə də İmam Əliyə (ə) qoşulmuşdu. Ömrünün sonlarında gözləri tutulan Cabir hicrətin 74 yaxud 77-ci ili, 94 yaşında vəfat etmişdir. (“İstiab”, c.1, səh.219; “Dairətul-məarifiş-şiiyyətil-ammə”, c.7, səh.70; “Mocəmu ricalil-hədis”, c.4, səh.11; “Əyanuş-şiə”, c.4, səh.47.) Cabir ibn Abdullah Ənsari şəhidlər sərvəri İmam Hüseynin (ə) pak türbəsini “Ərbəin” günü ziyarət edən ilk şəxsdir. O, Mədindən Kərbəlaya piyada gəlişi ilə özündən sonra “gözəl bir sünnə və adət”i – “Ərbəin yürüşü”nü yadigar qoydu və bu hadisədən 14 əsrə yaxın bir vaxt keçsə də, bu yürüş hər il daha da şövkət və əzəmətlə bərpa olunur. Ətiyyə Ovfi deyir: “Cabir ibn Abdullah Ənsari ilə birgə İmam Hüseynin (ə) məzarını ziyarət məqsədilə yola düşdük. Kərbəlaya çatdığımızda Cabir Fərat çayına girib (ziyarət) qüslü etdi. Sonra bir parçanı fitə kimi belinə bağlayıb digərini də çiyninə atdı (ehram libası kimi), özünü ətirləyib İmam Hüseynin (ə) qəbrinə doğru addımladı. Qəbrə yaxınlaşanadək yol boyu zikir deyirdi. Sonra mənə dedi: “Əllərimi qəbrin üzərinə qoy.” Əllərini qəbrin üzərinə qoyduğumda Cabir özündən gedərək qəbrin üstünə yıxıldı. Cabirin üz-gözünə su səpib onu ayıltdım. Sonra üç dəfə səslədi: “Ya Hüseyn!” (Başqa bir nəqlə əsasən, ilk öncə o, üç təkbir dedi, sonra ziyarətnamə oxudu. – “Biharul-ənvar”, c. 98, səh. 329) Davamında dedi: حَبيبٌ لايُجيبُ حَبيبَهُ “Dost, dostuna cavab verməzmi?!” Sonra öz-özünə dedi: (Hüseyn (ə)) qanına qəltan olduğu və başı bədənindən ayrı düşdüyü bir halda necə cavab versin? Daha sonra əlavə etdi: فَأَشْهَدُ أَنَّكَ ابْنُ خَيْرِ النَّبِيِّينَ، وَابْنُ سَيِّدِ الْمُؤْمِنينَ، وَابْنُ حَليفِ التَّقْوى، وَسَليلُ الْهُدى، وَخامِسُ أصْحابِ الْكِساءِ، وَابْنُ سَيِّدِالنُّقَباءِ، وَابْنُ فاطِمَةَ سَيِّدَةِ النِّساءِ، وَمالَكَ لاتَكُونُ هكَذا وَقَدْ غَذَّتْكَ كَفُّ سَيِّدِ الْمُرْسَلينَ، وَرُبِّيتَ فِي حِجْرِ الْمُتَّقينَ، وَرَضَعْتَ مِنْ ثَدْىِ الْإِيمانِ، وَفُطِمْتَ بِالْإِسْلامِ، فَطِبْتَ حَيّاً، وَطِبْتَ مَيِّتاً، غَيْرَ أَنَّ قُلُوبَ الْمُؤْمِنينَ غَيْرُ طَيِّبَةٍ لِفِراقِكَ، وَلا شاكَّةٍ فِي الْخِيَرَةِ لَكَ، فَعَلَيْكَ سَلامُ اللَّهِ وَرِضْوانُهُ، وَأَشْهَدُ أَنَّكَ مَضَيْتَ عَلى ما مَضى عَلَيْهِ أَخُوكَ يَحْيَى بْنُ زَكَرِيَّا “Şəhadət verirəm ki, sən peyğəmbərlərin ən üstününün övladı, möminlər sərvərinin və təqva köməyinin, hidayət sülaləsinin oğlusan. Sən “Kisa” əshabının beşincisi, rəhbərlər ağasının və xanımlar xanımı Fatimənin (s.ə.) oğlusan. Niyə də belə olmasın! (Bütün şərafət və üstünlüyə malik olduğun halda.) Halbuki peyğəmbərlərin sərvəri öz əli ilə sənə yemək verib, təqvalıların qucağında boy atmısan, iman döşündən süd içmisən və İslama etiqadla süddən kəsilmisən. Sən pak yaşadın, pak da dünyadan getdin. Sözsüz, möminlərin qəlbi ayrılığından asudə deyil, halbuki sənin üçün ali məqamın olduğuna şübhə etmirlər. Allahın salamı və rizvanı sənin üzərinə olsun və (mən) şəhadət verirəm ki, (haqqın müdafiəsi yolunda şəhid olan) qardaşın Yəhya ibn Zəkəriyyanın yolu ilə getdin.” Sonra gözlərini (gözləri görən adam kimi) qəbrin ətrafında gəzdirdi və (digər şəhidlərə müraciətlə) dedi: أَلسَّلامُ عَلَيْكُمْ أَيُّهَا الْأَرْواحُ الَّتي حَلَّتْ بِفِناءِ الْحُسَيْنِ، وَأَناخَتْ بِرَحْلِهِ، أَشْهَدُ أَنَّكُمْ أَقَمْتُمُ الصَّلاةَ، وَآتَيْتُمُ الزَّكاةَ، وَأَمَرْتُمْ بِالْمَعْرُوفِ، وَنَهَيْتُمْ عَنِ الْمُنْكَرِ، وَجاهَدْتُمُ الْمُلْحِدينَ، وَعَبَدْتُمُ اللَّهَ حَتّى أَتاكُمُ الْيَقينُ “Salam olsun, Hüseynin hüzuruna enən və kənarında rahatlaşan ruhlara! Şəhadət verirəm ki, siz namazı dirçəltdiniz və zəkatı ödədiniz, yaxşılığa dəvət edib pislikdən çəkindirdiniz. Allahsız və dinsizlərlə döyüşdünüz və son nəfəsinizədək Allaha ibadət etdiniz!” Ardınca bunları dedi: وَالَّذي بَعَثَ مُحَمَّداً بِالْحَقِّ لَقَدْ شارَكْناكُمْ فيما دَخَلْتُمْ فيهِ “Muhəmmədi haqq olaraq peyğəmbərliyə seçən Allaha and olsun ki, biz, siz şəhidlərin daxil olduğu yolda şərikik.” Bunu eşidən Ətiyyə təəccüblə soruşdu: “Biz necə onlarla (döyüş və şəhidlikdə) şərikik, biz (Hüseynə (ə) yardım üçün) nə eniş-yoxuş keçdik, nə də qılınc çaldıq, halbuki bunların başları bədənlərindən ayrılıb (və şəhadətə çatıblar) və övladları yetim, qadınları ərsiz qalıb?!” Cabir cavabında dedi: يا عَطيَّةُ! سَمِعْتُ حَبيبي رَسُولَ اللَّهِ صلى الله عليه و آله يَقُولُ: «مَنْ أَحَبَّ قَوْماً حُشِرَ مَعَهُمْ، وَمَنْ أَحَبَّ عَمَلَ قَوْمٍ أُشْرِكَ في عَمَلِهِمْ»، وَالَّذي بَعَثَ مُحَمَّداً بِالْحَقِّ نَبيّاً إنَّ نِيَّتي وَ نِيَّةَ أَصْحابي عَلى ما مَضَى عَلَيْهِ الْحُسَيْنُ وَأَصْحابُهُ “Ey Ətiyyə! Həbibim Rəsulullahdan (s) eşitmişəm ki, buyurub: “Hər kim bir dəstəni sevsə, Qiyamət günü onlarla məhşur olacaq və hər kəs bir dəstənin əməlini sevsə, onların əməlində şərikdir.” Muhəmmədi haqq olaraq peyğəmbərliyə seçən Allaha and olsun ki, (əgər mən zəiflik və çarəsizlikdən İmam Hüseynin (ə) kənarında olmadımsa da,) mən və dostlarımın niyyət və istəyi İmam Hüseyn (ə) və dostlarının getdiyi yoldur.” (“Biharul-ənvar”, c.65, səh.130, hədis 62; “Aşura – Tarixin ən böyük qəhrəmanlıq salnaməsi”, Ayətullah Məkarim Şirazi, səh.1015-1021.) Aşura faciəsindən sonra İslam camiəsi hakim dairələrin qəddarlığı və zülmkarlığından qorxduğu bir halda, Cabir qorxmadan-çəkinmədən haqq yolunun şəhidlərinin pak qəbrini ziyarət etməsi ilə Əhli-beyt düşmənləri və müxaliflərinə öz qəzəb və nifrət hissini elan etdi. O, bu hərəkəti ilə gələcək nəslə böyük bir dərs öyrətdi, özündən sonra İslam camiəsinə gözəl bir adəti yadigar qoydu. Həm də onun bu əməli qəbir ziyarəti ilə müxalif olan və onu şirk bilənlərə də möhkəm dəlil və tutarlı bir cavabdır. Axı Cabir adi bir insan deyildi, Peyğəmbər (s) səhabəsi idi! Əgər qəbri ziyarət etmək şirk olsaydı, Peyğəmbər (s) səhabəsi bu işi əsla yerinə yetirməzdi. Maide.az Oxşar xəbərlər
|