Ərbəin yürüşü üçün iki nur saçan çıraq lazımdır
Ərbəin yürüşünə qoşulmaq hər bir Əhli-Beyt (ə) aşiqini arzusudur. Ancaq bu yürüşə qoşulmaq üçün hər bir möminə iki nur saçan çıraq lazımdır.
Qanlı Kərbəla hadisəsindən artıq 1400 il keçir. Lakin buna baxmayaraq, İmam Hüseynə (ə) olan eşq və sevgi hər il daha da artır. Ərbəin yürüşündə iştirak edən hər bir mömin İmamın (ə) şüarını yüksəldir və bəşərin zalımlarına qarşı etiraz səsini ucaldır. Allah Təala mübarək “Hədid” surəsində möminlərə qızıl tövsiyələr verir. Əgər bu tövsiyələrə əməl olunarsa, insanı qaranlıqdan aydınlığa çıxardar. Allah Təala bu mübarək surədə buyurur: “Ey (Allaha və keçmiş peyğəmbərlərə) iman gətirənlər! Allahdan qorxun və Onun peyğəmbərinə (Muhəmmədə (s) ) iman gətirin ki, sizə Öz mərhəmətindən iki pay (bir pay ona iman gətirməyə görə, bir pay isə keçmiş peyğəmbərlərə iman gətirdiyiniz üçün) əta etsin, vasitəsi ilə yol (dünyada ictimai həyat yolunu, məhşərdə isə cənnət yolunu) getməyiniz üçün bir nur versin və sizi bağışlasın. Allah bağışlayan və mehribandır”. (“Hədid” 28). Ərbəin yürüşündəki hər bir möminin özü ilə aparmalı olduğu nurlu çıraqlardan biri – İlahi təqvadır. Bu İlahi nemət həyat yolunda sizin üçün bir filtr rolunu oynayaraq, sizi günahdan və xatalardan qoruyacaqdır. Sizə icazə verməyəcəkdir ki, nalayiq rəftarlar nümayiş etdirəsiniz. Ərbəin səfərinin müsafirləri təkcə Əhli-Beyt (ə) aşiqləri deyildirlər, həm də əhli-təsənnün və xristian qardaşlar da bu yürüşə qoşulur və onun bərəkətindən faydalanırlar. İslami məzhəblərin müştərək cəhətləri - Peyğəmbərə (s) olan sevgiləridir. Peyğəmbərə (s) bəslədikləri sevgi onların əxlaqından və təqvasından xəbər verir. Allah Təala bu haqda buyurur: “Muhəmməd – Allahın peyğəmbəridir. Onunla birgə olanlar kafirlərin qarşısında güclü və sərt, öz aralarında isə mehribandırlar. Onları həmişə rüku və səcdə halında daim Allahın lütf və bəxşişini və Onun razılığını diləyən görərsən”. (”Fəth” 29). Deməli, Ərbəin yürüşündəki möminlərin malik olduqları nurlu çıraqldan biri də Peyğəmbərə (s) bəslədikləri sevgidir. Bu sevgi İmam Hüseyn (ə) zəvvarlarının vəhdətinə və həmrəy olmasına səbəb olar. Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: “Hər kimin ruzisi təqva olar, dünya və axirətin xeyiri onun ruzisi olar”. “Hədid” surəsi buyurur ki, hər kimin təqvası və Peyğəmbərə (s) imanı olar, cəhalət yolunda iki nurlu çırağı olar ki, bu iki çıraq sayəsində səadətə və aydınlığa nail olar. Əbu Cəfər “Hədid”surəsinin 28-ci ayəsindəki nur barəsində buyurur ki, bunlar Həsən (ə) və Hüseyndir (ə). Özlərinə rəhbər seçməli olduqları adil İmam isə Əli ibn Əbu Talibdir (ə). Beləliklə deyə bilərik ki, Ərbəin yürüşü ancaq Əhli-Beyt (ə) aşiqlərinə aid deyildir, bütün bəşər insanlarının iştirak etdiyi və həmrəy olduğu bir yürüşdür. Bu yürüşdə hər bir müsəlmanın əlində iki çıraq olmalıdır ki, İmamın (ə) yolunu davam etdirə bilsin. Bu çıraqlardan biri – İlahi təqva və o birisi isə Peyğəmbərə (s) olan sevgi və eşqdir. Hər kim bu iki çırağa malik olar, İmamın (ə) həqiqi zəvvarı sayılar və onun yolunun davamçısı olar. /Deyerler.org/ Oxşar xəbərlər
|