Səadətin "Bismillah"dan keçən yolu
Qurani-Kərim bəşər övladının səadətə qovuşmasında aparıcı rola malikdir. Qurandan üz çevirən - öz səadətindən üz çevirir. Hər işdən öncə Allahı yada salmaq - insan qəlbinə inam və aramlıq gətirir.
“Bismilləhir-Rahmənir-Rahim” isə Allahın yada salınmasında ən önəmli zikrlərdəndir. Din öncüllərindən “Bismilləhir-Rahmənir-Rahim”in fəziləti haqqında bir çox rəvayətlər nəql olunmuşdur. Aşağıda onlardan bəzilərini nəzərdən keçirəcəyik: 1. Həzrət Peyğəmbər (s) buyurur: “İstənilən dəyərli bir işə “Bismilləhir-Rahmənir-Rahim”siz başlanılsa, bu iş naqis və bəhrəsiz olar”. 2. Həzrət Peyğəmbər (s) buyurur: “Bismilləhir-Rahmənir-Rahim”lə başlanılan dua rədd edilməz”. 3. İmam Sadiq (ə) buyurur: “Olsun ki, bizim bəzi ardıcıllarımız işlərin başlanğıcında “Bismilləhir-Rahmənir-Rahim” deməyi unutsunlar. Nəticədə Allah Təala onları narahatçılıqlarla üzləşdirər ki, qəflətdən ayılıb, Allaha şükür-səna deməklə bu səhvi əməl dəftərlərindən paklasınlar”. 4. İmam Sadiq (ə) buyurur: “Hər kəs qəm-qüssə ilə üzləşərsə, üzünü səmaya tutub üç dəfə “Bismilləhir-Rahmənir-Rahim” desin. Allah Təala qurtuluş yolunu həmin şəxsə aşkarlayar və qəm-qüssəni ondan uzaq edər”. 5. Həzrət Əli (ə) buyurur: “Sizlərdən hər kəs öz dükanına yaxınlaşarsa, ilk olaraq “Bismilləhir-Rahmənir-Rahim” söyləsin ki, iblis oradan uzaqlaşsın. Evə daxil olduğunuz zaman da öncə “Bismilləhir-Rahmənir-Rahim” söyləyin - bu iş Allahın bərəkətini nazil edər və mələklər həmin evlə rabitə yaradar". Həyat çətinliklərsiz ötüşmür. İnsan bütün çətinliklərdən sıxılsa da, onların bəziləri həyati əhəmiyyət kəsb edir. İnsanların ən çətin vəziyyəti aşağıdakı 4 haldır: 1. Ölüm hadisəsi, canın çıxması; 2. Nəkir və Münkirin sorğu-sualı; 3. Qiyamətdə yenidən oyanış; 4. Sirat körpüsündən keçmək. Məhz bu müstəsna təhlükəli məqamlarda “Bismilləhir-Rahmənir-Rahim” insanın köməyinə gəlir. Mömin şəxs can verən zaman “Bismilləhir-Rahmənir-Rahim” desə, ölüm hadisəsi onun üçün asanlaşar. İnsan qəbir zülmətində “Bismilləhir-Rahmənir-Rahim” desə, torpaq onun üçün gülzara çevrilər. Qiyamətdə yenidən oyanış zamanı kim “Bismilləhir-Rahmənir-Rahim” desə, çöhrəsi ay kimi nurlu və gözəl olar. Sirat körpüsünə ayaq qoyan zaman kim “Bismilləhir-Rahmənir-Rahim” desə, cəhənnəm alovu ondan uzaqlaşar. “Bismilləhir-Rahmənir-Rahim” demək bütün hallarda faydalı olsa da, müəyyən məqamlarda onun dilə gətirilməsi daha çox əhəmiyyət kəsb edir. “Bismilləhir-Rahmənir-Rahim” deməyin mühüm məqamları: 1. Sözə başlayan zaman; 2. Quran oxumağa başlarkən; 3. Yatmazdan öncə; 4. Yemək və içmək zamanı; 5. Kişi öz həyat yoldaşı ilə xəlvətə çəkilərkən; 6. Evə daxil olarkən; 7. Evdən çıxarkən; 8. Ürəyə vəsvəsə daxil olan zaman; 9. Məktub və yaddaş yazan zaman; 10. Bazara daxil olub, alış-verişə başlayarkən; 11. Qəmlə üzləşərkən; 12. Qəzəblənən zaman; 13. Tənhalıq zamanı; 14. Dəstəmaz alarkən; 15. Heyvanları kəsərkən; 16. Ağrı və xəstəlik hissləri yarandıqda; 17. Nəqliyyat vasitəsinə minərkən; 18. Mühakimə edərkən; 19. Zərərverici heyvan tərəfindən incidildikdə. Mənbə: “Quran və həyat” Oxşar xəbərlər
|