Namaz – çətinliklərin həlli üçün bir vasitə
Mьəllif: admin1
Tarix: 4-10-2022, 10:51
Namaz – çətinliklərin həlli üçün bir vasitə
Qurani-Kərimin “Bəqərə” surəsinin 45-ci ayəsində buyurulur:

وَاسْتَعِينُواْ بِالصَّبْرِ وَالصَّلاَةِ وَإِنَّهَا لَكَبِيرَةٌ إِلاَّ عَلَى الْخَاشِعِينَ

“(İşlərinizdə) səbir və namazdan kömək diləyin. Həqiqətən, o (namaz) itaətkarlardan başqalarına ağır və çətindir.”

Həmin surənin 153-cü ayəsində də belə buyurulur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اسْتَعِينُواْ بِالصَّبْرِ وَالصَّلاَةِ إِنَّ اللّهَ مَعَ الصَّابِرِينَ

“Ey iman gətirənlər, səbir və namazdan kömək diləyin ki, həqiqətən, Allah səbir edənlərlədir.”

Birinci ayədə İsrail oğulları, ikinci ayədə isə möminlərə xitab olunur. Birinci ayə İsrail oğulları barəsində nazil olsa da, təfsir alimlərinin qeydlərinə əsasən, bütün vəzifəli insanlara şamildir və onda işlənən “innəha” əvəzliyinin nəyə aid olmasında fikirayrılığı vardır.

Bu haqda irəli sürülən beş nəzər arasında məşhur nəzər onun namaza aid olmasıdır; yəni namaz itaətkarlardan başqasına ağırdır. Çünki namaza hazırlıq görən, ondan ləzzət alan, digər iş və ləzzətləri ona fəda edənlər məhz itaətkarlardır.

Onlar namaz qılmaq və vaxtlarının müəyyən bir hissəsini ona ayırmaqla dünya və axirətdə böyük savab və faydalara nail olacaqlarını yaxşı bildiklərindən, namaz onlara ağır gəlmir.

Amma Allaha iman gətirməyən, itaət etməyən, namazı vaxt və fürsətin tələf olunması kimi hesab edənlər üçün, əlbəttə ki, namaz ağırdır. (Beş nəzər haqda məlumat: “Məcməül-bəyan”, c.1, səh.99-100.)

İkinci ayədə qeyd olunan “Allah səbir edənlərlədir!” – ifadəsinin şərhinə gəldikdə, deyə bilərik ki, namazqılanlar da bir növ səbirlilər zümrəsinə daxildir. Çünki namaz qılmaq səbir və hövsələ tələb edir və bu da itaətkarların səciyyəsidir.

Burada qarşıya çıxan sual budur: “Səbir və namazdan kömək diləməkdə məqsəd nədir?”

Bəzi alimlərinin qeydlərinə əsasən, ayədə bütün ilahi itaət və ibadətlər üçün kömək diləmək nəzərdə tutulur. Yəni səbir və namazdan digər ibadətləri yerinə yetirmək üçün kömək diləmək lazımdır. Çünki bu iki ibadət digər ibadətlərin əsas və təməlidir.

Bəzi alimlərin nəzərinə görə, məqsəd Allah yolunda mübarizə aparmaq üçün səbir və namazdan kömək diləməkdir. Üçüncü qrup alimlər isə bir sıra rəvayətlərə əsaslanaraq, bütün möhnət və çətinliklərdə səbir və namazdan kömək diləmək və onların vasitəsilə çətinlikləri aradan qaldırmaq mənasında olduğunu bildirmişlər.

Həmin rəvayətlərə nəzər salaq:

1. İmam Sadiq (ə) buyurur:

ما یَمنَعُ اَحَدَکُم اِذادَخَلَ عَلَیهِ غَمَّ مِن غُمُومِ الدُّنیا اَن یَتَوَضَّأَ ثَمَّ یَدخُلَ المَسجِدَ فَیَرَکَعَ رَکعَتَینِ یَدعُواللهَ فیها اَما سمعت اللهَ تعالی یَقُول واستعینوا بالصبر و الصلاة

“Sizdən hər hansı birinizin dünya qəmlərindən birinə düçar olduqda, dəstəmaz alıb məscidə gedərək iki rükət namaz qılması və qəm-qüssəsinin aradan qaldırılması üçün Allahı çağırmasının nə eybi var? Allah-Taalanın belə buyurduğunu eşitməyibsinizmi?: “Səbir və namazdan kömək diləyin.” (“Məcməül-bəyan”, c.1, səh.100.)

2. Hüzeyfə deyir:

کانَ رَسُولُ اللهِ صَلَّ اللهُ عَلَیهِ وَآلِه اِذاحَزَبَهُ أمرُ فَزَعَاِلَی الصَّلاةِ

“Peyğəmbəri-Əkrəm (s) bir çətinliklə üzləşdiyi zaman namaza sığınar və ondan kömək diləyərdi.” (“Əd-durrul-mənsur”, c.1, səh.67.)

3. Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğu nəql olunur:

کانُوا – یَغنِی الاَنبِیاءَ- یَفزَعُونَ اِذا فَزَعُوا إِلَی الصَّلاةِ

“Peyğəmbərlər narahat olduqları zaman namaza sığınırdılar.” (“Əd-durrul-mənsur”, c.1, səh.67.)

4. Əbu Dərda deyir:

کانَ رَسُولُ اللهَ (ص) اِذا کانَت لَیلةُ ریحٍ کانَ مَفزَعُهُ اِلَی المَسجِدِ حَتّی یَسکُنَ وَاِذا حَدَثُ مِن کُسُوفِ شَمسِ اَو قَمَرِ کان مَفزَعُهُ اِلَی الصَّلاةِ

“Allah Rəsulu (s) bərk külək əsdiyi gecə aram olmaq üçün məscidə gedər və günəş, yaxud ay tutulduqda isə namaz qılardı.” (“Əd-durrul-mənsur”, c.1, səh.67.)

5. İmam Sadiqin (ə) belə buyurduğu nəql olunur:

کان َعَلی (ع) اِذا هالَهُ اَمرَ فزِعُ قامَ اِلَی الصَّلاةِ ثُمَّ تَلا هذِهِ الآیة

“Həzrət Əli (ə) ağır bir hadisə ilə üzləşdikdə, namaza durar və bu ayəni tilavət edərdi: “Səbir və namazdan kömək diləyin.” (“Əl-mizan”, c.1, səh.153.)

Peyğəmbəri-Əkrəmin (s) səhabələri və digər böyük şəxslərin sərgüzəştində də qeyd edilir ki, onlar ağır hadisə və müsibətlərlə üzləşdikləri zaman namaza sığınar və ondan kömək diləyərdilər. Bu haqda iki nümunə ilə kifayətlənirik:

1. İbn Abbas yol əsnasında övladının (başqa bir rəvayətdə isə qardaşı Qüsəmin) ölüm xəbərini eşitdikdə, atından düşüb bir guşəyə çəkilir və iki rükət namaz qılır. Sonra geri dönüb deyir: “Mən Allahın buyruğunu yerinə yetirdim. Çünki O, belə buyurmuşdur: “Səbir və namazdan kömək diləyin.” (“Əd-durrul-mənsur”, c.1, səh.67.)

2. İbn Sinanın əhvalatında belə yazılır: “O, 16-17 yaşlarında “məntiq” kitablarını və “fəlsəfə” elminin bütün bölmələrini yenidən oxuyub bitirdi və bu müddət ərzində bir gecəni belə rahat yatmadı. Gündüzlər də yazıb-oxumaqla məşğul olurdu.

O, mütaliə zamanı çətin bir məsələ ilə üzləşsəydi, məscidə gedib namaz qılar, Allahdan həmin məsələnin həllini istəyər və həlli yolunu tapmayınca evə dönməzdi. Evə gəldikdən sonra, yenə elmlə, yazıb-oxumaqla məşğul olardı. (“Böyük İslam Ensiklopediyası”, c.4, səh.2.)


(Maide.az)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031