Söyüşə son!
İslamda insanın, məxsusən, müsəlman və möminin şəxsiyyəti, heysiyyəti və abır-həyasının qorunması xüsusi əhəmiyyətə malikdir və hətta onun haqqı, hörməti və dəyəri Allahın evi – Kəbədən belə üstündür.
İmam Kazimdən (ə) nəql olunur ki, bir gün o həzrət Kəbənin müqabilində dayanıb, Kəbəyə xitabən buyurdu: مَا أَعْظَمَ حَقَّكِ [یا كَعْبَةُ] وَ اللَّهِ إِنَّ حَقَّ الْمُؤْمِنِ لَأَعْظَمُ مِنْ حَقِّك “Ey Kəbə, sənin haqqın nə qədər də böyükdür! Amma Allaha and olsun ki, möminin haqqı sənin haqqından daha böyükdür.” (“Əl-fiqhul-mənsub ill-imamir-Riza (ə)”, səh.335.) Qurani-Kərimin “Nisa” surəsinin 148-ci ayəsində də buyurulur: لا یحِبُّ اللَّهُ الْجَهْرَ بِالسُّوءِ مِنَ الْقَوْلِ إِلاَّ مَنْ ظُلِمَ وَ کانَ اللَّهُ سَمیعاً عَلیماً “Allah zülmə məruz qalmış şəxs istisna olmaqla (qeybət etmək, böhtan demək, pisləmək, söyüş vermək, söz gəzdirmək və qarğış etmək kimi) pis sözlərin aşkar və ucadan deyilməsini sevmir. Allah həmişə eşidən və biləndir.” Zeyd ibn Şəham deyir ki, imam Sadiq (ə) mənə buyurdu: “Mənim salamımı sözlərimə əməl edən və mənə itaət edənlərə çatdır.” Sonra o həzrət bir neçə tövsiyə edərək buyurdu: “Siz şiələrdən hər biriniz təqvalı, sözündə sadiq və əmanətdar olarsa, camaatla yaxş davranarsa, o zaman deyəcəklər ki, bu şəxs Cəfər ibn Muhəmmədin (imam Sadiqin) (ə) şiələrindən və onun məktəbində tərbiyə alanlardandır. Bu isə mənim sevincimə səbəb olacaqdır. Yox, əgər təqvalı, əmanətdar və sözündə sadiq olmasa, camaatla yaxşı davranmasa, bu kimi nalayiq əməllər mənə nisbət veriləcək və deyəcəklər ki, onlar Cəfəri məktəbində tərbiyə almış insanlardır.” (“Əl-kafi”, Şeyx Kuleyni, 4-cü cild, səh.681, “Darul-hədis” çapı.) Bu hədisdəki bir neçə incəlik diqqəti cəlb edir: 1. Təqvalı olmaq, əmanətdarlıq, sadiqlik və gözəl rəftar imamların xüsusiyyətlərindəndir. Necə ki, Peyğəmbəri-Əkrəmin (s) əxlaqi gözəlliklərin kamilləşməsini peyğəmbərliyə göndərilməsinin səbəbi kimi qeyd edir. (“Nəhcül-fəsahə”, Əbülqasim Payəndə, səh.345.) İmam Sadiq (ə) də o həzrətin yolunun davamçısı olduğundan öz tərəfdarlarını əxlaqi gözəlliklərə dəvət edir. 2. Əxlaqi gözəlliklərə riayət etmək imam Sadiqin (ə) qəlbini sevindirdiyi kimi, təqvasızlıq, əmanətə xəyanət, yalan danışmaq, söyüş vermək və pis söz demək də özgələrin nəzərində şiə məktəbinin alçalması, gözdən düşməsi və o həzrətin narahtlığına səbəb olur. Hətta Qurani-Kərimin “Ənam” surəsinin 108-ci ayəsində Allahdan qeyrisinə tapınanlara, müşriklərin bütləri və məbudlarına söyüş vermək belə qadağan olunur və ayədə buyurulur: وَلاَ تَسُبُّواْ الَّذِينَ يَدْعُونَ مِن دُونِ اللّهِ فَيَسُبُّواْ اللّهَ عَدْوًا بِغَيْرِ عِلْمٍ كَذَلِكَ زَيَّنَّا لِكُلِّ أُمَّةٍ عَمَلَهُمْ ثُمَّ إِلَى رَبِّهِم مَّرْجِعُهُمْ فَيُنَبِّئُهُم بِمَا كَانُواْ يَعْمَلُونَ “Allahdan qeyrisini çağıranları (onların məbudlarını) söyməyin. Onlar da cəhalət və düşmənçilik üzündən Allahı söyərlər. Biz bu sayaq hər bir ümmətə əməlini açıqladıq. Sonra onların dönüş yeri Rəbbinə doğrudur. Allah onlara etdiklərini xəbər verər (onların rəftar və əməllərinə uyğun mükafat və cəza verər).” İslam dini söyüş və pis danışığın müqabilində möhkəm dayanır və bu zəmində nəql olunan rəvayətlər, doğrudan da, diqqəti cəlb edir, ilahi övliyalarin kəlamlarında qəribə ibarələr işlədilir. Misal üçün, Peyğəmbəri-Əkrəm (s) buyurur: إِيَّاكُمْ وَ الْفُحْشَ فَإِنَّ اللَّهَ عَزَّوَجَلَّ لَا يُحِبُّ الْفَاحِشَ الْمُتَفَحِّشَ “Söyüşdən çəkinin ki, böyük Allah söyüşcül insanı sevmir.” (“Biharul-ənvar”, 76-cı cild, səh.110.) Başqa bir rəvayətdə “أَلَا و َإِنَّ اللَّهَ يُبْغِضُ الْفَاحِشَ الْبَذِيَّ” (Agah olun, Allah söyüşcül və pis söz deyən insanı Özünə düşmən bilir!) – deyə buyurur. (“Biharul-ənvar”, 93-cü cild, səh.156.) مَنْ فَحُشَ عَلَی أَخِيهِ الْمُسْلِمِ نَزَعَ اللَّهُ مِنْهُ بَرَكَةَ رِزْقِهِ وَ وَكَلَهُ إِلَی نَفْسِهِ... Növbəti bir hədisdə belə buyurur: “Allah-Taala müsəlman qardaşını söyən insanın ruzisinin bərəkətini aradan qaldırar, onu özbaşına buraxar...” (“Əl-kafi”, 2-ci cild, səh.326.) İmam Əli (ə) Siffeyn döyüşündə öz döyüşçülərinə tövsiyə edirdi ki, Müaviyənin ardıcıllarını söyməsinlər, əksinə onların simasını açıqlasınlar ki, bu, söyüşdən də pisdir. (“Nəhcül-bəlağə”, qısa kəlamlar 206.) Söyüşcül insanın axirət cəzasına gəldikdə isə, buna Peyğəmbəri-Əkrəmin (s) bu kəlamı kifayətdir ki, o həzrət buyurur : اِنَّ اللَّهَ حَرَّمَ الْجَنَّةَ عَلَی کُلِّ فَحَّاشٍ بَذِیٍّ قَلِیلِ الْحَیَاءِ لَا یُبَالِی مَا قَالَ “Allah-Taala cənnəti söyüşcül, pis söz deyən və danışığına laqeyd yanaşan həyasız insanlara haram etmişdir.” (“Əl-kafi”, Şeyx Kuleyni, 4-cü cild, səh.8, “Darul-hədis” çapı.) (Maide.az) Oxşar xəbərlər
|