Vəhy katibləri (Vəhyi yazanlar)
Mьəllif: admin1
Tarix: 30-11-2022, 16:46
Vəhy katibləri (Vəhyi yazanlar)
İslam Peyğəmbəri (s) zahirən oxumaq-yazmaq bilmirdi. Qəbiləsi arasında savadlı kimi tanınmırdı. Çünki onun əsla bir şey yazıb-oxuduğunu görməmişdilər. Buna görə də onu “ummi” adlandırırdılar.

“O kəslər ki, əllərindəki Tövratda və İncildə (adını, vəsfini və əlamətlərini) yazılmış gördükləri ummi (heç kəsin yanında oxuyub elm öyrənməmiş) peyğəmbərə tabe olurlar...

Buna görə də Allah, eləcə də Onun Allaha və Allahın sözlərinə (ayələrinə, nazil etdiyi kitablara) inanan və ümmi peyğəmbər olan Rəsuluna iman gətirin və ona tabe olun ki, doğru yolu tapa biləsiniz!" (“Əraf”, 157-158).

“Ummi” sözü “umm” (ana) sözünə mənsubluğu ifadə edir və anadan olduğu gündən savadsız olduğu kimi hələ də savadsız olan şəxsə deyilir. “Ummi” sözünü başqa cür izah edənlər də var. Bəzilərinə görə, məqsəd “Umm əl-qura”ya (Məkkə şəhərinə) aid olan, yəni Məkkədə doğulandır.

Quranda bu sözün digər formaları da mövcüddur. “(Əksəriyyəti yazıb-oxumaq bilməyən) ummi ərəblərə özlərindən peyğəmbər göndərən Odur” (“Cümə”, 2).

Bəlkə də məqsəd Məkkəyə mənsub olanlardır. Lakin birinci versiyaya daha çox üstünlük verilir və bu, digər ayələrə də uyğundur.

“Onların (yəhudilərdən) bəziləri də ummidirlər (bisavatdırlar), kitabı (Tövratı) bilməzlər” (“Bəqərə”, 78).

Sözügedən ayədə “kitabı bilməzlər” cümləsi “ummidirlər” sözünü izah edir. Onların savadlı olan əhli-kitabla qarşılaşdırılmasından da aydın olur ki, məqsəd yazıb-oxumaq bilməyənlərdir.

Peyğəmbərdən (s) nəql olunan hədisdə deyilir: “Biz, yazmaq və hesab bilməyən savadsız ümmətik” (“Təfsir əl-Kəbir”, c. 15, səh 23).

Bu hədis də öz növbəsində birinci versiyanı təsdiq edir.

Quranın ecazkalığı ilə uyğun gələn oxumaq və yazmaq bilməmək yox, oxumaq və yazmaqdır. “(Ya Peyğəmbər!) Sən bundan (bu Qur’andan) əvvəl nə bir kitab oxumusan, nə də onu əlinlə yazmısan.

Əgər belə olsaydı, onda batilə uyanlar (onun barəsində) şəkk-şübhəyə düşərdilər (Onu hardansa oxuyub öyrənmişdir, deyərdilər)” (“Ənkəbut”, 48).

Ayə göstərir ki, Peyğəmbər (s) yazmır və oxumurdu. Yazıb-oxuya bilməməsinə isə dəlalət etmir. Bu, qərəzli müxalifləri susdurmaq üçün kifayətdir. Çünki onlar Peyğəmbəri (s) savadlı hesab etmirdilər. Buna görə də etiraz yolu üzlərinə bağlı idi.

Şeyx Əbu Cəfər Tusi sözügedən ayəni izah edərkən yazır: “Təfsirçilər (ayəyə istinadən) Peyğəmbərin (s) yaza bilmədiyini söyləmişlər. Lakin ayə buna dəlalət etmir. Ayədə yalnız oxumadığı və yazmadığı bildirilir.

Bir çox hallarda bəzi şəxslər yazmağı bacarırlar, lakin (müəyyən məsləhətlərə görə) yazmırlar. Zahirdə elə görünür ki, savadsızdırlar. Demək, ayənin məzmunu belədir:

“Peyğəmbər (s) yazmayıb və oxumayıb. Yazmaq onun şakəri deyildi” (“Ət-Tibyan”, c. 8, səh. 193). Əllamə Təbatəbai yazır: “Ayə, yazmaq və oxumaq şakərini inkar edir. Bu, (ayədəki) əsaslanmağa daha uyğundur” (“Əl-Mizan”, c. 16, səh. 145).

Bundan başqa, savad kamillik, yetkinlik, savadsızlıq isə nöqsan və eyibdir. Peyğəmbərin (s) bütün yetkinlik xüsusiyyətləri Allahın xas mərhəməti, inayəti vasitəsi ilə olduğu və heç bir müəllimdən dərs almadığı üçün (İlahi bilik – elmi-lədunni) bu kamaldan məhrum ola bilməz.

Savadını üzə çıxarmaması bəhanəyə səbəb, etiraz və şəkk-şübhəyə yer qoymamaq məqsədi daşıyır. Məhz bu səbəbdən Peyğəmbərin (s) müxtəlif yazı işlərini, o cümlədən vəhyi yazmaq üçün katiblərə ehtiyacı var idi.

Buna görə də istər Məkkədə, istərsə də Mədinədə yazmaq üçün ən savadlı qələm sahiblərini seçdi. Məkkədə onun (s) yazı işlərini, xüsusilə vəhyi yazmağı ilk üzərinə götürən Əli ibn Əbu Talib (ə) oldu.

O, bu işi Peyğəmbərin (s) həyatının son günlərinə qədər davam etdirdi. Peyğəmbər (s) də Əlinin (ə) nazil olanları yazmasında, Quranın, səmavi vəhyin bir ayəsinin belə Əlidən (ə) uzaq qalmamasında israrlı idi.

Tabeilərdən olan Süleym ibn Qeys Hilali deyir: Küfə məscidində Əlinin (ə) yanında idim. Camaat onun ətrafına toplaşmışdı. Həzrət (ə) buyurdu: “Sizin aranızda olduğum müddətdə suallarınızı məndən əsirgəməyin. Məndən Allahın kitabı barəsində soruşun. And olsun Allaha, Peyğəmbərə (s) nazil olan hər bir ayənin təfsir və “təvil”ini mənə öyrədirdi”.

İbn əl-Həvva kimi şöhrət qazanmış Abdullah ibn Ömər ondan (ə) soruşdu: “Siz olmayanda nazil olanları necə?” Əli (ə) buyurdu: “Peyğəmbərin (s) yanına getdikdə deyirdi: “Sən yox ikən bir neçə ayə nazil oldu”. Sonra ayələri mənə oxuyurdu və “təvil”ini öyrədirdi” (“Əs-Səqifə”, səh. 213-214).

Mədinədə vəhyi yazmaq işini ilk üzərinə götürən Ubəyy ibn Kəb əl-Ənsari idi. O, hələ cahiliyyət dönəmində yazmağı bacarırdı. Məhəmməd ibn Səd yazır: “Ərəblər arasında yazmaq (bacaran) çox az idi. Ubəyy ibn Kəb o zaman yazmağı öyrənənlərdən biri idi (“Təbəqati-İbn Səd”, səh. 59).

İbn Əbd əl-Birr yazır: “Ubəyy ibn Kəb Mədinədə yazmağı üzərinə götürən ilk şəxs idi. O, məktubların altında adla imza edən ilk şəxs olmuşdur (Bax: “əl-İsabə”, c. 1, səh. 19).

Ubəyy ibn Kəb Peyğəmbərin (s) Quranı tam olaraq göstərdiyi şəxsdir. O, Quranın son təqdimatında iştirak etmişdir. Buna görə də Osman dönəmində “müshəf”ləri eyniləşdirərkən bu işi həyata keçirən heyətin rəhbərliyi ona tapşırıldı və fikir ayrılığı yarandığı zaman Ubəyy problemi həll edirdi (Bax: “Ət-Təmhid”, c. 1, səh. 348).

Zeyd ibn Sabitin Mədinədə Peyğəmbərin (s) qonşuluğunda evi var idi. O, yazmağı bacarırdı. Əvvəllər Peyğəmbərin (s) yazmağa ehtiyacı olduqda və Ubəyy ibn Kəb olmadıqda Zeydi çağırtırırdı. Get-gedə onun katibliyi də rəsmiləşirdi.

Belə ki, Peyğəmbərin (s) göstərişi ilə ibrani dilində yazılmış (qədim yəhudi dili) məktublatı oxumaq, tərcümə edib cavab vermək üçün bu dili də öyrəndi.

Zeyd ibn Sabit digər səhabələrə nisbətdə yazmaq üçün daha çox Peyğəmbəri (s) müşayiət edir və daha çox məktub yazırdı. (Bax: “Əsəd əl-ğabə fi mərifə əs-səhabə“, c. 1, səh. 50; “əl-İstiab”, c. 1, səh. 50; “Məsahifi-Səcistani”, səh. 3; “Təbəqati-İbn Səd”, səh. 115).

Deməli, ən ümdə vəhy katibləri Əli (ə), Ubəyy ibn Kəb və Zeyd ibn Sabit idi. Digərləri isə ikinci dərəcəli katiblər idi.

İbn Əsir yazır: “Yazı zamanı daim orada olanlardan biri də Abdullah ibn Ərqəm idi. O, Peyğəmbərin (s) məktublarının yazılmasını üzərinə götürmüşdü. Saziş və sülh müqavilələrini isə Əli ibn Əbu Talib (ə) yazırdı”.

O, yazır: “Peyğəmbərə (s) bəzən katiblik edən digər vəhy katibləri aşağıdakılardır: Üç xəlifə, Zübeyr ibn Əvam, Səid ibn əl-Asın Xalid və Əban adlı iki oğlu, Hənzələ Usəydi, Əla ibn Həzrəmi, Xalid ibn Vəlid, Abdullah ibn Rəvahə, Məhəmməd ibn Muslimə, Abdullah ibn Əbu Səlul, Muğəyrə ibn Şubə, Əmr ibn əl-As, Muaviyə ibn Əbu Süfyan, Cəhm (yaxud Cuhəym ) İbn Səlt, Muəyqəb ibn Əbu Fatimə, Şərhəbil ibn Həsənə.

Qüreyşdən Peyğəmbər (s) üçün yazı yazan ilk şəxs Abdullah ibn Səd ibn Əbu Sərh olmuşdur. Sonralar o mürtəd oldu və Məkkəyə qayıtdı. “Allaha iftira yaxan, özünə heç bir vəhy olunmadığı halda: "Mənə də vəhy olunmuşdur, mən də Allahın nazil etdiyi (Qur’an) kimi bir kitab endirəcəyəm", - deyən şəxsdən daha zalım kim ola bilər?” (“Ənam”, 93) ayəsi onun haqqında nazil olmuşdur (“Əsəd əl-Ğabə”, c. 1, səh. 50).

Çox güman ki, adları çəkilən şəxslər o dövrün ərəbləri arasında oxumaq-yazmaq bilən, savadlı insanlar olmuşlar və bəzən zərurət məqamında Peyğəmbər (s) onlardan yazmaq üçün istifadə etmişdir. Lakin rəsmi vəhy katibləri isə yuxarıda adı keçən üç nəfər və İbn Ərqəm idi.

İbn Əbu əl-Hədid yazır: “Tədqiqatçı və tarixçilər yazırlar ki, vəhy katibləri Əli (ə), Zeyd ibn Sabit və Zeyd ibn Ərqəm olmuşlar. Hənzələ ibn Rəbi Təmimi və Muaviyə isə Peyğəmbərin (s) başçılara məktubunu, camaatın ehtiyacı olan yazıları, eləcə də əmlak və sədəqə siyahılarını yazırdılar (“Şərhi-Nəhc əl-bəlağə”, c. 1, səh. 388). Abdullah Zəncani vəhy katiblərinin sayının qırx olduğunu yazmışdır (“Tarix əl-Quran”, səh. 20 -21). Çox Güman ki, zəruri hallarda onlardan istifadə olunurmuş.

Bulazəri “Futuh əl-Buldan” kitabının sonunda Vaqididən nəql edir: “İslamın aşkarlanmağa başladığı erkən çağlarda Qüreyşin arasında on yeddi nəfər yazmağı bacaran var idi.

Bunlar aşağıdakılardır: Əli ibn Əbu Talib (ə), Ömər ibn Xəttab, Osman ibn Əffan, Əbu Ubeydə ibn Cərrah, Təlhə ibn Übeydullah, Yəzid ibn Əbu Süfyan, Əbu Hüzeyfə ibn Ətəbə ibn Rəbiə, Hatib ibn Əmir (Süheym ibn Əmr Amirinin qardaşı), Əbu Sələmə ibn Əbd əl-Əsəd Məxzumi, Əban ibn Səid ibn əl-As ibn Üməyyə və qardaşı Xalid ibn Səid, Abdullah ibn Səd ibn Əbu Sərh, Huvəytəb ibn Əbd əl-Uzza, Əbu Süfyan ibn Hərb, Müaviyə ibn Əbu Süfyan, Cühəym ibn Səlt və qüreyşlilərlə qohum olan Əla ibn Həzrəmi.

İslamın erkən çağlarında yazmağı bacaran qadınlardan Ümmü-Gülsüm bint Əqəbə, Kərimə bint Miqdad və Şəfa bint Abdullahın adlarını çəkmək olar.

Mədinədə isə Səd ibn İbadə, Munzir ibn Əmr, Ubəyy ibn Kəb, Zeyd ibn Sabit ərəb və ibrani dillərində yaza bilirdilər. Bundan başqa, Rafe ibn Malik, Useyd ibn Huzeyr, Mən ibn Ədiyy, Bəşir ibn Səd, Səd ibn Rəbi, Əvs ibn Xuvəlli, Abdullah ibn Ubəyy də yazmağı bacarırdı” (“Futuh əl-Buldan”, səh. 457-460).

O dövrdə üzərinə yazmaq mümkün olan hər bir şeyə yazırdılar. Əsasən yazmaq üçün istifadə olunanlar aşağıdakılar idi:

1. ”Usub” (“Əsib” sözünün cəmi) Xurma ağacının budağı. Xurma ağacının budaqlarının yarpaqlarını ayırır və onun ortasının enli hissəsinə yazırdılar.

2. “Lixaf” (“Ləxfə” sözünün cəmi) Nazik və ağ daşlar;

3. “Riqa” (“Ruqə” sözünün cəmi) Dəri, yarpaq və kağız parçaları;

4. “Udum” (“Ədim” sözünün cəmi) Yazmaq üçün hazırlanmış dəri.

Ayələr yazıldıqdan sonra Peyğəmbərin (s) yanında, onun evində saxlanılırdı. Bəzi səhabələr bir və ya bir neçə sürə istədikdə üzünü köçürür, yarpaq və ya kağız parçalarına yazır özlərində saxlayırdılar. Bir çox hallarda isə parça məhfəzlərdə divardan asırdılar (Bax: “ət-Təmhid”, c. 1, səh. 288).

Ayələr hər bir surədə ardıcıllıqla münəzzəm şəkildə qeyd olunurdu. Hər sürə “Bismillah”la başlayır, yeni “Bismillah”la bitdiyi bildirilirdi. Beləcə surələrin hər biri digərindən, müstəqil şəkildə yazılırdı. Peyğəmbər (s) dönəmində surələrin hansısa ardıcıllıqla tənzimlənmədi.

Əllamə Təbatəbai yazır: “Quran Peyğəmbər (s) dönəmində hazırki şəkildə tənzimlənməmişdi. O dövrdə surələr pərakəndə şəkildə, ayələr onun-bunun əlində dağınıq şəkildə mövcud idi” (“əl-Mizan”, c. 3, səh. 78-79).

Ayətullah Mərifət
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031