Nəsuh tövbəsinin 12 çaları
Müqəddəs Kitabımızın "Təhrim" surəsində buyurulur: "Ey iman gətirənlər, Allaha xalis bir tövbə edin, ümid olunur ki, Rəbbiniz sizin günahlarınızı örtsün və sizi (evlərinin və ağaclarının) altından çaylar axan cənnətlərə və bağlara daxil etsin. Elə bir gündə Allah, Peyğəmbəri və onunla birgə (Allaha) iman gətirənləri xar etməz. Onların nuru (dirilmək məkanı olan) qəbirdən (haqq-hesab mərkəzinə qədər) önlərində və sağ tərəflərində hərəkət etməkdədir. Deyərlər: «Ey Rəbbimiz, bizim nurumuzu tamam-kamal et və bizi bağışla. Sən hər şeyə qadirsən!»".
Mübarək ayədə işarə edilən nöqtələrə diqqət edək: 1. Möminlər tövbəni doğuran amillərdən sığortalanmayıb. 2. Tövbə elə-belə tövbə deyil, xalis, nəsuh tövbəsi olmalıdır. 3. Tövbə Allah dərgahında olmalıdır. 4. Tövbə namaz və oruc kimi, möminlərin üzərində mükəlləfiyyət mövzusudur. 5. Tövbə yalnız dildə olmalı deyil. O, içdən gəlməli və həqiqətən Allaha tərəf yönəlməlidir. 6. Xətanı anladığımız an dərhal Allaha tərəf yönələrək, tövbə etməliyik. 7. Nəsuh tövbəsi budur ki, insan tövbə edə və bir daha o günaha doğru geri dönməyə. Bu haqda da İmam Sadiq (ə) və İmam Hadidən (ə) hədislər var ki, müsəlmanın batini zahirinə müvafiq, uyğun olmalıdır, hətta batin gözəllikdə zahiri üstələmədir. 8. İnsan öz durumundan narazı olaraq etdiyi tövbə, Allahın razılığı üçün olan tövbə kimi qəbul olunur. 9. Tövbə bəndə ilə Allah arasında olan əməldir. 10. Tövbə baş veribsə, bu, həm insanın ozünü və həm ətrafını hərəkətə gətirər. 11. Həqiqi tövbə möminin dağılmış halını, cəhətlərini, müsbət xüsusiyyətlərini bərpa edər, onları gücləndirər. 12. Tövbə gələr və günahın təsirini aradan aparar. Günah insana həm fiziki, həm mənəvi, həm də psixoloji təsirlər qoyar. Tövbə bunları da aradan aparar. Allahın, bizlərə dünyanın batinini dərk edib, dünyada aqibətimiz üçün çalışmağı nəsib et! Allahın, bizləri qəflətdən oyananlardan qərar ver! Allahım, bizləri dünyanın zahirinə aldananlardan qərar vermə! Amin! İlahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu, Oxşar xəbərlər
|