Möminlərə qarşı mehriban, kafirlərə qarşı isə sərt olanlar
Allah-Taala Qurani-Kərimin “Maidə” surəsinin 54-cü ayəsində buyurur:
يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ مَن يَرْتَدَّ مِنكُمْ عَن دِينِهِ فَسَوْفَ يَأْتِي اللّهُ بِقَوْمٍ يُحِبُّهُمْ وَيُحِبُّونَهُ أَذِلَّةٍ عَلَى الْمُؤْمِنِينَ أَعِزَّةٍ عَلَى الْكَافِرِينَ يُجَاهِدُونَ فِي سَبِيلِ اللّهِ وَلاَ يَخَافُونَ لَوْمَةَ لآئِمٍ ذَلِكَ فَضْلُ اللّهِ يُؤْتِيهِ مَن يَشَاء وَاللّهُ وَاسِعٌ عَلِيمٌ “Ey iman gətirənlər! Sizlərdən hər kəs öz dinindən dönsə, (Allaha zərər yetirməz, çünki) Allah (onun yerinə) gələcəkdə elə bir qövm gətirər ki, (Allah) onları sevir, onlar da Allahı sevirlər. Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar, Allah yolunda cihad edər, heç bir məzəmmətçinin məzəmmətindən çəkinməzlər. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah genişlik bəxş edən və çox biləndir.” Şiə və sünni rəvayətlərində deyilir ki, İslam Peyğəmbəri (s) Xeybər döyüşündə düşmən qülləsini fəth edə bilməyən komandanlara buyurdu: “And olsun Allaha, sabah bayrağı elə bir şəxsin əlinə verəcəyəm ki, Allah və Rəsulu onu sevir, o da Allahı və Rəsulunu! O, qələbəni töhfə gətirər.” Bundan sonra Həzrət (s) bayrağı İmam Əliyə (ə) verdi.” (“İhqaqul-həqq”, c.3, səh.200.) İmam Baqir (ə) “Allah onları sevir, onlar da Allahı sevirlər” təbiri haqqında buyurmuşdur: “Burada Əli (ə) və onun şiələri nəzərdə tutulur.” (“Təfsiri-Furat Kufi”, səh.123.) Bildirişlər 1. Mömin öz aqibəti barədə düşünməlidir. Bir çox möminlər nəhayətdə dindən çıxdı, mürtəd oldu. 2. Düşüncəli rəhbər öz ardıcıllarının dindən çıxıb mürtəd olmasını ehtimal etməlidir. 3. Bir qrup möminin dindən çıxması Allahın yoluna zərbə vurmur. 4. Mürtədlik din və Allaha mərifət və məhəbbətin olmamasının nəticəsidir. 5. Allahın bizim imanımıza ehtiyacı yoxdur. 6. İman və cahil adətlərin aradan götürülməsi yolunda düşmənin məzəmmətlərindən, mənfi təbliğatından qorxmamalıyıq. Düşmənin yaratdığı mühitə təslimçilik yolverilməzdir. 7. Müsəlman din qardaşları ilə mülayim, düşmənlərlə sərt olur. Nə mülayimlik, nə də sərtlik mütləq halda deyil. 8. İlahi fəzl yalnız var-dövlət və məqam deyil. İlahi məhəbbət, Onun yolunda cihad, dində qətilik ilahi lütf və fəzl nümunələridir. 9. Bəndə ilə Allah arasında qarşılıqlı dostluq bəşər kamilliklərindəndir. 10. Başqalarının gəlişi müjdəsi ilə ümidsizlik və qorxunun qarşısı alınır. 11. Həqiqi mömin Allahın həm aşiqi, həm də məhbubudur. 12. Həqiqi imanı olan kəs heç vaxt kafirlər qarşısında əskiklik hiss etmir. 13. İlahi məhəbbətdən məhrum qəlb xəstədir və kafirlərə bağlıdır. İlahi məhəbbətlə dolu könül isə, heç vaxt başqalarına bağlanmır. 14. İslam genişlənməkdədir. Yalnız enişlərə yox, yüksəlişlərə də baxaq. 15. Gələcəkdə İslam bayrağını Allah aşiqi, mücahid və qəti insanlar ələ alacaq. 16. Psixoloji müharibələrin möminlərə heç bir təsiri yoxdur. 17. Allahın fəzli məhdud deyil. Hər kəsə ləyaqəti qədərincə əta olunur. 18. Əgər Allah bir şəxsə lütf etdisə, bu iş agah surətdədir. (“Təfsiri-nur”, Ustad Möhsin Qəraəti, 3-cü cild, “Maidə” surəsi, 54-cü ayənin təfsiri.) (Maide.az) Oxşar xəbərlər
|