Bir niyyətlə hamını şərik edək!
Mьəllif: admin1
Tarix: 13-12-2019, 11:01
Bir niyyətlə hamını şərik edək!
İslam rəvayətlərində təkidlə vurğulanan əsas məsələlərdən biri də Allah-Taaladan ölənlər üçün məğfirət diləmək, onların bağışlanmasını istəmək, yaxşı işlərimizlə onları yad etmək, sədəqə və xeyir işlərimizin savabını onlara hədiyyə etməkdir. Bu qısa yazıda bu mühüm mövzu ilə bağlı iki mətləbə toxunmağı zəruri hesab edirik:

Birinci mətləb:

Görəsən, dünyadan köçənlərimiz üçün göndərdiyimiz xeyir işlərin savabında niyyətimizi genişləndirib, bir işin savabını bir neçə nəfərə hədiyyə edə bilərikmi? Yoxsa, bir işin savabını yalnız bir nəfərə göndərmək olar?

Xeyir işlərdə cəm niyyət İslam dininin təsdiq etdiyi işlərdəndir. Bir nəfər İmam Kazimin (ə) hüzuruna gəlib dedi: “Mən Məkkəyə getmək istəyərkən, bir nəfər mənə dedi ki, mənim tərəfimdən bir təvaf edərsən və iki rükət də namaz qılarsan. Mən isə bunu unutdum.”

Həzrət buyurdu: “Haçan Məkkəyə getdinsə, bir təvaf et, iki rükət namaz qıl və sonda belə de: İlahi, bu təvaf və namazı özüm, əhli-əyalım, valideynlərim, qohum-əqrəbam və bütün həmyerlilərim üçün qərar ver!” (“Əl-kafi”, c.4, səh.316.)

Ravi deyir ki, İmam Rzadan (ə): “Öz həccimin savabına bir neçə nəfəri şərik edə bilərəmmi?” – deyə soruşduqda, Həzrət buyurdu: “Neçə nəfəri istəsən, şərik edə bilərsən.” (“Əl-kafi”, c.4, səh.317.)

Rəvayətlərdən məlum olur ki, belə əməl edən şəxsə Allah-Taala iki savab əta edir:

1. Yerinə yetirdiyi əməlin savabını;

2. Sileyi-rəhm etdiyi (qohum-əqrəbasını xatırladığı) üçün.

Allah-Taala xeyir əməldə şərik edilən şəxslərın hamısına həmin əməlin savabını kimsənin savabı azalmadan əta edir.

Həqiqətdə, bu xeyir işlər bu dünyadan köçənlərə bir xidmətdir və onları yad etməyin də xüsusi təsir və bərəkətləri vardır. Qeyd etməliyik ki, bu sayaq əməllər və cəm şəkildə yerinə yetirilən işlər, bir növ mənəvi kökə söykənir.

Misal üçün, camaat namazı, cəm şəkildə dua etmək və bu kimi əməllər həm ümumi, həm də mənəvi mənfəətə malikdir. Qurani-Kərimdə dualar, adətən, cəm şəkildə zikr olunur. Misal üçün:

رَبَّنا آتِنا فِی الدُّنْیا حَسَنَهً وَ فِی الْآخِرَه حَسَنَه وَ قِنا عَذابَ النَّارِ

“Rəbbimiz, bizə dünyada da yaxşılıq əta et, axirətdə də yaxşılıq əta et, bizi Cəhənnəm əzabından qoru!” (“Bəqərə” / 201.)

رَبَّنا وَ اجْعَلْنا مُسْلِمَیْنِ لَکَ وَ مِنْ ذُرِّیَّتِنا أُمَّهً مُسْلِمَهً لَکَ

“Ey Rəbbimiz, bizi Özünə təslim et, övladlarımızdan da Sənə təslim olan ümmət qərar ver!...” (“Bəqərə” / 128.)

رَبَّنا لا تُزِغْ قُلُوبَنا بَعْدَ إِذْ هَدَیْتَنا وَ هَبْ لَنا مِنْ لَدُنْکَ رَحْمَه

“Ey Rəbbimiz, bizi doğru yola yönəltdikdən sonra qəlblərimizi azdırma və bizə Öz tərəfindən bir rəhmət bəxş et!...” (“Ali-İmran” / 8.)

Peyğəmbəri-Əkrəmdən (s) belə nəql olunur:

لا تنسوا موتاکم فی قبورهم و موتاکم یرجون إحسانکم و موتاکم محبوسون یرغبون فی أعمالکم البرّ و هم لا یقدرون، اهدوا إلی موتاکم الصّدقة و الدّعاء

“Qəbirlərdəki ölənlərinizi unutmayın. Ölənləriniz sizin ehsan və yaxşılıqlarınıza ümid bəsləyirlər. Onlar həbsdədirlər və sizin xeyir işlərinizə meyillidirlər. Onlar bir iş görmək gücündə deyillər. Ölənlərinizə sədəqə və dua hədiyyə edin.” (“Ənvarul-hidayə”, səh.115, “Əl-hukmuz-zahirə” kitabından nəqlən, Ənsarinin tərcüməsi, səh.232.)

İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə belə buyurulur: “Diri insan, ona bir şey hədiyyə olunduqda sevindiyi kimi, ölən insan da, ona rəhmət və məğfirət diləndikdə sevinir.” (“Əl-hukmuz-zahirə” kitabından nəqlən, Ənsarinin tərcüməsi, səh.233.)

Bir sözlə, dini mətnlərimizdə dünyadan köçmüş yaxınlar tərəfindən xeyir işlər görmək tövsiyə olunur və bu iş onların sevincinə səbəb olur. Hətta bəzi hədislərdə buyurulur ki, ata və anası öldükdən sonra onları xatırlamayan, onlara ehsan və xeyir işlər göndərməyən övlad, aqvalideyn hesab oluna bilər. (“Əl-kafi”, c.2, səh.163.)

Beləliklə, qeyd edilən ayə və rəvayətlərdə cəmdən – möminlər, möminələr, mömin və möminə ölülərdən söz açılır.

İkinci mətləb: Ölənlərə göndərilən xeyir işlər və savablar içərisində bir yoxsulu doyurmağın və ona yardım etməyin savabı çoxdur, yoxsa Quran oxumağın (və ya oxutdurmağın)?

Öncə qeyd etməliyik ki, yoxsula yardımla Quran oxumağı eyni zamanda görmək mümkün bir işdir. Mömin insan yoxsula yardım etdiyi halda, Quran da tilavət edib, hər iki əməlin savabını öz ölənlərinə hədiyyə edə bilər.

Bununla belə, aşağıdakı mətləblər də diqqətdən yayınmamalıdır:

1. Ölüm təhlükəsi və ciddi bir problemlə üzləşən bir acı doyurmaq və bir yoxsula yardım etmək vacib, Quran oxumaq (və ya oxutdurmaq) isə müstəhəbdir.

2. Quran oxuyan mömin şəxs, əgər ac insanların yedizdirilməsi və yoxsullara yardım məsələsinə laqeyd yanaşırsa, həqiqətdə, Quranın tövsiyələrinə əməl etməmişdir və belə oxunuş da kamil savaba malik deyildir.

3. Dini mətnlərimizə əsasən, ac insanların yedizdirilməsi və onların çətinliklərinin həlli ən gözəl əməllər sırasındadır. İmam Sadiq (ə) buyurur:

مِنْ أَحَبِّ الْأَعْمَالِ إِلَى اللَّهِ عَزَّ وَ جَلَّ، إِدْخَالُ السُّرُورِ عَلَى الْمُؤْمِنِ، إِشْبَاعُ جَوْعَتِهِ، أَوْ تَنْفِيسُ كُرْبَتِهِ، أَوْ قَضَاءُ دَيْنِهِ

“Mömini sevindirmək – onun aclığını aradan qaldırmaq (onu yedizdirmək), çətinliyini həll etmək və borcunu ödəmək Allah-Taalanın dərgahında ən sevimli əməllərdəndir.” (“Əl-kafi”, c.2, səh.192.)

4. Bütün bunlara rəğmən, hər iki əməli cəm etmək, eyni zamanda yerinə yetirmək mümkündür və hətta əgər həmin yoxsul şəxs Quran oxumağı bacarırsa, ona edilən yardım müqabilində Quran oxuyub onun savabını öz ölənlərinizə (yardım edən şəxsin ölənlərinə) hədiyyə etməyi də sayğı və ehtiramla xahiş etmək olar.

Maide.az
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031