Arzular neçə cür olur? Yaxşı arzular hansıdır?
İnsanın süqut etməsinə səbəb olan amillərdən biri də yersiz və uzun arzulardır. Bu mövzu o qədər mühümdür ki, hədislərimiz və Quran ayələri ondan çəkinməyi tövsiyə etmişdilər.
Əmirəl-möminin (ə) buyurur ki, insanlar üçün iki şeydən çox qorxuram. Çünki onların bədbəxtliyinə səbəb olar. Onların birincisi nəfsani istəklərə, xarici və batini şeytana tabe olmaqdır. Nəfsani istəklərə tabe olmaq səbəb olar ki, insan haqqı görməsin. Bəzi vaxtlarda bilərəkdən haqqı tapdalasın. O birisi isə arzu və istəklərdir ki, insanın axirəti unutmasına səbəb olar. İpəkqurdu kimi ətrafını bağlayar və ölər. O zaman qəflət yuxusundan ayılar ki, artıq bu ayıqlığın faydası olmaz. Qurani-Kərimdə buyurulur: “Onlardan qabaq bir çox insan cəmiyyətlərini məhv etdik. (Onlar əzab nazil olan zaman tövbə edib kömək diləyərək) fəryad qopardılar, amma həmin vaxt möhlət və fəryad vaxtı deyildi”. (“Sad” 3). Arzu və istəklər iki yerə bölünür. Bir dəstəsi yersiz və şeytani arzulardır. O birisi isə rəhmani arzulardır ki, insanı mənəvi cəhətdən hərəkətə gətirər və tərəqqi etdirər. Bu arzular – axirətə çatmaq arzularıdır. İnsanın bu dünyadakı hədəfi axirəti olar və bu dünyanı körpü kimi görər. Etdiyi arzular sayəsində Allah bəndəsi olar və abid olar. Bu rəhmani arzular onu Allaha yaxınlaşdırar. Əksinə, şeytani arzular insanı günaha tərəf sövq edər və yolundan azdırar. Çünki şeytan (lən) – insanı yolundan azdıracağına söz vermiş bir düşməndir. Şeytan (lən) Allaha xitab edərək deyir: “Dedi: «Belə isə, məni azdırdığına görə, mən də mütləq Sənin düz yolunun başında, onların pusqusunda oturacağam». «Sonra qarşılarından, arxalarından, sağ tərəflərindən və sol tərəflərindən onların yanına gələcə(k və onlara vəsvəsə edəcə)yəm və onların çoxunu şükür edən görməyəcəksən»”. (“Əraf” 16-17). Həzrət İmam Muhəmməd Baqir (ə) bu ayənin təfsiri barəsində buyurur: “Şeytanın sol tərəfdən gəlməsi o deməkdir ki, yəni günah yolu ilə irəli gələr. Günahda vəsvəsə etmək bais olar ki, insan günah etsin. Qarşıdan gələcəyini dedikdə, yəni axirəti yada salmağı qəflətə salacaqdır. Şeytan deyər: “Allahım! Sağ tərəfdən gələrəm”. İmam (ə) buyurur: “Bu sözün mənası odur ki, ibadət yolundan gələrəm”. Şeytanın (lən) təlqin etdiyi şeylərdən biri də budur ki, insana vəsvəsə edər ki, Qiyamət günü saleh əməl sənə lazım olmayacaqdır. Yəni, nə namaz, nə oruc, nə Allah zikri, nə vilayət... Ancaq bir arzu vardır ki, əgər onu etsən, behiştlik olacaqsan. Bu, ümiddir, yəni Allaha ümid bəsləməyindir. Nə qədər günah edirsənsə-et, Allah bu günahları bağışlayacaqdır. Amma bilməliyik ki, bu, ağılsızların ümididir. Yəni, insan şeytanın bu sözü ilə aldanır və günahlarının sayını çoxaldır. Belə düşünür ki, Allah onsuz da onu bağışlayacaqdır. Ona görə də, ey bəndə! Ehtiyatlı ol ki, şeytan (lən) səni arzu və istəklər vasitəsilə haqq yolundan azdırmasın. Əks halda ziyan görmüşlərdən olarsan. Allah Təala bizləri ziyan görməyənlərdən qərar versin! Deyerler.org Oxşar xəbərlər
|