Tövbə ilə pis əməllərin yaxşı əməllərə çevrilməsi nə deməkdir?
Qurani-Kərimin «Furqan» surəsinin 70-ci ayəsində oxuyuruq:
إِلَّا مَن تَابَ وَآمَنَ وَعَمِلَ عَمَلًا صَالِحًا فَأُوْلَئِكَ يُبَدِّلُ اللَّهُ سَيِّئَاتِهِمْ حَسَنَاتٍ وَكَانَ اللَّهُ غَفُورًا رَّحِيمًا «Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayandır, rəhm edəndir!» «Hud» surəsinin 114-cü ayəsində oxuyuruq: وَأَقِمِ الصَّلاَةَ طَرَفَيِ النَّهَارِ وَزُلَفًا مِّنَ اللَّيْلِ إِنَّ الْحَسَنَاتِ يُذْهِبْنَ السَّـيِّئَاتِ ذَلِكَ ذِكْرَى لِلذَّاكِرِينَ «Namazı gündüzün iki başında və gecənin bəzi saatlarında qıl. Həqiqətən, yaxşı əməllər pis işləri yuyub aparar. Bu, yada salıb xatırlayanlar üçün bir öyüddür.» «Təfsiri-nümunə» əsərində bu əvəzolmanın – pis işin yaxşı işə çevrilməsinin təfsiri haqqında belə qeyd olunur: 1. İnsan tövbə edib Allaha iman gətirdikdən sonra onun bütün vücudunda böyük bir təlatüm yaranır. Bu insan əvvəllər qatil olubsa, indi məzlumları müdafiə edir, əvvəllər zina edibsə, indi iffətini qoruyur. Bu daxili inqilab nəticəsində günahlar savaba çevrilir. 2. Allah-Taala lütfü, kərəmi, fəzli və mərhəməti ilə tövbə edən insanın pis işlərini məhv edib, onun yerini yaxşı işlərlə doldurur. Necə ki, Əbuzərdən Həzrət Peyğəmbərin (s) belə buyurduğu nəql olunur: «Qiyamət günü Allah-Taala bəzi insanlar haqqında əmr edər ki, bu bəndənin kiçik günahlarını üzə çıxarıb ona göstərin, böyük günahlarını isə örtün. Sonra isə ona deyin: «Sən fılan günü fılan kiçik günaha əl atdın.» Həmin bəndə kiçik günahlarını etiraf edəcək, amma böyük günahlarının qorxusu qəlbini titrədəcək. Bu an Allah istəsə lütf edib göstəriş verər ki, hər günahın yerinə bir savab verilsin. Bəndə ərz edər ki, Pərvərdigara, mən mühüm günahlarımı görmürəm.» Əbuzər nəql edir ki, Peyğəmbər (s) söhbətinin bu yerində təbəssüm edərək bu ayəni oxudu: فَأُوْلَئِكَ يُبَدِّلُ اللَّهُ سَيِّئَاتِهِمْ حَسَنَاتٍ «Allah onların pis əməllərini yaxşı əməllərə çevirər.» («Furqan», 70; «Nurus-səqələyn» c.4, səh.33.) 3. Savaba çevriləcək pis işlər dedikdə, bu pis işlərin özü yox, onların insanda qalmış təsirləri nəzərdə tutulur. Yəni insan tövbə etdiyi zaman, vaxtilə gördüyü pis işdən vücuduna düşmüş ləkə təmizlənəcəkdir. (“Təfsiri-nümunə”, c.15, səh.160; “Kumeyl duasının şərhi”, Ustad Hüseyn Ənsarian, səh.185-186.) Maide.Az Oxşar xəbərlər
|