İsa, Məsih, Kələmətullah… – insanları dirildən peyğəmbərin (ə) Quranda vəsfi
Quranda İsa adı 25 dəfə, Məsih adı isə 13 dəfə bəyan edilmişdir. Həzrət İsa (ə) beş peyğəmbərlərdən (ə) biridir ki, özü ilə səma kitabı gətirmişdir. Ulul-əzm peyğəmbərlərdən biridir.
Qurani-Kərimin nəql etdiyinə əsasən, Həzrət İsa (ə) – Allah bəndəsidir və Bəni-İsrayilə göndərilmiş peyğəmbər idi. O, İncil adında səma kitabına malik olmuşdur. Quran onu İsa, Məsih, Kələmətullah adlandırmışdır. Həzrət İsa (ə) imamət məqamına malik olmuş və İslam Peyğəmbərinin (s) barəsində müjdələr vermişdir. O, müqərrəbinlərdən idi. Harada olurdusa-olsun, insanlar üçün Allahın rəhməti olardı. O kəslərin zümrəsindən idi ki, Allah onlara salam vermişdir. O kəslərdən olmuşdur ki, Allah ona hikməti öyrətmişdir. Qurani-Kərim onun haqqında buyurur: “(Yada sal) o zaman(ı) ki, Allah dedi: «Ey Məryəm oğlu İsa, Mənim sənə və anana olan nemətimi xatırla, o zaman ki, səni Ruhul-Qudusla qüvvətləndirdim və sən camaatla beşikdə ikən (möcüzə yolu ilə) və orta yaşlarında (vəhy yolu ilə) danışırdın; o zaman ki, sənə kitab (öz kitabını və səmavi kitabları), şəriət hökmlərini, əqli elmləri, Tövratı və İncili öyrətdim; o zaman ki, Mənim (yaradılış) iznimlə gildən quş şəklinə bənzər (bir şey) düzəldir, sonra ona üfürürdün və o, Mənim iznim və iradəmlə quş olurdu; Mənim iznimlə anadangəlmə kora və cüzamlı xəstəyə şəfa verirdin; o zaman ki, Mənim iznimlə ölüləri (qəbirdən diri) çıxarırdın; o zaman ki, İsrail övladları üçün (peyğəmbərliyə dair) aydın dəlillər gətirdiyin vaxt, onların (şərinin sənə dəyməsinin) qarşısını aldım, beləliklə, onlardan kafir olanlar dedilər: «Bu (möcüzələr), aşkar cadudan başqa bir şey deyildir!». Həvarilərə (İsanın vəzirlərinə və xas səhabələrinə) «Mənə və Mənim peyğəmbərimə iman gətirin» deyə vəhy göndərən zaman, onlar «iman gətirdik, şahid ol ki, biz Sənin əmrinə təslim olanlarıq» dedilər. (Və yada sal) o zaman(ı) ki, həvarilər dedilər: «Ey Məryəm oğlu İsa, sənin Rəbbin bizə göydən «maidə» (tabaq, yaxud yeməklə dolu bir süfrə) göndərə bilərmi (zamanın məsləhəti bunu tələb edirmi)?». Dedi: «Əgər möminsinizsə, Allahdan qorxun». (Olmaya mənim peyğəmbərliyimdə şəkkiniz var və bu səbəbdən möcüzə istəyirsiniz?!). Dedilər: «İstəyirik ki, ondan yeyək və qəlblərimiz rahatlıq və sakitlik tapsın və (gözlə görüb yəqinlik əldə edərək) bilək ki, sən bizə doğru demisən və biz də buna şahidlərdən olaq». Məryəm oğlu İsa dedi: «İlahi, ey Rəbbimiz! Bizə göydən yeməklə dolu bir «maidə» (süfrə) nazil et ki, o bizim üçün – həm birincimiz, həm də sonuncumuz üçün bir bayram və Sənin tərəfindən bir nişanə və möcüzə olsun; və bizə ruzi ver ki, Sən ruzi verənlərin ən yaxşısısan». Allah buyurdu: «Həqiqətən, Mən onu sizə nazil edəcəyəm. Beləliklə, əgər bundan sonra kimsə kafir olsa, şübhəsiz, Mən ona aləmdə hələ heç kimə vermədiyim bir əzab verəcəyəm». Və (yada sal Qiyamət gününü) o zaman(ı) ki, Allah buyuracaq: «Ey Məryəm oğlu İsa, insanlara sən demisən ki, «məni və mənim anamı Allah yerinə iki tanrı kimi qəbul edin?». Dedi: «(Ey Rəbbim,) Sən (hər bir eyib və nöqsandan) paksan, mənə, haqqım olmayan şeyi demək yaraşmaz, əgər demiş olsaydım şübhəsiz, Sən onu bilərdin, Sən mənim nəfsimdə olanı bilirsən, (amma) mən Sənin zatında olanı bilmirəm, həqiqətən Sənsən gizlinləri kamil bilən!”. Mən onlara yalnız Sənin mənə əmr etdiyini – «mənim Rəbbim və sizin Rəbbiniz olan Allaha ibadət edin» demişəm. Nə qədər ki, onların arasında idim, onlara şahid idim. Elə ki, məni (Özünə tərəf) qaldırdın, Sən Özün onlara nəzarətçi idin. Sən hər bir şeydən xəbərdar və (hər bir şeyi) bilənsən». (“Maidə” 110-117). “Məryəm oğlu İsaya aydın dəlillər əta etdik və onu Ruhul-Qudusla qüvvətləndirdik. Bəs nə üçün hansısa bir peyğəmbər sizə ürəyinizə yatmayan bir şey gətirəndə təkəbbür göstərdiniz, bir dəstəni təkzib edir, bir dəstəni isə öldürürdünüz?!”. (“Bəqərə” 87). “Və Məryəm oğlu İsaya aydın dəlillər (aşkar möcüzələr) əta etdik və onu «Ruhul-Qudus» ilə qüvvətləndirdik. Əgər Allah qəti şəkildə istəsəydi, onlardan sonra (tarix boyu) gələnlər (onların ümmətləri) onlara gəlmiş (bütün bu) aydın dəlillərdən sonra bir-birləri ilə vuruşmazdılar. Lakin ixtilafa düşdülər. Beləliklə onların bəzisi iman gətirdi və bəzisi kafir oldu (və yer üzündə müharibələr törətdilər). Şübhəsiz, əgər Allah istəsəydi, onlar bir-birləri ilə vuruşmazdılar. Lakin Allah istədiyini (bəndələri əqidə və əməllərində ixtiyar sahibi) edir”. (“Bəqərə” 253). “Həmçinin Zəkəriyya, Yəhya, İsa və İlyası (da hidayət etdik). Onların hamısı salehlərdən idilər”. (“Ənam” 85). /Deyerler.org/ Oxşar xəbərlər
|