İslam dinində müharibə əxlaqı necədir?
İslam dini sevgi və ülfət dinidir. İnsanları dostluğa dəvət edir. İslam dininin bütün mövzularla bağlı əxlaqi qanunları vardır ki, onlardan biri də müharibəyə aid qanunlardır.
Allah Təala Quranda bu haqda buyurur: “Əgər (qisas və bu kimi məqsədlərlə) cəzalandırsanız (cəzalandırmaq istəsəniz) onda, məruz qaldığınız haqsızlıq miqdarında cəzalandırın. Əlbəttə əgər səbir etsəniz (tamamilə bağışlasanız, yaxud cəzanı yüngülləşdirsəniz) şübhəsiz bu, səbir edənlər üçün daha yaxşıdır”. (“Nəhl” 126). “Haram ay haram ay müqabilindədir (Rəcəb, Zilqədə, Zilhiccə və Məhərrəm ayları haram aylardır və bu aylarda müharibə etmək və vuruşmaq olmaz. Amma əgər kimsə bu ayların ehtiramını pozub müharibəyə başlasa, onunla elə həmin haram ayda vuruşmaq lazımdır). (Hərəm, Məscidül-Həram və möminin canı, namus və şərəfi kimi) bütün möhtərəmlərin (qarşılıqlı) qisası vardır. Buna görə də, kim sizə qarşı həddini aşsa (və ehtiramı pozsa), siz də onun kimi ona qarşı həddi aşın. Allahdan qorxun (ki, əvəz çıxmaqda həddi aşmayasınız) və bilin ki, Allah təqvalılarladır”. (“Bəqərə” 194). Birinci ayə buyurur ki, əgər düşməndən qisas alacaqsansa, onun sənə etdiyi pislik qədər cəza et. Ancaq ayənin sonunda güzəşt və əfvə dəvət edir. Deyilənə görə bu ayə Peyğəmbərin (s) əmisi Həmzə şəhid olan zaman nazil olmuşdur. Həzrət (s) qisas almaq niyyətində olur və bu ayə onu səbir etməyə dəvət edir. Həzrət Peyğəmbər (s) də buyurur: “Allahım, mən səbir edəcəyəm”. Bu anlar – onun həyatının ən çətin anlarından biri idi. Ancaq buna baxmayaraq o, Allahın əmrinə itaət edir və səbir edir. O zaman ki, Peyğəmbər (s) müharibədə qalib gəlirdi, çox sayda əsiri azad edir və onları əfv edirdi. Xüsusilə də o zaman ki, ordu ilə Məkkəyə daxil olur. Əgər kimsə fədakarlıq nümunəsi görmək istəyirsə, bu dahi insanın əxlaqına baxmalıdır. Həzrət (s) bəzən düşmənlərə Allah kəlamını eşitmək üçün fürsətlər yaradardı. “Əgər (təqib edilən) müşriklərdən biri səndən aman istəsə, Allahın kəlamını eşitmək üçün ona aman ver. Sonra onu təhlükəsiz olduğu yerə çatdır. Çünki onlar bilməyən bir dəstədirlər”. (“Tövbə” 6). Beləliklə deyə bilərik ki, müharibə əxlaqını üç yerə bölmək olar: 1. Müharibədən əvvələ. 2. Müharibə zamanına. 3. Müharibə bitən zamana. Birinci mərhələdə müsəlman düşməni həmin anda qətl etməli deyildir, bəlkə ona Allah kəlamını eşitmək üçün fürsətlər verməlidir. Bəlkə bu yolla hidayət ola bilərlər. Dinimiz müsəlmanlara buyurur ki, düşmənlə mübarizə apar, ancaq eyni zamanda buyurur ki, sülh bağla. Çünki sülh qəlblərdə olan kin və küdurəti aradan aparar. Düşməni dosta çevirər. İkinci mərhələdə Allah buyurur ki, əgər qisas almaq istəyirsənsə onu sənə etdiyi qədərini et və əgər güzəşt etsən, sənin üçün daha xeyirli olar. Sonuncu mərhələdə dinimiz əsirlərlə bağlı buyurur ki, onları əfv edin və onlarla kobud rəftar etməyin. Onları İslam dininə dəvət edin. Onlar üçün hidayət qapısı açın. Onlardan fidyə almadan, onları azad edin: “Ey Peyğəmbər, (Bədr müharibəsi) əsirlər(in)dən sizin ixtiyarınızda olanlara de: «Əgər Allah sizin qəlblərinizdə bir xeyir (olmasını, İslamı qəbul edəcəyinizi) bilsə, sizə sizdən alınandan daha yaxşısını verər və sizi bağışlayar. Allah çox bağışlayan və mehribandır»”. (“Ənfal” 70). Bundan başqa, dinimiz buyurur ki, haram aylarda müharibə etməyin. Həmçinin Məscidul-haramda müharibə etmək qadağan edilir. Allah Təala ümmətə agahlıq nəsib etsin! /Deyerler.org/ Oxşar xəbərlər
|