Həqiqətən möminlər qardaşdırlar!
Mьəllif: admin1
Tarix: 18-01-2020, 21:32
Həqiqətən möminlər qardaşdırlar!
İslam təlimlərinə əsasən, iman qardaşları sıx rabitədə olmalı, kin-küdurətə yol verməməlidirlər. Qurani-Kərimdə buyurulur:

إِنَّمَا الْمُؤْمِنُونَ إِخْوَةٌ فَأَصْلِحُوا بَيْنَ أَخَوَيْكُم

“Həqiqətən möminlər qardaşdırlar; qardaşlarınızın rabitələrini möhkəmləndirin.” (“Hücurat” / 10.)

Uyğun buyuruqlar bir şəhərdə və ya bir kənddə yaşayan möminlərə şamil olunmur. Buyuruqda meyar imandır. İstənilən bir qövmdən, irqdən, millətdən, məntəqədən, əyalətdən olan imanlı insan bizə qardaş sayılır və onunla rabitəni möhkəmləndirməliyik. Bəli, hətta Amerikanın qaradərili müsəlmanları bizə qardaşdır.

Mömin dedikdə, təkcə ərəb, ya iranlı və ya azərbaycanlı nəzərdə tutulmur. Bütün iman əhli arasında rabitələrin möhkəmləndirilməsi İslamın qəti göstərişlərindəndir.

Dünyanın bu gün ərazilər üzrə bölünməsi bu məsələdə heç bir rol oynamır. Bizim üçün əsas imandır, dünyanın ən ucqar nöqtəsindəki imanlı insan bizim qardaşımızdır və İslam göstərişlərinə əsasən, onunla dostluq vacibdir.

İslamın eyni əqidəli insanları qardaş bilməsi onun prinsiplərindəndir. Hər bir müsəlman vəzifəlidir ki, bu qardaşlığı möhkəmləndirsin və onu qoruyub-saxlasın.

Eyni zamanda, qan qardaşları arasında da fərqli baxışların olması təbiidir. Fiziki baxımdan fərqlənməyən iki nəfər olmadığı kimi, səliqə baxımından da iki insan eyni ola bilməz.

Demək, baxış və səliqə fərqi tam təbiidir və iki qardaş, ərlə arvad, ata ilə oğul arasında da fərq ola bilər. İman qardaşları da istisna deyil. Möminlər arasında da fərqli cəhətlər mövcuddur.

Digər bir tərəfdən, ixtilaflar kin-küdurətlə, narahatlıqla müşayiət olunur. Bəsirətli insan öncədən görür ki, hər bir cəmiyyətdə səliqə fərqləri ucbatından ziddiyyətlər olacaqdır.

İki şəxs eyni bir məsciddə namaz qılır, eyni bir şəxsə iqtida edir, eyni bir alimə və müctəhidə təqlid edir, eyni rəhbərə tabedir və eyni xəttədir.

Bütün bunlara rəğmən, onların müxtəlif məsələlərdə fərqli mövqe tutması, fərqli münasibət göstərməsinə şahid oluruq. Təcrübəli və imanlı insanlar bu sayaq ixtilafları sadəliklə həll edə bilir.

Adi insanlar arasında isə, uyğun səliqə fərqləri soyuqluğa, kin-küdurətə səbəb olur. Digər bir tərəfdən, şeytan da pusqudadır və münasib fürsət gözləyir ki, möminlər arasında düşmənçilik toxumu səpsin. Allah-Taala buyurur:

إِنَّمَا يُرِيدُ الشَّيْطَانُ أَن يُوقِعَ بَيْنَكُمُ الْعَدَاوَةَ وَالْبَغْضَاء

“Həqiqətən, şeytan sizin aranızda ədavət və düşmənçilik yaratmaq istəyir.” (“Maidə” / 91.)

Möminlər arasında düşmənçilik yaratmaq istəyən şeytanın minlərlə qurğusu var. Şeytan iki mömin arasında qarşıdurma yaratmaq üçün fürsət gözləyir. Ata ilə övlad, ana ilə qız, iki bacı, iki qardaş, iki qonşu, iki dost, iki sinif yoldaşı arasında ədavəti qızışdırmaq üçün şeytana fürsət lazımdır.

İki millət arasında ədavət yaratmaq isə onun üçün daha asandır. İnsanın amansız düşməni pusquda gözləyir və onun gedişlərindən biri də budur ki, möminlər arasında soyuqluq yarandıqda, onların qəlbinə nüfuz edib saman çöpündən dağ düzəltsin.

Sadəcə bağışlanası bir səhv şeytan vasitəsi ilə şişirdilir. Nəticədə iki qohum, iki yerli, iki millət arasında düşmənçilik yaranır. Şeytanın təlqinləri o qədər güclənir ki, insan, hətta qəlbindəki kin-küdurət səbəbindən yata bilmir.

O, düşündükcə bu düşmənçilik daha da dərinləşir. Belə məqamlarda insan öz mömin qardaşının qətli ilə də razılaşa bilir.

İxtilaf gerçəkdən də evlər yıxa bilər. İxtilaf səbəbindən səmimi münasibətlər pozulur, ailədə və ifctimaiyyətdə qovğa yaranır. Kin-küdurət və ixtilafların kök atıb insanları bir-birindən uzaqlaşdırması ziddiyyətlərin təbii sonluğudur. İnsanlar təkcə fiziki baxımdan uzaqlaşmır, onlar qəlbən də bir-birindən soyuyurlar.

İncimiş insanlar bir-birinə ağız açmaq istəmir, yardım əli uzatmırlar. İnsan incidiyi insana ağız açmağı özünə ar bilir. Bir sözlə, ixtilaf səbəbindən hər iki tərəfin məhrumiyyətləri artır.

İxtilafların ağrılı sonluğunu nəzərə alan İslam tədbir görür. Əmirəlmöminin (ə) oğulları İmam Həsənlə (ə) İmam Hüseynə (ə) son tövsiyələrində namaz və orucdan öncə aralarındakı rabitələri möhkəmləndirməyi tapşırır və buyurur:

فَإِنِّي سَمِعْتُ جَدَّكُمَا (صلى الله عليه وآله) يَقُولُ: صَلاَحُ ذَاتِ الْبَيْنِ أَفْضَلُ مِنْ عَامَّةِ الصَّلاَةِ وَالصِّيَامِ

“Həqiqətən, cəddiniz Peyğəmbərin (s) belə buyurduğunu eşitdim: İki nəfər (iki müsəlman və iki mömin qardaş) arasında barışıq yaratmaq bütün (müstəhəb) namaz və oruclardan üstündür.” (“Nəhcül-bəlağə”, məktub 47.)

Bir nöqtəyə diqqət

Burada bir nöqtəni xatırlamaq yerinə düşər: Rəvayətlərdə tez-tez rastlaşırıq ki, iki ibadət müqayisə olunur və buyurulur ki, onlardan biri o birindən üstündür.

Belə bir nəticə çıxarmaq olmaz ki, bir ibadət o birini əvəz edə bilər. Məsələn, deyirlər ki, su çörəkdən üstündür. Çünki insan bir müddət ac qala bilir, amma susuz qala bilmir.

Amma bu o demək deyil ki, insan su içib, çörəksiz yaşaya bilər. İnsan həyatını davam etdirmək üçün həm suya, həm də çörəyə ehtiyaclıdır. Rəvayətlərdə də müqayisə bu qəbildəndir.

“Namaz orucdan üstündür” dedikdə, nəzərdə tutulmur ki, Ramazan ayında oruc tutmayıb əvəzinə namaz qılmaq olar. “Cihad namazdan üstündür” deyilirsə, bu o demək deyil ki, cihada gedən namaz qılmamalıdır.

İmam Əlinin (ə) tövsiyəsindəki müqayisədən də belə bir nəticə çıxarılmamalıdır ki, iki müsəlmanı barışdıranın namaz və oruca ehtiyacı yoxdur. Bəli, möminlər arasında yaxınlıq yaradan insan min namazın savabını qazanır. Amma bu iş namazı əvəz etmir. Rabitə yaratmağın öz təsiri var, namazın da öz təsiri.

İnsanın kamilləşməsi üçün bütün bu işlərə ehtiyac var. Namazın öz yeri, müsəlmanlar arasında rabitələri möhkəmləndirməyin öz yeri! Əlbəttə, müqayisə zamanı onların birini o birindən üstün saymaq olar.

“Əmr be məruf” (yaxşılığa əmr) və “nəhy əz munkər” (pisliyə qadağa) haqqında da oxşar təbir var. Deyilir ki, “əmr be məruf” və nəhy əz munkər” namaz və orucdan üstündür.

Səbəb budur ki, insanlar doğru yola çağırılmasa, pis yola qadağa qoyulmasa, tədricən namaz və oruc da yaddan çıxar. Demək, namaz və orucun davamı əmr və qadağadan asılıdır, amma nəticə çıxarmaq olmaz ki, namaz və oruc əvəzinə “əmr be məruf” və “nəhy əz munkər”lə məşğul olmaq mümkündür. (“Peyame-Movla əz bəstəre-şəhadət” (Şəhadət yatağında Mövlanın öyüdü), Ayətullah Misbah Yəzdi, səh.142-147.)

Maide.Az
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031