Quranın iki dəfə işarə etdiyi "Əyyamullah" - "Allah günləri” hansı mənanı ifadə edir?
Ərəbcədə “Əyyam- günlər” deməkdir. Hələ cahiliyyə dönəmində belə, İslamın ilk zamanlarında önəmli tarixi hadisələri (qəbilə döyüşləri, fəth günləri və sairə) “Əyyamul-ərəb” (ərəblərin günləri) adlandırırdılar. Çünki o günlər onlar üçün xüsusi günlər idi. (Təbəri, İbni Cərir M. “Camiul-bəyan”, c. 7, səh. 417; Zəməxşəri, “Kəşşaf”, c. 2, səh. 519)
Əgər bir şəxs “Mən əyyamul-ərəbi” bilirəm deyirsə, məqsədi ərəblərin başına gələn önəmli hadisələri bilir deməkdir. (Qurtubi, “Camiu li əhkamil-Quran, c. 2, səh.1723) قُلْ لِلَّذ۪ينَ اٰمَنُوا يَغْفِرُوا لِلَّذ۪ينَ لَا يَرْجُونَ اَيَّامَ اللّٰهِ لِيَجْزِيَ قَوْمًا بِمَا كَانُوا يَكْسِبُونَ “İman gətirənlərə de: Allah, etdikləri əməllərə görə hər bir tayfanın cəzasını versin, - deyə Allahın günlərinə (Qiyamət gününə) ümidi olmayanları bağışlasınlar”. (“Casiyə” surəsi, 14) Bütün günlər ilahi gündür və Allahındır. Lakin اَيَّامَ اللّٰهِ (əyyəmullah) sözü xüsusi günlərə şamil olunur. Bu isə həmin günlərin əhəmiyyət və əzəmətini göstərir. “Casiyə” surəsinin 14-cü ayəsində, digəri isə “İbrahim” surəsinin 5-ci ayəsində olmaqla, bu ifadə müqəddəs Qurani-Kərimdə iki dəfə işlənmişdir. Hədislərdə اَيَّامَ اللّٰهِ (əyyəmullah) sözü müxtəlif günlərə aid edilmişdir. Məsələn: Əli ibn İbrahimin təfsirində deyilir: “Üç gün əyyamullahdır: Həzrət Muhəmmədin (s) qiyam etdiyi gün, ölüm günü və Qiyamət günü”. (“Nurus-səqələyn”, c. 2, səh. 526) Digər bir hədisdə Peyğəmbər (s) belə buyurur: “Allahın günləri Onun (bir qövmə xüsusi) nemət verdiyi, bəlalar vasitəsilə xalqları imtahan etdiyi günlərdir”. (“Nurus-səqələyn”, c. 2, səh. 526) وَلَقَدْ اَرْسَلْنَا مُوسٰى بِاٰيَاتِنَٓا اَنْ اَخْرِجْ قَوْمَكَ مِنَ الظُّلُمَاتِ اِلَى النُّورِ وَذَكِّرْهُمْ بِاَيَّامِ اللّٰهِۜ اِنَّ ف۪ي ذٰلِكَ لَاٰيَاتٍ لِكُلِّ صَبَّارٍ شَكُورٍ “Biz Musanı möcüzələrimizlə göndərib (ona): “Qövmünü qaranlıqdan nura çıxart və Allahın günlərini onların yadına sal”. Bunda çox səbir və şükür edənlər üçün dəlillər vardır”. (“İbrahim” surəsi, 5) Öncəki ayənin izahında deyildiyi kimi, burada “günlər” deyilərkən xüsusi günlər nəzərdə tutulmuşdur. Uca Allahın bu günləri ayırması, həmin günlərdə baş vermiş və baş verəcək, onları başqa günlərdən fərqləndirən və Allahın hökmünü aşkara çıxaran hadisələrlə bağlıdır. Elə buna görə də təfsirlərdə müxtəlif tarixi hadisələri bu ayənin izahında sözlərinə dəlil kimi təqdim etmişlər. Lakin “Allahın günləri” bəşər tarixində xüsusi əzəməti ilə seçilən, yaddaqalan bütün günlərə şamil olunur. Allahın bir əmrinin parlayaraq bütün ətrafı öz şüası ilə işıqlandırdığı hər gün Allahın günüdür. İnsanların həyatında açılan hər parlaq səhər Allahın günüdür. İnsanlara ibrət dərsi vermiş, peyğəmbərlərin zühuruna, zalım rejimlərin süqutuna şahidlik etmiş hər gün “Allahın günüdür. Bir sözlə haqq və ədalətin bərpa olunduğu, zülm və bidətin tar-mar olduğu hər gün Allahın günüdür. Ubey bin Kəb deyir: “Həzrət Peyğəmbərin (s) belə dediyini eşitdim: “Musa (ə) qövmü arasında onlara “Allahın günlərini” xatırladırdı. Allahın günləri isə Allahın ona nəsib etdiyi nemətlər və imtahanlar idi”. (Müsnəd, c. 5, səh. 146; İbn Covzi “Zadul-Məsir”, səh. 741) İmam Baqir (ə) buyurur: “Allahın günləri Həzrət Mehdinin (ə) zühur edəcəyi gün, “rəcət” günü və Qiyamət günüdür”. (“Nurus-səqələyn”, c. 2, səh. 526, hədis, 7) Hər iki ayədə də Allah keçmişdə və gələcəkdə qövmləri cəzalandırdığı günlər üçün istifadə edilmişdir. “Əyyamullah” barədə digər elmi araşdırmalarımızda geniş yer ayıracağıq. Burada ilkin məlumat üçün bu qədərini yetərli hesab edirik. Mahir Şəkərov - İlahiyyatçı, araşdırmaçı. İslaminSesi Oxşar xəbərlər
|