İntihar niyə haramdır?
Hər bir insanın həyatında acı hadisələr olur. Bu zaman dünya gözündə qaralar və yaşamağı dəyərsiz hiss edər.
Belə olan halda insanları iki dəstəyə bölmək olar. Birinci dəstə o insanlardır ki, başına müsibət gələn zaman bu müsibətə səbir edərək, Allaha təvəkkül edərək çətinlikləri aradan qaldırmağa cəhd edər. Ancaq ikinci dəstə insanlar zəif iradəyə malik olduqları üçün, bu çətinlik qarşısında təslim olar. Bunların bəzizi isə hətta intihara da əl atarlar. O insan ki, İslam qanunları ilə tanışdır, yaxşı bilir ki, intihar etmək qətiyyən çıxış yolu deyildir. Yəni, intihar etmək insanın bu çətinliklərini həll etməz. Bu dünyada elə bir çətinlik yoxdur ki, insan həyatından dəyərli olsun. İslam dininin nəzərinə görə insanın həyatı – Allahın mülküdür. Allah insan həyatının nə zaman sona çatmasına Özü qərar verər. O zaman ki, insan intihar edər – Allahın iradəsi əleyhinə getmiş olar və özünü cəhənnəm əhlindən edər. İnsanın nəyi varsa – hamısı Allahdandır, istər cismi olsun, istər malik olduğu var-dövləti və nemətləri. Ona görə də insanın haqqı yoxdur ki, Allahın malik olduqlarına ziyan vursun və məhv etsin. Quranın nəzərinə görə, bir insanı öldürmək – bütün bəşəri öldürməyə bərabərdir. “Bu səbəbdən (belə bir faciə baş verdiyi üçün) İsrail övladlarına (və tarix boyu olacaq bütün millətlərə belə) yazdıq və qərara aldıq ki, kim can qisası (haqqına malik) olmadan və ya yer üzündə fitnə-fəsad törətməmiş bir insanı öldürsə (ya İslamdan küfrə aparsa), sanki bütün insanları öldürmüşdür (və azdırmışdır və o, günahsızların qatillərinə məxsus Cəhənnəmdə olacaqdır) və kim bir insana həyat bəxş etsə (ölümdən nicat versə, yaxud küfrdən İslama gətirsə), sanki bütün insanları diriltmiş (və hidayət etmiş)dir. Doğrudan da Bizim peyğəmbərlərimiz onlar (İsrail övladları) üçün aydın dəlillər gətirdilər, sonra onların çoxu onun ardınca yer üzündə həddən artıq fəsad və qan tökməyə başla”. (“Maidə” 32). İntihar edənlər iki dəstə olarlar: 1. O kəs ki, intihar edər – gördüyü işin necə bir iş olduğundan xəbərsiz olar. Bu halda nəyin ona ziyan vuracağından və nəyin xeyir gətirəcəyindən xəbəri olmaz. Sanki dəli halında olar. Elə bil ki, kimsə onun ağlını əlindən almışdır və o, düşünməyə qadir olmaz. 2. Ancaq elə insanlar vardır ki, intihar edərlər və bu işin aqibətindən xəbərdar olarlar. Dinimizin nəzərinə görə, bu cür insanlar əzab görməyə layiqdirlər. Çünki Allahın mülkünə əl uzadıb və onu məhv ediblər. Bu səbəbdən intihar – kəbirə günahdır. Hər kim intihar edər – tövbə haqqını itirmiş olar. Bu günahına görə ağır cəzalar alar. İntihar hansı halda olursa-olsun, günahdır və bəyənilməyən əməldir. İmam Sadiq (ə) buyurur: “Hər kim bilərəkdən intihar edər, həmişəlik cəhənnəm atəşində olar”. İmam Cəfər Sadiq (ə) buyurur: “Mömin şəxs hər bir bəlaya düçar olar və mümkündür ki, hər bir ölümlə ölsün. Ancaq intihar etməz”. Allah Təala bu dəhşətli günahdan Özü bütün bəndələrini qorusun! /Deyerler.org/ Oxşar xəbərlər
|