Quran – unudulmuş bir nemət
Mьəllif: admin1
Tarix: 25-01-2020, 21:07
Quran – unudulmuş bir nemət
Qurani-Kərim Allahın bəşəriyyətə ən böyük hədiyyəsi olmasına baxmayaraq, çoxlarımız bu böyük nemətdən qəflətdəyik. Qurandan lazımınca bəhrələnmir, onun şükrünü yerinə yetirmirik. İstənilən bir nemətin şükrü ondan düzgün faydalanmaqdır. Qurana münasibətdə qədərincə faydalanmadığımız aşkar həqiqətdir.

Ağrılı nöqtə budur ki, biz Qurandan bəhrələnmə imkanına tam malik olduğumuz halda yerimizdə sayırıq. Əksərimizin evində heç olmaya bir Quran var. Hətta yoxdursa da, onu asanlıqla əldə edə bilərik. Quranın müxtəlif dillərə tərcümələri də var.

Ərəb dili ilə tanış olmayanlar bu tərcümələrdən faydalana bilər. Tərcümələrdən əlavə, bir çox böyük İslam alimləri illər uzunu zəhmət çəkərək Quranın dəyərli təfsirlərini yazmışlar.

Bu təfsirlər də ixtiyarımızdadır. Allah-Taala bizlərə xüsusi bir iftixar nəsib etmiş, Əhli-beyt imamlarının elmlərindən faydalanmışıq. Əhli-beytdən (ə) nəql olunmuş rəvayətlərin bir hissəsi Quranın təfsiri ilə bağlıdır. Bu misilsiz bir xəzinədir.

Bizim Qurana biganəliyimizin səbəblərindən biri budur ki, yanlış münasibət göstərərək asanlıqla əldə edə biləcəyimiz bir şeyin qədrini bilmirik. İnsan belədir.

O, çətinliklə əldə olunan şeyi qiymətli sayır, asanlıqla ixtiyarına verilənlərə biganə qalır. Qurana münasibətdə də uyğun yanlışlığa düçar olmuşuq.

Qurana böyük hörmətimiz var; onu öpür, gözlərimiz üstünə qoyuruq. Ondan əməli şəkildə istifadə etməyə gəldikdə süstlük göstəririk. Təəssüf ki, bu baxımdan bəzi müsəlman zümrələrindən geridə qalmışıq.

Mövzunu bir qədər aydınlaşdırmaq üçün, Quranın misilsiz əhəmiyyətini anlamaq məqsədi ilə misallar çəkək:

Təsəvvür edin ki, bir şəxs xəstəliyiə düçar olub və üzücü baş ağrılarından şikayətlənir. O ardıcıl şəkildə müxtəlif şəhərlərə müalicə məqsədi ilə səfərlər edir və əziyyətləri nəticəsiz qalır. Bu baş ağrıları bəzən o qədər əziyyət verir ki, insan bir anlıq rahatlıq tapmaq üçün bütün var-dövlətindən keçməyə hazır olur.

Bu xəstə eşitsə ki, məsələn, Almaniyada və ya İsveçrədə bu xəstəliyi yetərincə müalicə edən bir həkim var, hər şeyini satıb səfər üçün hazırlaşar.

Əgər yalnız baş ağrılarından şikayətlənən insan var-yoxundan keçməyə hazırdırsa, bütün orqanlarından əziyyət çəkən insan nə hala düşər?! Belə bir xəstəyə dünyanın ən ucqar nöqtəsində bütün xəstəlikləri müalicə edə biləcək bir həkim haqqında məlumat verilsə, dərhal özünü həmin nöqtəyə çatdırar.

Əlbəttə ki, söhbət imkanı olanlardan gedir. Əgər həmin həkimin qəbulunda olsa və həkim ona başa düşmədiyi bir dildə nüsxə yazsa, xəstə nüsxəni anlamaq üçün hətta həmin dili öyrənməyə də hazır olar, tərcümə etdirməyə də! Bəli, insan bilsə ki, onun bütün xəstəliklərinə çarə qılası həkim var, hər şeyindən keçib onunla görüşər!

Bəziləri isə, hətta ehtimal üzərində hansısa mənfəətdən ötrü ömrünü sərf edir. Bəlkə də oxucu xəbərdardır ki, Mixi əlifbasını anlamaq üçün üç nəsil zəhmət çəkmiş, amma bir nəticə əldə etməmişdir! Görən bu üç nəsil çəkdiyi zəhmətlərə görə, həmin əlifbadan hansı xeyir gözləyirmiş? 4

Şübhə etmirik ki, bəşəriyyət Mixi əlifbasının kəşf olunması istiqamətində atdığı addımları Quranı anlamaq məqsədi ilə atsaydı, min qat artıq xeyir götürərdi. Dağlarda, qayalarda cızılmış həmin xətlər nə qədər faydalı olsa da, maddi həyatla bağlıdır.

Elə bir fayda ki, bir müddətdən sonra əldən çıxır. Bu dünyada kimsə əbədi qalası deyil. Ömür nə qədər uzun olsa da, onun sonu var.

Hansı ki, Qurani-Kərim bəşəriyyətin dünya həyatı üçün faydalı olmaqla yanaşı, onun üçün əbədi həyata yol açır. Əgər belə bir kitab dünyanın ən ucqar nöqtəsində olsaydı, onun ardınca getməyə dəyərdi!

Çox əfsus ki, əksərimiz bu istiqamətdə imkanlarımızın mindən biri qədər çalışmırıq. Hansı ki, Quran ixtiyarımızdadır və ondan istifadə üçün əziyyət çəkməyə ehtiyac yoxdur. Bundan ötrü yalnız istək lazımdır.

Quran elə bir kitabdır ki, onun özünü, tərcüməsini, təfsirlərini çox asanlıqla əldə edə bilirik. Bütün bu imkanlara malik olduğumuz halda, əlimiz boşdur! Əlbəttə ki, dinə biganə, imansız insanlardan gileylənmirik.

Amma Əhli-beyt (ə) ardıcılı olanlar bizlər hidayət nuru ardınca gəzdiyimiz halda, nə üçün Qurana əhəmiyyət verməyək? Necə olur ki, bu həyat qaynağının yanından bir bu qədər biganə ötüb keçirik? Mərifət əldə etmək üçün Qurandan üstün və mötəbər mənbə hansıdır?! İntizarında olduqlarımızdan hansı Quranda yoxdur?!

Biz Quran maarifinə yiyələnmək istiqamətində nə qədər çalışsaq da azdır. Doğrudan da, bu əziz kitaba, ilahi hədiyyəyə, səmavi töhvəyə cəfa qılırıq. (Çox təəssüf ki, çoxumuz üzündən oxumağı belə bacarmırıq, heç olmasa tərcüməsin götürüb oxumuruq-red.)

Quranı anlamaq, təfsirlərin mütaliəsi bir yana dursun, cəfa deyilmi ki, ixtiyarımızda belə bir kitab ola-ola, sadəcə onun qiraətindən də çəkinək?! (“Peyame-Movla əz bəstəre-şəhadət” (Şəhadət yatağında Mövlanın öyüdü), Ayətullah Misbah Yəzdi, səh.183-189.)

Sonda Peyğəmbəri-Əkrəmdən (s) nəql olunan bu hədisə diqqət yetirək:

يَجيءُ يَومَ القِيامَةِ الُمصحَفُ وَالمَسجِدُ وَالعِترَةُ، فَيَقولُ المُصحَفُ: يا رَبِّ حَرَّقوني ومَزّقوني، ويَقولُ المَسجِدُ: يا رَبِّ خَرَّبوني وعَطَّلوني وضَيَّعوني، وتَقولُ العِترَةُ: يا رَبِّ طَرَدونا وقَتَّلونا وشَرَّدونا. وأجثو بِرُكبَتَيَّ لِلخُصومَةِ، فَيَقولُ اللّهُ: ذلِكَ إلَيَّ وأنَا أولى بِذلِكَ

“Qiyamət günü Quran, məscid və Əhli-beytim birgə məhşərə gələr. Quran deyər: “İlahi, məni yandırıb cırdılar!” Məscid deyər: “İlahi, məni uçurub boş qoyaraq viran etdilər!”

Əhli-beytim deyər: “İlahi, bizi didərgin salıb öldürdülər, tənha qoydular!” (Bu zaman) mən qisas üçün dizə çökəndə, Allah-Taala buyurar: Bunlar mənə aiddir və Mənim haqqım (mühakimə üçün) daha çoxdur.” (“Kənzül-ümmal”, c.11, səh.193, hədis 31190).

Maide.Az
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031