Yəqinlik məqamına çatmaq üçün nə etməliyik?
Yəqinin müxtəlif mərtəbələri və dərəcələri vardır. Onun ilk mərhələsi təfəkkür və mütaliə vasitəsilə əldə olunur.
Fəlsəfi bürhanlar və Allahın tövhid sifətləri haqqında təfəkkür etmək insanı bu məqama çatdıra bilər. Yəqinliyin bu mərtəbəsində salikin seyr etməsinə ehtiyac yoxdur. Hər kəs mütaliə vasitəsilə yəqinin bu dərəcəsinə çata bilər. Bu mərhələdə olan yəqinlik – şəkkin aradan getməsi və yəqinliyin hasil olmasıdır. Bu cür yəqin – imanın sütunudur. Belə bir yəqin olmadan nə imana malik olmaq olar, nə də İslama. Hər kim Allahın var olmasında şəkk edərsə, müsəlman ola bilməz. Yəqinin sonrakı mərhələsi – imandan da uca məqamdır. Bu cür yəqini əldə etmək çox nadir hallarda görünür. Belə yəqinə malik olan insan aləmin gizli həqiqətlərinə şühud edə bilər. Bu mərhələyə malik olmaq üçün imanı gücləndirmək lazımdır. İmanın artırmağın yollarını isə bizlərə Məsumlarımız (ə) öyrədiblər: riyadan uzaq olmaq, axirəti dünyadan üstün hesab etmək, qəbahətli əməllərə görə həya etmək, müsibətə səbir etmək, Quranı tilavət etmək... Yəqinin bu mərhələsinə çatmağın başqa yolu əməldədir. Bu ayəyə əməl etməkdədir ki, buyurur: “Və o yəqin iş (hər bir canlı üçün labüd olan ölüm) sənə yetişənə qədər Rəbbinə ibadət et!”. (“Hicr” 99). Yəni, yəqinə çatmağın başqa yolu – ibadət etməkdədir. Bəs ibadət nədir? Namaz qılmaq və oruc tutmaq kifayətdirmi? Əgər belədirsə, namaz qılan və oruc tutan insanlar niyə yəqinin bu mərhələsinə çata bilmirlər? İbadət dedikdə, onu nəzərdə tuturuq ki, həyatımız ubudiyyət dairəsindən bayıra çıxmasın. Allah bəndəsi kimi yaşamaq – ibadət hesab olunur. Nəinki filan saatda namaz qılmaq və oruc tutmaq. Əlbəttə, namaz və oruc – ən böyük ibadətlərdəndir. Ancaq burada söhbət məhz ubudiyyət və bəndəlikdən gedir. Hər kim Allah bəndəsi olmağı bacarar – o zaman yəqinin ikinci mərhələsinə çata bilər. Ancaq bir şərtlə ki, bu bəndəlik – xalis bəndəlik olsun. Bu cür ibadətin xüsusi zaman və məkana ehtiyacı yoxdur. Əslində həyatda yaşamağın özü ibadət olar. “Heç bir ticarət və alış-verişin Allahı yad etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmadığı kişilər. Onlar ürəklərin və gözlərin pərişan və fərqli olacağı gündən qorxurlar”. (“Nur” 37). Xülasə, deyə bilərik ki, yəqinə çatmağın yolu – imandan, ibadətdən, ubudiyyətdən asılıdır. Əgər bu üç amil olarsa insan yəqinliyin uca zirvəsinə çata bilər. /Deyerler.org/ Oxşar xəbərlər
|