İslamda yetimlərə xidmət
Mьəllif: admin1
Tarix: 4-02-2020, 21:24
İslamda yetimlərə xidmət
İslam maarifində yetimlər ehsan ünvanlarından biridir. Yetimlərə xidmət edərkən onlardan gələcəkdə əvəz almaq məqsədi güdülməməli, onların gələcək iqtisadi durumunu nəzərə almadan onların ehtiyacları aradan qaldırılmalıdır.

Maddi ehtiyac yetimin ehtiyaclarından yalnız biridir. Bəzən yetimin mal-mülkü olur, amma yaşı az olduğundan öhdəsindəkilərdən düzgün istifadə edə bilmir. Əgər belə məqamda yetim özbaşına qalsa və yalnız ona qalmış sərmayəsini xərcləsə, miskin vəziyyətə düşər.

Həmin sərmayəni işə salmaq, hətta artırmaq lazımdır. Sərmayədən gələn gəlirlə onun gündəlik ehtiyacları ödənməlidir.

Amma iş bununla başa çatmır. İnsanın ehtiyacı təkcə yemək deyil. Onun yeməkdən də mühüm ehtiyacları var. Yetim, əsasən nəvazişə ehtiyac duyur.

Ata-anasından birini və ya hər ikisini itirmiş uşaq məhəbbət təşnəsidir. Ata-ana məhəbbətindən məhrum olmuş körpə məhəbbətə olan ehtiyacını necə ödəməlidir?

Təbii ki, mən, siz və başqaları onu himayəyə alıb doğma övlad kimi nəvaziş göstərməliyik. İslam nəzərincə, yetimlərə münasibətdə vəzifələr daha əhatəlidir.

Biz yetimlərlə elə rəftar etməliyik ki, onların məhəbbətə olan ehtiyacı imkan həddində ödənsin. Onun başqa ehtiyaclarına da diqqət yetirilməlidir. Uşaq düzgün təlim-tərbiyə almalı, ona İslam təlimləri öyrədilməlidir.

Cəmiyyətdəki adət-ənənələrlə tanışlıq, əqli təkamül, qazanc yollarından və müxtəlif peşələrdən məlumatlılıq, elmi biliklər yetimlərin zəruri ehtiyaclarındandır və bu ehtiyaclara yetərincə diqqət göstərilməlidir.

İmam Əli (ə) ömrünün sonundakı vəsiyyətində yetimlərin ehtiyaclarının aradan qaldırılmasından, onlara nəvaziş göstərilməsindən və təlim-tərbiyədən danışaraq buyurmuşdur:

اللهَ اللهَ فِي الاَيْتَامِ فَلاَ تُغِبُّوا أَفْوَاهَهُمْ وَلاَ يَضِيعُوا بِحَضْرَتِكُمْ

“Yetimlərə münasibətdə Allahı, Allahı unutmayın; ağızları üçün növbə saxlamayın və hüzurunuzda sıxıntı keçirməsinlər.” (“Tuhəful-uqul”, c.2, səh.197;“Biharul-ənvar”, c.42, səh.248, hədis 51, bab 127.)

Mühüm nöqtə budur ki, yetimlərə olunan yardımlar arabir unudulduqda və ya kəsildikdə, körpələr sıxıntıda qala bilər. İmam Əli (ə) bu nöqtəni nəzərə çatdırır.

Həzrət “ağızları üçün növbə saxlamayın” tapşırarkən, nəzərdə tutur ki, onlara bir gün yardım göstərib, bir gün yaddan çıxarmaq olmaz. Onlara ardıcıl və vaxtında əl tutulmalıdır. İnsanlar fərdi və ya qrup şəklində yetimləri qidalandırmalı, onları bu sahədə çətinlik çəkməyə qoymamalıdırlar.

Amma qeyd olunduğu kimi, təkcə maddi ehtiyacları aradan qaldırmaq bəs etmir. Təlim-tərbiyə də mühüm ehtiyaclardandır. İmam Əlinin (ə) buyruqlarından birində oxuyuruq:

مَنْ عَالَ يَتِيماً حَتَّى يَسْتَغْنِيَ أَوْجَبَ اللهُ عَزَّ وَجَلَّ لَهُ بِذَلِكَ الْجَنَّةَ كَمَا أَوْجَبَ اللهُ لاِكِلِ مَالِ الْيَتِيمِ النَّارَ

“Yetimə onun ehtiyaclarını aradan qaldıranadək himayə göstərən kəsə Allah Behişti vacib edir. Necə ki, yetimin malını yeyənə Cəhənnəmi vacib etmişdir.” (“Tuhəful-uqul”, c.2, səh.197; “Biharul-ənvar”, c.42, səh.248, hədis 51, bab 127.)

“Hətta yəstəğniyə” (حَتّى يَسْتَغْنِي) dedikdə, yetim uşaq öz ayağı üstə dayana bilənədək, öz işlərini idarə etməyi bacaranadək mənası anlaşılır. Yetim ehtiyacsızlığın bu həddinə çatdığı vaxt onun bütün maddi və mənəvi ehtiyacları ödənir.

Hədisə əsasən, yetim müstəqil həyata başlayanadək ona himayə göstərən insana Allah Behişti vacib edir. Əksinə, yetimin malına xəyanət edəni Cəhənnəm odu gözləyir. İnsanın yetim bir uşağa öz övladı kimi qayğı göstərməsi ondan böyük fədakarlıq tələb edir.

Sahibsiz uşağın mal-mülkünü min yolla ələ keçirmək üçün isə insanda xüsusi bir alçaqlıq, xəbislik olmalıdır. Bu səbəbdən də Allah birincilərə Behişt, ikincilərə Cəhənnəm vəd edir. Bir hədisdə Peyğəmbər (s) yetimlərə diqqət haqqında belə buyurur:

اَنَا وَ كَافِلُ الْيَتِيمِ كَهَاتَيْنِ فِي الْجَنَّةِ

“Mən və yetimin qəyyumu Behiştdə bu iki (barmaq) kimiyik.” (Həzrət iki barmağını yanaşı tutub ona işarə etdi.) (“Biharul-ənvar”, c.35, səh.117, hədis 58, bab 3.)

Həzrət bu işarə ilə bildirir ki, yetimə qəyyumluq göstərən kəs bu iki barmaq yaxın olduğu kimi, Behiştdə Peyğəmbərlə (s) yaxın olacaqdır. Hədisə əsasən, yetimə qayğı göstərmək o qədər mühüm işdir ki, bu əməlin sahibi Behiştdə Peyğəmbərə (s) yaxın olacaqdır.

Adi bir şəxsin kainatın şərəflisi ilə yaxın olması diqqəti cəlb edəcək bir mövzudur. İnsanın Peyğəmbərin (s) xidmətində olub, onun faydalandığı nemətlərdən faydalanması kiçik məqam deyil.

İstənilən bir halda, yetimə qəyyumluq Peyğəmbər (s) tərəfindən böyük fəzilət sayılır və belələrinə zəmanət verilir. (“Peyame-Movla əz bəstəre-şəhadət” (Şəhadət yatağında Mövlanın öyüdü), Ayətullah Misbah Yəzdi, səh.163-174.)


Maide.az
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031