Nigarançılıqdan necə qurtulaq?
Nigaranaçılıqların növləri müxtəlif olur.
Onların bəzisi təbiidir və bəzisi isə sonradan insan ruhuna daxil olmuş nigarançılıqlardır ki, onların kökünü kəsmək lazımdır. Nigarançılıq – ruhun tarazlıq vəziyyətində olmamasıdır. Ruh niyə tarazlıqdan çıxır? Buna səbəb çoxdur. Gündəlik mövzuların içində itib-batmaq, ali hədəfi itirmək, maddi mövzuların narahatlığı, məişət məsələlərinin təzyiqi, iş prosesində meydana gələn əsəbilik və s. Bütün bunlardan qurtarmaq üçün, insan öz “Mən”inə qayıtmalı, hədəfini yada salmalıdır. Xatırlamalıdır ki, bu dünyaya nə üçün gəlib? İnsan sanki qazanmaq, yemək, geyinmək üçün yaşayır. Halbuki, qazanmaq, yemək, geyinmək – yaşamaq üçündür; insanın yaşaması isə Allahın proqramı əsasında kamilliyə yetişmək üçündür. İnsan gərək bu hədəfi itirməsin, Allahı yada salmaqla, özünə, öz kimliyinə qayıtsın. Mənəvi hüzura çatmaq üçün Quran və hədislərimiz bizlərə çox sayda yollar göstərmişdir ki, onlarla tanış olaq: 1. Allaha diqqət etmək. Allahdan olub və Ona tərəf qayıdacağımızı unutmamaq. 2. Namazı əvvəl vaxtda yerinə yetirmək və ona xüsusi diqqət göstərmək. 3. Quran oxumaq və ayələri barəsində təfəkkür etmək. 4. Allaha dua edib, Onunla münacat etmək. 5. Hər bir işdə Allaha təvəkkül etmək. Bu deyilən yollar arasında insan ruhuna ən çox təsir qoyan yol – Allahı yada salmaq və Onu davamlı olaraq zikr etməkdir. Zikr gərək davamlı və qəlbdən olsun. Allaha dua etmək və Onunla münacat etmək də bir növ zikrdir. Bundan sonra insan ruhunda xüsusi rahatlıq meydana gələr və insan ruhunun yüngülləşməsini müşahidə edər. Çünki Allah Özü vədə vermişdir: “Hər kim Ona diqqətlə üz çevirərsə, sözünü eşidər və hacətini yerinə yetirər. Qəlbini və ruhunu nurani edər”. Bununla yanaşı hədislərimiz tövsiyə edirlər: 1. Günahdan və itaətsizlikdən çəkinmək. 2. Vacibatları yerinə yetirmək və Allahla ünsiyyət yaratmaq. 3. “Kumeyl”, “Təvəssül” kimi duaların təşkil olduğu məclislərdə iştirak etmək. 4. Şəhidlərin, alimlərin, Məsumların (ə) qəbirlərini ziyarət etməyə getmək. 5. Müstəhəb əməllər yerinə yetirmək. 6. Hədəfsiz olaraq xəlvət qalmaqdan çəkinmək və yersiz işlərdən əl çəkmək. Boş vaxtını səmərəli keçirtmək və boş vaxtın yaranmasına imkan verməmək. 7. Açıq hava yürüşləri yerinə yetirmək və idmana üz tutmaq. 8. Düzgün qidalanmağın ruha təsiri çoxdur, ona görə də qidalanmağa diqqət göstərmək. (Deyerler.org) Oxşar xəbərlər
|