Qurana əməldə qeyri-müsəlmanların müsəlmanları ötüb keçməsi
Əmirəlmöminin Əli (ə) ömrünün sonunda bir sıra məsələlər barəsində vəsiyyət etmiş, o cümlədən, Quranla bağlı vəsiyyətində buyurmuşdur:
وَاللهَ اللهَ فِي الْقُرْآنِ لاَ يَسْبِقْكُمْ بِالْعَمَلِ بِهِ غَيْرُكُمْ “Qurana münasibətdə Allahı, Allahı unutmayın; ona əməl etməkdə başqaları sizi ötüb keçməsin.” (“Məqatilut-talibiyyin”, səh.28.) O Həzrətin buyruqlarının mövzusu ola biləcək bir qisim Quran maarifi özünəməxsus səciyyəyə malik hökmlərdən ibarətdir. Hətta Allaha yaxınlaşmaq məqsədi olmayan bir insan bu hökmlərə əməl etdikdə onlardan faydalanır. Yəni bu hökmlərə sırf itaət edildikdə, bəhrə götürülür. Bu qəbildən olan hökmlər, adətən, «təvəssüliyyat» (təvəssüllər) adlanır. Bir də var «ibadat» (ibadətlər). İbadətlərdə Allaha yaxınlaşma məqsədi zəruridir. Amma təvəssüllərdə belə bir məqsəd olmadan da nəticə əldə olunur. İrs, müamilə, izdivac, icarə, borc kimi mövzularla bağlı hökümlər bu qəbildəndir. Allah insanların dünyəvi və ictimai həyatını tənzimləmək üçün bu sayaq hökmlər bəyan etmişdir. Bu baxımdan Quranın ən önəmli ayələrindən biri «dəyn» (borc) ayəsidir. Bu ayədə necə borc vermək, necə borc götürmək açıqlanılır. Hətta qeyri-müsəlman bir şəxs Quranın bu hökmünə əməl edərsə, hökmən ondan faydalanar. Allah-Taala bu ayədə buyurur ki, bir şəxsə borc vermək istədiyiniz vaxt onu yazın, şahid tutun. Yəni sənədsiz, şahidsiz borc verməyin. Bu hökmün səbəbi Quranda açıqlanılır. Buyurulur ki, çünki bu danışıq unudula bilər, şəkkə düşərsiniz və aranızda ixtilaf yaranar. Necə də pis olar ki, bir insan borc verdiyi məbləği unudub neçə qat artıq tələb edə və borc götürmüş insan da götürdüyü məbləği yaddan çıxardıb cüzi bir məbləğ qaytarmaq istəyə! Aydın məsələdir ki, Allah-Taalanın bu qəbil göstərişləri çox uzaqgörənliklə bəyan olunur. Qeyri-müsəlman bir şəxs də bu hökmü bəyənib ona əməl edərsə, hökmən bərəkətlərindən faydalanar. İbadət məsələləri isə belə deyil. Bu məsələlərdə faydalanmaq üçün hökmən Allaha yaxınlıq məqsədi ilə əməl olunmalıdır. Bir insan Allaha və Qiyamət gününə inanmazsa, onun namaz və digər ibadətləri faydasızdır. Bəli, əgər bir gün hətta dinə biganə insanlar İslamın qanunlarından faydalanmaq istəsələr, «təvəssüli» hökmlərdən faydalana bilərlər. Məlumatlı insanlar gözəl bilirlər ki, Avropa ölkələrində hüquq sistemləri tənzimlənərkən Quran və İslam fiqhindən yetərincə istifadə edilmişdir. Hətta bəzi qərb hüquqşünasları bunu açıq şəkildə etiraf edirlər. Avropa və qərb tarixini mütaliə etdikdə görürük ki, qərbdə son iki əsrədək qadının mülkiyyət hüququ olmamışdır. Qadın üçün, hətta irsdən pay nəzərdə tutulmamışdı. Onlar öz hüquq sistemlərində, məhz Quran və İslam fiqhindən ilhamlanaraq bir sıra dəyişikliklər aparmışlar. Bir neçə əsr öncə bir şəxs gəlib desəydi ki, kimlərsə Qurana əməl etməkdə sizi qabaqlayıb, inanmazdıq. Əslində isə, bu həqiqətdir. Quran və Əhli-beyt (ə) maarifi bizim əlimizdə olduğu halda, kimlərsə Quran hökmlərinə əməl edərək faydalanmaqdadır! İmam Əli (ə) öz vəsiyyətində buyurur: “Bu işdə başqaları sizi ötüb keçməsin.” Olsun ki, İmam Əlinin (ə) bu buyruğunu eşidən ətrafdakılar təəccüblənmişlər. Həzrət ömrünün son saatlarında gələcəyi necə dəhşətli görürdü ki, bu sayaq haray çəkirdi: اللهَ اللهَ فِي الْقُرْآنِ لاَ يَسْبِقْكُمْ بِالْعَمَلِ بِهِ غَيْرُكُم “Qurana münasibətdə Allahı, Allahı unutmayın; ona əməl etməkdə başqaları sizi ötüb keçməsin.” İmam Əli (ə) öz iti baxışları və uzaqgörənliyi ilə qeyri-müsəlmanların bir gün İslamın müəyyən hökmlərində müsəlmanları ötüb keçəcəyini görürdü. Qanlar bahasına cəmiyyətimizdə canlanmış islami dəyərlər bu gün xoşagəlməz durumdadır və qeyri-müsəlmanlar uyğun göstərişlərə riayət etməkdə öndədirlər! Ədəb qaydaları, nəzakət ölçüləri, ədalət, müdiriyyət, rəhbərlik, işlərdə nizam, iş bölgüsü və bir çox başqa dəyərlər Qurandan qaynaqlandığı halda, qeyri-müsəlman ölkələrdə daha çox cərəyandadır. Onlar uyğun istiqamətdə nəzərə çarpan dərəcədə irəliləmişlər. Mötəbər mənbələrə əsasən, təqribən, iki yüz il bundan öncə dünyanın hazırkı inkişaf etmiş ölkələrinin hətta saraylarında ayaqyolu olmayıb. Avropalılar ayaqyolu tikməyi müsəlmanlardan öyrənib. Nasirəddin şah tərəfindən Fransaya göndərilmiş Əsxər Mirza adlı bir şəxs avropalılara bu sahədə təlimat verib. Hələ İslamın zühurundan neçə əsr sonra Avropada hamam yox idi. Onlar hamamın nə olduğunu anlamırdılar. Avropalılar, adətən çaylarda, hövzələrdə yuyunurdular. Bəli, həmin xalqlar qısa bir müddət ərzində tibb və gigiyena sahəsində əhmiyyətli dərəcədə irəlilədilər və bu gün, gün ərzində bir dəfə yox, iki dəfə yuyunmağı qayda qoymuşlar. Bütün bu qaydaların müsəlmanlardan götürüldüyünə tarix şahiddir. Çünki onların uyğun sahəyə diqqətinin tarixi olduqca azdır. Bəli, İmam Əli (ə) uzaqgörənliklə xəbərdarlıq edirdi ki, bu işdə başqaları sizi ötüb keçməsin! Etiqadsız qərblilər İslam və Quran hökmlərindən faydalandığı halda, adı müsəlman olanlar qərblilərin vəhşi keçmişinə maraq göstərir. Biz yalnız son yüz ildə özümüzə sual vermişik ki, axı nə üçün onlar Quran hökmlərindən daha çox faydalanır? İlahi kitaba zərrəcə etiqadı olmayanların onun hökmləri sayəsində tərəqqi etməsi nəyə əsaslanır? Necə olur ki, onlar Qurana əməl etməkdə, etiqadlı müsəlmanları ötüb keçirlər? İmam Əli (ə) uyğun bəyanını bu vaxtadək anlamayanlar gözlərini açıb görsünlər ki, qeyri-müsəlmanlar müxtəlif sahələrdə bizi necə qabaqlamışlar. Əlbəttə ki, biz qərblilərin müstəmləkəçilik və sitəmkarlıq tarixini unutmamışıq. Amma qəbul etməliyik ki, həmin qərblilər Quran və Əhli-beyt (ə) göstərişlərinə əməl etməkdə bizdən öndədir. Biz vacib saydığımız hökmlərə biganə qaldığımız halda, etiqadsız qərblilər uyğun hökmlərə ciddi əməl etməkdədirlər. İmam Əli (ə) bu barədə ciddi xəbərdarlıq etdi, amma bəsirət gözümüz bağlı oldu. İmam Əli (ə) Qurana yaxınlığı tövsiyə edir. Bizlər onun səsinə ürəkdən səs verməli, Qurana diqqətlə yanaşıb bütün iş və proqramlarımızda onu müqəddəm saymalıyıq. Quran elə bir xəzinədir ki, hətta kafir bir fərd onun təkcə bir göstərişinə əməl etməklə faydalanır. Əgər ruh və canımıza aramlıq gətirmək, bütün dərdlərimizə əlac etmək istəyiriksə bilməliyik ki, Quran bütün dərdlərin dərmanıdır. Axı nə üçün mömin şəxs başını itirmiş vəziyyətdə onun-bunun qapısını döyüb səadət üçün dilənməlidir? Axı insan öz dərdlərinə Qurandan şəfalı, Qurandan üstün hansı dərmanı tapacaqdır?! (“Peyame-Movla əz bəstəre-şəhadət” (Şəhadət yatağında Mövlanın öyüdü), Ayətullah Misbah Yəzdi, səh.133-197.) Maide.az Oxşar xəbərlər
|