Allahın Evi: yalnız Kəbə, yoxsa?...
Qurani-Kərim Həzrət İbrahim (ə) barəsində buyurur: “Və (yada sal) o zaman(ı) ki, İbrahim üçün (Kə'bənin sütunlarını Adəmin qoyduğu təməl üzərində qaldırsın deyə) Kəbə evinin yerini hazırladıq (və ona dedik) ki: «(Bu evin həcc mərasimində) heç nəyi Mənə şərik qoşma və Mənim evimi təvaf edənlər, (ibadətə) duranlar və ruku və səcdə edənlər üçün təmizlə!»”.
“Və (yadınıza salın) o zaman(ı) ki, Biz bu Evi (əzəmətli Kə’bəni) insanların dönüş yeri və əmin-amanlıq məkanı etdik və (dedik): “İbrahim məqamından (onun arxasından, ya sağ və ya sol tərəfindən) namaz üçün bir yer seçin. Və İbrahim ilə İsmailə tapşırdıq ki, Mənim Evimi təvaf edənlər, yaxınlıqda olanlar (yaxud ibadətə çəkilənlər), rüku və səcdə edənlər üçün pak-pakizə edin””. (“Bəqərə” 125). Allah Təala bu iki ayədə göstəriş verir ki, Kəbə Evini təmizləsinlər və küfrün nişanələrinin hamısını məhv etsinlər. Bu ayə İbrahim ilə İsmayıla xitab etsə də, əslində bütün müsəlmanlara işarə edir. Uca Allah buyurur ki, Mənim Evimi bütlərdən təmizləyin və onu namaz qılanlar üçün pakizə edin. Əslində burada Allahın Evi deyildikdə, Kəbə Evi nəzərimizdə canlanır. Ancaq bir qədər dərindən düşünən zaman götürük ki, Kəbə Evi öz yerində, hər bir insanın qəlbi – Allahın evidir. Allah göstəriş verir ki, bu evə başqalarının daxil olmasına imkan yaratmayın. Əslində orada məkan salmış bütləri sındırın və məhv edin. Büt deyildikdə, insanın nəfsani istəkləri nəzərdə tutulur. Yəni, ey insan! Əgər qəlbini bütlərdən təmizləyə bilməsən, Allah o evə daxil olmayacaqdır. Əgər qəlbində İlahi nuru görmək istəyirsənsə, o zaman rəzil sifətləri tərk et və təqva nurunu yandır. Çalış ki, qəlbində ancaq Allah olsun və onu razı sala biləcək arzular və istəklər. Bunun yolu isə Allahı daima yada salmaqla mümkün olar. Həzrət Davuda (ə) vəhy gəlir: “Ey Davud! Evini təmizlə ki, Allah evinə enə bilsin”. Həzrət Davud soruşur ki, bu hansı evdir ki, təmizləmək lazımdır? Allah Təaladan xitab gəlir: “O, mömin bəndənin qəlbidir”. Həzrət Davud soruşur ki, onu necə təmizləyə bilərəm? Allah Təaladan buyuruş gəlir: “Qəlbində atəş yandır və o şeyin ki, bizə nisbəti yoxdur – qoy o, orada yansın. Onu süpürgə ilə təmizlə, əgər nə isə qalıbdırsa, pak olsun”. /Deyerler.org/ Oxşar xəbərlər
|