Sələmdən qaçmağın yolu nədir?
İslam təlimlərinə əsasən halal tikə – bərəkət, rəhmət və nurdur. Amma sələm, insandan bütün xeyir və bərəkətləri aradan aparar. “Ey iman gətirənlər, Allahdan qorxun və əgər imanınız varsa, sələmin qalanından (sərmayədən artıq aldığınız miqdardan) əl çəkin”. (“Bəqərə”, 278).
İslama görə, hər kim ki, sələm yeyər – Allahla döyüşə daxil olmuş deməkdir. Əslində sələm – Allaha şirk etmək sayılır. İnsan borc verən zaman əgər niyyəti Allah yolunda olarsa, gözəl əməl etmiş olar. Sələm odur ki, insan verdiyi borcu Allahdan qeyrisi üçün etsin və niyyəti Allah olmasın, özü də verdiyindən artıq tələb etsin. Allah Təala buyurur: “Xalqın var-dövləti hesabına sərvətinizin artması üçün başqasına sələmlə verdiyiniz mal Allahın yanında artmaz, və zəkatdan Allahın razılığını diləyərək verdiyinizdən isə (mənfəət götürəcəksiniz). Bunu edənlər mənfəətlərini qat-qat artıranlardır”. (“Rum” 39). Sələm tarixin lap əvvəllərindən tutmuş axırına qədər hamı üçün haramdır. İmam Rza (ə) buyurur: “Allah sələmi qadağan etmişdir və bütün İlahi dinlərdə haram buyurmuşdur”. Həzrət Rəsuli-Əkrəm (s) buyurur: “Allah yanında sələmdən olan bir dirhəmin günahı, Kəbə evinin kənarında edilən 70 zinadan daha ağırdır”. İmam Əli (ə) buyurur: “Sələmdən qaçmağın yolu – ticarətə başlamazdan əvvəl din və fiqh dərslərini öyrənməkdədir”. O kəs ki, fiqh elmi olmadan ticarət edər, ona bənzəyir ki, sələm yeyir. Çünki, bir çox şəri mövzular var ki, insanların əksəriyyəti onları bilməmək üzündən, əməl etmir və bu səbəbdən, faktiki olaraq, sələm yeyir. Hər kim sələm yeyər, cəhənnəm atəşində qərar tutar. Məsələn, bilmək lazımdır ki, sələmli borc – borc alan şəxsin borc verən şəxsə borcdan əlavə ödədiyi məbləğdir. Sələmli əqd odur ki, ölçü qabı və ya tərəzi ilə ölçülüb-çəkilən bir mal onunla eyni cinsdən olan mala satılır, amma qarşılığında artıq ölçüdə və ya çəkidə mal alınır. Əgər əqd müəyyən və bəlli bir qiymət əsasında baş tutarsa və əlavə məbləğ əsas məbləğin ödənişinin gecikdirilməsinə görə tələb olunarsa, bu, ribadır və şəri baxımdan haramdır. Eyni zamanda, malı nisyə şəklində onun nağd qiymətindən baha qiymətə satıb-almağın maneəsi yoxdur. Nağd və nisyə qiymətlər arasındakı fərq riba hesab olunmur. Bunu da bilmək lazımdır ki, əgər bankdakı işin sələmli əqdlərlə əlaqəsi olarsa və hansısa bir tərzdə sələmli əqdin reallaşmasında təsiri olarsa, orada işləmək caiz deyildir. Həzrət Peyğəmbər (s) buyurur ki, o cəmiyyətdə zina və sələm artarsa, həmin cəmiyyət həlak olar. Çox təəssüf ki, müasir zamanda bu iki günah həqiqətən də artmışdır. Allah Təala toplumu bu ağır bəlalardan hifz etsin! /Deyerler.org/ Oxşar xəbərlər
|