Əmirəl-möminin (ə) niyə öz fəzilət və üstünlüklərini bəyan etməyə məcbur oldu?
Əmirəl-möminin (ə) xüsusi fəzilətlərindən biri də budur ki, Həzrət Xatəmül-ənbiyadan (s) başqa, qalan İlahi peyğəmbərlərdən (ə) üstünlüyə malikdir.
Həzrət Peyğəmbər (s) Əmirəl-mömininə (ə) buyurur: “Allah, Öz peyğəmbərlərini (ə) yaxın mələklərindən üstün etmişdir. Məni bütün peyğəmbərlərdən (ə) üstün etmişdir. Ey Əli! Üstünlük məndən sonra səndə və səndən sonrakı İmamlardadır (ə)”. Nəql edilir ki, bir gün Səsəhə ibni Suhan İmam Əliyə (ə) onun digər peyğəmbərlərdən (ə) üstünlükləri ilə bağlı sual ünvanlayır. Həzrət (ə) cavabında buyurur: “İnsanın özünü tərifləməsi yaxşı iş deyildir. Ancaq Allah buyurmuşdur: Sənə verilən nemətləri bəyan et””. Sonra Həzrət Əli (ə) öz fəzilət və üstünlüklərini bəyan etdi. Məlum oldu ki, Həzrət Adəmə (ə) behiştdə buğda yemək yasaqlanmışdı, ancaq ondan yedi. Ancaq Həzrət Əliyə (ə) buğda yemək qadağan olunmamışdı, amma buna baxmayaraq, o Həzrət (ə) heç bir zaman buğda çörəyi yeməmiş, arpa çörəyi ilə kifayətlənmişdi. Həzrət Nuh (ə) öz qövmündən əziyyət görəndən sonra onları nifrin etdi. Ancaq İmam Əli (ə) Həzrət Peyğəmbərin (s) vəfatından sonra misilsiz əziyyətlər görməsinə baxmayaraq, səbir etmiş və onları heç bir zaman nifrin etməmişdi. Həzrət İbrahim (ə) məada qəlb əminliyi əldə etmək üçün Allahdan istədi ki, ölüləri necə dirildəcəyini ona göstərsin. O zaman ki, Allah ondan soruşur: “Mənim vədəmə imanın yoxdur?”, Həzrət İbrahim (ə) deyir ki, xeyr, varımdır: “Ancaq qəlbimin aram olması üçün öz gözümlə görmək istəyirəm”. Ancaq İmam Əlinin (ə) qəlbində belə bir iman hazır idi. Həzrət (ə) buyurur ki, “Əgər qeybin bütün pərdələri kənara çəkilsə belə, yəqinimin bir zərrəsi belə artmayacaqdır”. O zaman ki, Allah Təala Həzrət Musanı (ə) Fironu hidayət etməsi üçün vəzifələndirir, o, deyir: “Allahım, mən onlardan bir nəfəri öldürmüşəm. Qorxuram ki, məni də öldürsünlər. Qardaşım Harunu mənimlə yolla ki, mənə yardım etsin”. Ancaq o zaman ki, Peyğəmbərimiz (s) Həzrət Əlini (ə) Məkkə müşriklərinin tövbə etməsi üçün vəzifələndirdi, İmamın (ə) ürəyində bir zərrə qədər qorxu yox idi. Halbuki, Məkkə müşriklərindən çox az adam vardı ki, yaxınlarından ən azı biri İmam Əlinin (ə) mübarək əli ilə cəhənnəmə göndərilməsin. Həzrət İsaya (ə) gəldikdə, Həzrət Məryəmin (s.ə) hamiləlik dövrü başa çatan zaman o şərafətli Xanıma (s.ə) vəhy olunur ki, Beytul-müqəddəsdən xaric olsun. Ancaq o zaman ki, İmam Əlinin (ə) anası Fatimə binti Əsədin (s.ə) doğum sancısı tutur, Kəbənin divarı Allahın izni ilə yarılır və Həzrət Əli (ə), Beytul-müqəddəsdən daha şərafətli məkan olan Kəbədə dünyaya gəlir. Bəli, bütün bunlar İmam Əlinin (ə) fəzilətlərindən və üstünlüklərindən xəbər verir. İmam Əli (ə) Allah Təala tərəfindən elə bir dərəcəyə qaldırılmışdı ki, bu dərəcə həm İlahi peyğəmbərlərin (ə) və həm də Allahın yaxın mələklərinin dərəcəsindən üstün idi. Təbii ki, bu fəzilət və üstünlüklər – insanların İmaməti tanıması, Əhli-Beytin (ə) məqamını dərk etmək üçün Uca Allahın lütfüdür. Allah Təala cəmi müsəlmanlara Rəsulallahı (s), İmam Əlini (ə), Əhli-Beyti (ə) dərk etmək tofiqatını nəsib etsin! /Deyerler.org/ Oxşar xəbərlər
|