İbadətin insan üçün vacib olması nə üçündür?
Allah Təala bəşəri elə yaratmışdır ki, onun tərbiyə almağa ehtiyacı vardır. Onu həm xaricdən tərbiyə etmək lazımdır, həm də batindən.
Özünü tərbiyə və ya başqa sözlə desək, batini tərbiyə – fikir və ağıl qüvvəsinin tərbiyə olunması deməkdir. Hər kimin güclü ruhu və ağlı olar, öz şəhvətinə, qəzəb qüvvəsinə qalib gəlməyi bacarar. İnsanı batini tərbiyə edən vasitələrdən biri də orucdur. Oruc ancaq yeməmək və ya içməmək deyildir. Əslində insan bütün bədən üzvləri ilə oruc tutar. Niyyətindən tutmuş, fikir və düşüncələrinə qədər insan həqiqi oruc durumunda olmalıdır. Oruc tutan insan çalışar ki, həmin günü günahdan uzaq olsun. Ən azı qeybət etməsin, yalan danışmasın, insanların haqqını yeməsin... Əgər bu işi davamlı görərsə, o zaman nəfsini islah edib, özünü tərbiyə edə biləcəkdir. Həzrət Peyğəmbər (s) Ramazan ayının orucu barəsində buyurur ki, sizin yatmağınız, nəfəs almağınız belə ibadət hesab olunur. Bəs necə? Bu, ona görədir ki, insan artıq oruc tutduğunu niyyət edibdir. O, heç bir iş görməsə belə, Allah dərgahında ibadətlə məşğul olmuş hesab olunar. Hətta nəfəs almağı ilə belə, “Subhənallah” deyər. Başqa hədisdə oxuyuruq ki, əgər sükut etsəniz belə, bu, ona bənzəyir ki, “Subhənallah” zikrini edirsiniz. Oruc olan insanın duaları qəbul olar və hacətləri yerinə yetər. İnsana vacib edilən bütün ibadətlərin məqsədi – onu heyvani tərəfdən insanlıq tərəfinə tərəf çəkməkdir. Çünki insan həm heyvani və həm də mələk sifətlərinə malikdir. Əgər heyvani tərəfi güclü olarsa, mələk tərəfi zəifləyər. Əksi də o cürdür. Əgər heyvani tərəfdən uzaqlaşa bilsə, ruhani və mənəvi tərəfə daha çox yaxınlaşar və islah olar. İmam Cəfər Sadiq (ə) şagirdi Muhəmməd ibni Müslimə buyurur ki, o zaman ki, ruc tutursan, gərək qulağın da oruc tutsun, gözlərin oruc tutsun, dilin oruc tutsun, ətin, dərin, sümüklərin, ürəyin, saçların oruc tutsun. Yalan danışmayasan, mömin insanları bəlaya salmayasan, mömin qardaşların üçün fitnə hazırlamayasan, bədxah olmayasan, pis qəlbli olmayasan, töhmət vurmayasan, əmanətdar olasan. Bəli, oruc o ibadətlərdəndir ki, insan nəfsini islah edər və onu tərbiyə edər. Bu ibadət insanı Allaha yaxınlaşdırar, günahdan uzaqlaşdırar, iman dərəcəsinin artmasına səbəb olar, insanı İlahi qürb məqamına çatdırar. Bütün ibadətlərin, xüsusən də, vacib olan ibadətlərin məqsədi – insanı mələkut yüksəkliklərinə çatdırmaq, kamil etmək, onun heyvani tərəfini tamam aradan aparmaqdır. Mahiyyətcə, vacib olan ibadətlər insanı bir cür sabit sistemə salır ki, insan nəfsani hisslərini tam kontrola ala və ram edə bilsin. Vacib ibadətlərini yerinə yetirdikcə, insan saatının, gününün, ayının, ilinin, ömrünün bir hissəsini mütləq Allahla rabitə halında keçirir və ən minimal həddə də olsa, heyvani xislətlərdən imtina etmək potensialını üzə çıxarır. Təbii ki, daxilində İlahi eşq yaranan insan, müstəhəb ibadətlərə, Allahla raz-niyaza meyillənir və ibadəti vacibliyinə görə deyil, Allahla ünsiyyət üçün daxili tələbatının yaranması səbəbindən yerinə yetirir. Odur ki, bu ibadətlərin, o cümlədən vacib və müstəhəb orucların qədrini bilək və bu üç şərəfli ayda onun fəzilətlərindən bəhrələnək. /Deyerler.org/ Oxşar xəbərlər
|