Üç sahədə cihad
Mьəllif: admin1
Tarix: 14-03-2023, 10:10
Üç sahədə cihad
İmam Əli (ə) dəyərli bir vəsiyyətnaməsində İmam Həsənlə (ə) İmam Hüseynə (ə) belə buyurur:

«Malınız, canınız və dilinizlə Allah yolunda cihada münasibətdə Allahı, Allahı unutmayın.»

Qeyd etməliyik ki, cihad dedikdə, fərdi savaş nəzərdə tutulmur. Qurani-Kərim bu zəmində iki təbirdən istifadə edir: «cihad» və «qital».

Qital dedikdə, iki şəxsin və ya iki toplumun qarşı tərəfi öldürmək məqsədilə vuruşması nəzərdə tutulur.

Əgər öldürmək məqsədilə savaş başlamışsa, onun nəticələrindən asılı olmayaraq bu savaş qital sayılır. Qurani-Kərimdə uyğun təbirlə tez-tez rastlaşırıq:

«Hər kəs Allah yolunda qital edib (döyüşüb) öldürülsə və ya qalib gəlsə, tezliklə ona böyük mükafat verəcəyik.» (“Nisa”, 74.)

«Həqiqətən, Allah Onun yolunda tökmə divar tək cərgə-cərgə dayanıb qital edənləri (döyüşənləri) sevir.» (“Səf”, 4.)

Amma bəzi ayələrdə «qital» yox, «cihad» təbirindən istifadə olunur:

«Ey iman gətirənlər! Sizə sizi ağrılı əzabdan qurtaracaq ticarət yolunu göstərəkmi? Allaha və Onun Rəsuluna qatılın, Allah yolunda cihad edin.» (“Səf”, 10-11.)

«Həqiqətən iman gətirib hicrət edənlər, Allah yolunda cihada qalxanlar Allahın rəhmətinə ümidlidirlər...» (“Bəqərə”, 218.)

Ərəb dili və Quran maarifi ilə tanış olmayanlar təsəvvür edirlər ki, cihadla qital arasında fərq yoxdur. Əslində isə, cihad qitaldan daha əhatəli məfhuma malikdir.

Cihad dedikdə, təkcə hərbi mübarizə nəzərdə tutulmur. Bəli, qital hərbi qarşılaşmadır. Əgər Quranda «malla cihad» ifadəsi ilə rastlaşırıqsa, «malla qital» ifadəsi nəzərə çarpmır.

Əgər qital, yalnız cana aiddirsə, cihad həm cana, həm mala, həm də başqa imkanlara aiddir. Bu səbəbdən, Qurani-Kərimdə «canla cihad», «malla cihad» təbirləri ilə rastlaşırıq: «İman gətirib hicrət edən, Allah yolunda malı və canı ilə cihada qalxanlar Allah yanında çox uca məqama malikdirlər...» (“Tövbə”, 20.)

«Möminlər o kəslərdir ki, Allah və Onun Peyğəmbərinə qoşulub şəkk etmədən malları və canları ilə Allah yolunda vuruşarlar...» (“Hucurat”, 15.)

Qurani-Kərim müxtəlif məqamlarda hərbi cihadı iqtisadi cihadla yanaşı qeyd edir: «Ey iman gətirənlər! Sizə sizi ağrılı əzabdan qurtaracaq ticarət yolunu göstərimmi? Allah və Onun Rəsuluna iman gətirin, Allah yolunda malınız və canınızla cihad edin...» (“Səff”, 10-11.)

Quranda harada «cihad» kökündən olan sözlər işlənirsə, həm mal, həm də candan söhbət gedir. Mal ilə cihad can ilə cihaddan öncə qeyd olunur.

Təbii ki, insanların cəbhədə iştirakı üçün öncədən tədarük görülməlidir. Məsələn, əziz Peyğəmbərin (s) dövründə savaş üçün at, qılınc, zireh, dəbilqə lazım gəlirdi. Şübhəsiz, bu döyüş təchizatlarını əldə etmək üçün xəzinəyə ehtiyac var idi. Mal ilə cihad dedikdə, həmin bu hissə nəzərdə tutulur. İnsanlar anlayır ki, savaş üçün maliyə mənbələrinə ehtiyac var. Ümumi və konkret şəkildə mal ilə cihadı savaşa arxa kimi təfsir etmək olar. Amma başqa bir ehtimal da var. Olsun ki, malla cihad dedikdə, daha geniş məna başa düşülsün. Bu ehtimal dövrümüz üçün daha xarakterikdir.

Hamımız bilirik ki, əsrimizdə mübarizə təkcə hərbi meydanda aparılmır. Əslində savaş meydanından daha əhəmiyyətli sahələr var. Bu mübarizələrdən biri iqtisadiyyat sahəsinə aiddir və iqtisadi müharibə adlanır.

İqtisadi silah bu gün hərbi silahdan daha böyük imkanlara malikdir. Hazırda dünya imperialistləri hərbi yox, iqtisadi silahla millətləri dizə çökürürlər.

Artıq hərbi mühasirə yox, iqtisadi mühasirədən söhbət gedir. İqtisadi mühasirədə olan ölkə nəinki silah, hətta qida məhsulları əldə etməkdə çətinlik çəkir.

Müharibələr ağır xərc apardığından və böyük təhlükələrlə müşayiət olunduğundan dünyanın super gücləri millətlərə qarşı iqtisadi silahdan istifadə edirlər. Hansı ki, keçmişdə iqtisadi savaş kimi bir məfhum yox idi.

Əgər vardısa da, yalnız savaşların gedişində ötəri xarakter daşıyırdı. Bu gün isə mübarizə meydanında ən əsas vasitələrdən biri iqtisadi savaşdır. Super güclər millətlərə diz çökürmək üçün iqtisadi savaşdan taktiki gediş yox, strateji təsir kimi faydalanırlar.

Bir sözlə, düşmənlə mübarizə təkcə top-tüfənglə aparılmır. Müxtəlif mübarizə növləri var və bu mübarizələrdən biri də iqtisadi mübarizədir.

Cihad sahəsində digər maraqlı nöqtə budur ki, əgər Quran ayələrində yalnız mal və canla cihaddan danışılırsa, Əmirəlmöminin Əlinin (ə) vəsiyyətində bu sıraya dil cihadı da əlavə olunur: «Malınız, canınız və dilinizlə Allah yolunda cihada münasibətdə Allahı… Allahı unutmayın.»

Hərbi savaşdan əlavə, malla cihad olduğu kimi, dillə də cihad var. Əmirəlmömininin (ə) vəsiyyəti elə bir dövrə təsadüf edir ki, onun cihadla bağlı vəsiyyətləri hərbi savaş mənasında anlaşıla bilər.

Dil ilə cihada çağırış dedikdə isə, bunun cəbhəyə çağırış mənasında anlaşılması mümkündür. Elə mal ilə cihadda da cəbhəyə yardım maddəsi nəzərdə tutulurdu.

Şübhəsiz ki, insanların cəbhəyə təşviqi dil ilə cihad nümunələrindəndir. Amma bu yalnız bir nümunədir. Əslində, dil il cihad ifadəsinin daha geniş mənası var.

Malla cihad mövzusunda işarə etdiyimiz kimi, bugünkü dünyada millətlər və dövlətlər arasındakı qarşıdurma təkcə hərbi meydanda özünü göstərmir.

Müxtəlif meydanlar yaranıb. Bu meydanlardan ən mühüm məsələlərindən biri də təbliğat müharibəsidir. Düşmən öz təbliğatları ilə bir millətin düşüncə tərzinə təsir göstərməyə çalışır.

Təbliğatla millətin inamları, dəyərləri, mədəniyyəti, düşüncəsi kənar təsirə məruz qalır. Bu məqamda dillə cihad böyük əhəmiyyət daşıyır.

Bu vaxta qədər malla cihad dedikdə, savaş üçün büdcə toplanması nəzərdə tutulurdu. Amma bu gün iqtisadi cihada və cəmiyyətin yoxsul təbəqəsinə yardım malla cihad sayılır.

Əgər dillə cihad dedikdə, insanların cəbhəyə təşviqi nəzərdə tutulurdusa, bu gün düşmənin dinimizə və əqidəmizə yönəlmiş hücumlarına cavab vermək, cəmiyyətə İslamdan, İslam hökmlərindən və dəyərlərindən danışmaq dil cihadıdır. (“Peyame-Movla əz bəstəre-şəhadət” – Şəhadət yatağında Mövlanın öyüdü, Ayətullah Misbah Yəzdi, səh.144-153.)



Maide.az
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031