Rəcəb ayının duasında şərin çatması barədə işarə nəyə dəlalət edir?
Rəcəbiyyə duasında oxuyuruq: “Amənu səxətəhu ində kulli şərr”.
Allah Təala “Bəqərə” surəsində buyurur: “Sizi mütləq bir az qorxu və aclıqla, eləcə də mal, can və (ağac) məhsulların(ın, yaxud arvad-uşaq kimi həyat səmərələrinin) azlığı ilə imtahan edəcəyik. Səbir edənlərə müjdə ver”. (“Bəqərə”, 155). Niyə imtahan etmək istəyir? Ona görə ki, ey insan, səni oyatmaq istəyir. Bu, bir hədə deyildir. Əslində insana verilən bir fürsətdir. Yəni, Allahın imtahanına qəzəb gözü ilə baxma, çalış fürsət gözü ilə baxasan. Rəcəb ayının duasında da o cürdür. Bu dua demək istəyir ki, Allahım! Əgər mənə şər çatarsa, bu, onun nişanəsi deyildir ki, Sənin məndən xoşun gəlmir və buna görə də Sənin imtahanına düçar olmuşam. Mən dəqiq bilirəm ki, mənə çatan şər – Sənin tərəfindən deyildir. Çünki mən belə bir şərdən amandayam. Bu dua haqqında düşünən zaman Quranın bu ayəsi yada düşür: “Amma insana gəldikdə, nə zaman Rəbbi onu imtahana çəksə, ehtiram göstərsə və nemət bəxş etsə, deyər: «Rəbbim məni əziz tutmuşdur» (hər bir işə izn vermişdir). Amma nə zaman onu imtahan edib ruzisini azaltsa, «Rəbbim məni alçaltdı» - deyər. Belə deyildir. (Güman edirsiniz ki, nemətin çoxluğu əməldə azadlıq verməkdir, onun azlığı alçaldılmaq. Həm gümanınız yalnışdır. Həm də)”. (“Fəcr” 15-17). Ona görə də deyə bilərik ki, “amənu səxətəhu ində kulli şərr” dedikdə, Uca Allah bizi hədələmir, əksinə – bizə fürsətlər təqdim edir. Mənə çatan şər ona görədir ki, mən özümü yığışdıram və özümü sahmana salam. Qəflət yuxusundan ayılam. Allah Təala mənim həkimimdir. Məni müalicə etmək istəyir. Həkim heç bir zaman xəstəsinə ziyan vurmaz. Həkim hansı işi görürsə-görsün, xəstədən onun haqqında soruşanda, deyər ki, “amənu səxətəhu ində kulli şərr”. Əgər hətta qəlbimi yerindən çıxartsa belə, əgər sümüklərimi sındırsa belə,yenə də eyni şeyi deyəcəkdir. Qəlbimi ona görə çıxardır ki, ürəyimin damarlarını müalicə etmək istəyir. Sümüklərimi ona görə sındırır ki, onları hamar düzləşdirsin. Bu, Allaha edilən hüsnü-zəndir. Rəcəb ayının duası da bizdən bunu istəyir və bizə fürsətləri əldən verməməyi tövsiyə edir. (Deyerler.org) Oxşar xəbərlər
|