Təhqir və böhtan aciz insanların işidir.
Mьəllif: admin1
Tarix: 1-04-2020, 22:43
Təhqir və böhtan aciz insanların işidir.
Dinimiz təhqirə yol verilməsinin əleyhinə olan uca bir dindir. Təhqir və böhtan aciz insanların işidir. Ağıllı, cəsarətli və qüdrətli insanlar təhqir və böhtana heç vaxt əl atmır, əksinə, öz mövqelərini dəlillərlə ortaya qoyurlar. Təhqir və böhtan müqəddəs dinimizdə yolverilməz bir əməl sayılır.

Mübarək bir hədisdə Allah Rəsulu (s) buyurur: “Heç bir müsəlmanı alçaldıb təhqir etmə! Çünki onların ən kiçiyi də Allah yanında böyükdür”. (“Tənbihul-Xəvatir,” c.1, səh.31)

Allah Rəsulu (s): “Adəm övladının pis olması üçün öz müsəlman qardaşını alçaltması kifayət edər.” (“Tənbihul- Xəvatir,” c. 2, səh.122)

Bəli, biz elə bir dinin ardıcıllarıyıq ki, onun ana kitabı olan Quran hətta bütü də təhqir edib söyməyi rəva görmür: “Allahdan qeyrisini çağıranları (sitayiş edənləri) söyməyin ki, belə olan halda onlar da düşmənçilik və cahilliklərinə görə Allahı söyərlər. Beləcə, hər ümmətin əməllərini (öz gözlərində) zinətləndirdik. Onların son qayıdışı Allahın yanınadır. Allah onlara etdikləri əməllərdən xəbər verəcəkdir.” (“Ənam” surəsi, 108)

Artıq əsas mövzumuza keçid ala bilərik.

Ölkənin bu çətin günlərində (öldürücü koronavirusla mübarizə apardığı bir vaxtda) vəzifə borcu millətə dəstək və kömək olan millət vəkili fürsəti fötə verməyib milli və mənəvi dəyərləri ən kobud formada təhqir edir, ədəbsizlik edir. Biz buna ədəbsizlik deyib keçiriksə, bu bizim sadəlövhlüyümüzdən deyil, alicənablığımızdandır. Loğman həkimin də buyurduğu kimi, ədəbi ədəbsizdən də öyrənmək olur. Bir ədəbsiz söyüş söyürsə, biz söymürük. Bir ədəbsiz təhqir və böhtana əl atırsa biz atmırıq.

Bəli, Fazil Mustafadan danışıram - onun müsəlmanlara, inanclılara qarşı yersiz hiddətindən... Görəsən, əhalisinin böyük əksəriyyətinin müsəlman olan xalqın inanclarını və ən ibitdai haqlarını pozmaq kimə və nəyə lazımdır? Özü də ilin, günün bu vaxtında...

Niyə elm və din arasında uçurum yaratmağa çalışılır? Niyə ölkənin suverinliyi və müstəqilliyi uğrunda canını bu torpağa fəda edən şəhidlərin məzar və məqbərələrinin ziyarəti dolayı yolla nüfuzdan salınır? Niyə 20 Yanvar, Xocalı, 31 Mart və sair günlərdə vətən uğrunda şəhid olanlar ziyarət olunmasın?

Apreldə şəhid olan “Mübariz”lərimiz niyə unudulsun? Şəhidlərin xatirəsini yad edib, xatirəsin əziz tutanlara etdiyiniz “iradları”, 20 Yanvar şəhidlərini ən kobud şəkildə təhqir edənlərə etməli deyildinizmi? Bu cür lazımsız mövzulara sərf etdiyiniz enerjini bu azğın təfəkkürə, milli və mənəvi dəyərlərin qorunmasına sərf etməli deyilsinizmi?!

Sizin təhqir etdiyiniz məqbərələr, müqəddəs Kəbə evi başda olmaqla müsəlmanların “sürü” deyil, cəm halda getdiyi ziyarətgahlar müsəlmanların and yeri, ən çətin günlərdə mənəvi sığınacağıdır. Siz xəcalət çəkmədən “sürü” dediyiniz millətin vəkilisiz?! Siz sürü ilə cəmi ayıra bilmirsiniz yoxsa “sürü” deyərək təhqir etdiyinizi güman edirsiniz? Necə də pis düşünürsünüz!

Bir çox ölkələrdə “adsız əsgər” məzarları mövcuddur. Bu qəbirlərin üzərində abidə ucaldan xalqların məqsədini belə açıqlayırlar: “Bu əsgər zalımların zülmünə qarşı vətənini qorumaq üçün canından keçmişdir. Amma onun bədənindən və geyimindən kimliyi bilinmir, hansı ailədən və hansı şəhərdən olduğuna dair hər hansı bir məlumat və əlamət yoxdur.

O əsgər adsız və kimliyi naməlum olmasına baxmayaraq, qanını zalımların zülmünü dəf etmək yolunda axıtdığı üçün dəyərlidir. Hər hansı bir dövlət adamı, nazir və ya dövlət məmuru o şəhərlərdən birinə səfər etsə, ehtiram üçün o adsız əsgərin qəbrini ziyarət edər və məzarı üstünə gül çələngi qoyur. Ona milli heysiyyətlərini dünya millətləri qarşısında qorumaq üçün ehtiram göstərirlər.”

İndi biz insaflı olanlardan soruşuruq: “Kərbəlada şəhid olan 72 nəfər bilinən, tanınan, hamısı alim, abid və təqvalı, bəziləri isə Quran qarisi və hafizi olan, zalımların zülmü qarşısında din və tövhidi, İslam və ədaləti müdafiə etmək yolunda canlarından keçiblər. Əksəriyyəti də Peyğəmbərin (s) əhli-beytindən olan o şəhidləri yad edən və onları ziyarət edən şəxsləri təqdir və təşviq etmək əvəzinə, onlara meneçilik törətmək, təhqir etmək utandırıcı deyilmi?!”

Biz sadəcə bir nümunə qeyd elədik. Əziz Peyğəmbərimizin (s) hədislərinə müraciət olunsa bu mübarək şəxslərin qəbirlərini ziyarət etmək, onlara təvəssül və təbərrük etməyin heç bir eyibi olmadığını görəcəyik.

Ölkəmizdə bir sıra ziyarətgahları dövlət tərəfindən bərpa edilir, qoruyur. Amma siz...

Unutmayın! Vəkili olduğu millətinə “sürü” deyənlər tarixin qaranlıq səhifələrinə gömülərək, unudulacaq!!!

Din dövlətdən ayrı olsa da, bu mövzuda ortaq cəhətləri vardır. Dinimiz insanları, inanclarını təhqir etməyi qəti pislədiyi halda, dövlətimiz də qanunları ilə bu işi qadağan edir və məlum mövzular Cinayət məcəlləsində yer almaqdadır.

Biz hüquqi dövlətdə yaşayırıq Fazil bəy! Bu ölkə xaricdə oturan muzdlu vətən xainlərinin dediyi kimi “xarabaxana” deyil ki, hər kəs istədiyi havanı çalıb oynasın.

Deyəsən Fazil bəy, hüquqi bir dövlətdə yaşadığımızı və necə gəldi, kimə gəldi söz atıb, təhqir edə bilməyəcəyimizi unudub. Elə isə təkrar biliyin anasıdır deyib insanları təhqir edib alçaltmaq barədə qanunların bir qismini milləti təhqir edən “millət vəkili”nə xatırlatmaq istəyirik;

Maddə 148. Təhqir.

Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma — min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 148-1. İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə
İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə —min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Fazil Mustafanın dəfələrlə ölkənin inanclı şəxsləri barədə sosial şəbəkələrdə və internet səhifələrindəki ifadələri qanun ələyindən keçsə necə olacaq?

Sözügedən yazıda əxlaqi dəyərlərdən söz açıbsınız. İstənilən halda, kiminsə inancına görə ona “sürü” demək hansı əxlaqdan qaynaqlanır?

Siz Qurandan sitat gətirib özünüzü müsəlman adlandırırsınız. Hansı İslam və müsəlmançılıq digərlərini inancına görə “sürü” adlandırmağa haqq qazandırır?

Yuxarıda qeyd etdiyimiz kimi, bütpərəstin bütünü də söyüb, təhqir etməyə izn verməyən dinimiz, Quranın ardıcılıyıqsa bu nə ədəb, bu nə hikkə?!

Bu nəyin hikkəsidir belə? Hətta biri səhvdir, onu təhqir etməklə hidayət edəcəksiniz? Siz belə müsəlmansınız? Hindistanda insanlar inəyə sitayiş edir, bəzi ölkələrdə taxtaya, ağaca, daşa ibadət edirlər.

Heç onlar barədə narahatçılığınızı müşahidə etmirik. Amma dininə sarılıb, əziz Peyğəmbərinin (s) yolu ilə addımlayan müsəlmanlar daim hədəfinizdədir. Niyə?!

Bir video müsahibənizdə belə qeyd edibsiniz. Sitat: “...Guya onların inancına kimləsə qarışır, inancları haqda hansısa fikirlər səslənir. Ümumiyyətlə başqasının inancına istər şiə, yəhudi, xristian olsun heç kim inancına qarışılmır, Azərbaycan tolerant, multikulturalizmin yayıldığı ölkədir. Biz sadəcə özündə fanatizm ehtiva edən, xurafat və mövhumatı təbliğ edən, başqa ölkədən idarə olunan şəbəkənin fəaliyyətini tənqid edirik.”

Kaş ki, fəaliyyətiniz elə müsahibədə qeyd etdiyiniz kimi olaydı. Lakin təəssüflə qeyd edək ki, dedikləriniz sadəcə sözdə qalıb. Biz daim bunun əksini müşahidə edirik.
Keçmişə bir baxış (Heç nə unudulmur, heç nə yaddan çıxmır!)

Siz (2015-ci ilin 17 İyulunda, cümə günü, saat 13:52-də) Səudiyyə və Türkiyənin mediasına əsasən, hay-küy salmışdınız ki, bayram şənbə günü deyil, cümə günüdür.
Siz nə ilahiyyatçı-ruhani deyildiz, nə də rəsmi qurumun (QMİ) nümayəndəsi. Elə buna görə də sizin yazdığınız elə sizə qaldı. Bir qism cümə günü, digər bir qism isə şənbə günü bayram etdi.

Hə maraqlısı burasıdır. Bilirsiz nə oldu? Sizin etimad edib güvəndiyiniz Ərəbistan və Türkiyə mediası daha sonra etiraf edib məlumat yaydılar ki, “aaa bayram şənbə günü imiş...”

Ərəbistandakı “ağıllılar”da kəffarə verdilər guya. Heç bilinmədi bizim Azərbaycanda əyləşib Ərəbistanla uçmaq istəyənlərin kəffarəsi necə oldu? Sələfi-vəhhabilərin Azərbaycandakı rəhbəri kimi bilinən Qamət Süleymanov da etiraf edib dedi ki, biz səhv etdik, tələsdik.” Videoportallarda bu tarixi əks etdirən video görüntülər var.

Bəli, məlum məsələyə görə Ərəbistan üzr istədi, hətta Qamət də əşşi deyib bu həqiqəti əxilərlə paylaşdı. Etiraz edib “Belə şey ola bilərmi?” deyənlərə “Təəccüblənməyin, bəli ola bilər” deyib yola verdi. Amma siz Fazil Mustafa təvazökarlıq edərək bu millətə nümunə ola bilərdiz. Deyə bilərdiz ki, bəli, səhv oldu filan.

Lakin siz gözləntimizi boşa çıxartmadınız və bir kəlmə də olsun bu barədə yazmadınız.

Fikirləri ilə razılaşmadığınız şəxsləri tez İranpərəst, fars adlandırırsız. Bəs indi biz nə deyək? Azərbaycanda əyləşib Ərəbistan təqvimini burda yeritmək istəyinizi necə başa düşək? Axı siz hərdəm tv-lərdə savadlı insan kimi qələmə verilirsiniz.

Yəni, siz guya anlamırsınız ki, ayın görünməsi şəriət, məzhəb, ümumiyyətlə, din mövzusu deyil? Axı bu üfüqlə bağlıdır və bunu hər hansı bir ölkə və məzhəblə bağlamaq ağıldan kənar bir işdir.

Bilmirəm 7-8-ci siniflərin dərsliyində yer alan bu məlumatı bilirdiz ya yox, lakin biz isbat etdik ki, bu kimi sözlər ölkəni qarışdırmaq istəyənlərin fitnəsidir.

Sərdar Cəlaloğlunun ifadəsi ilə desək “Siz ölkədə süni də olsa, şiə sünni müharibəsi yaratmaq niyyətindəsiz.” Bu Sərdar Cəlaloğlunun barənizdə olan iddiasıdır.

Fazil bəy keçmişə bir nəzər salaq. Daha başlamışıqda... Bir də sizinlə belə dərdləşmək imkanı kim bilir haçan olar. Elə bilməyin etdiklərinizi, yazdıqlarınızı silməklə yaddan çıxır.

Hər şey bu xalqın xatirindədir, hətta ziyarətgahlara boş şeydir deməyiniz də, nəzir qutusuna nəzir salanları axmaq adlandırmağınız da, Fətullah Güləni necə müdafiə etməyiniz də... Hardan başlayaq Fazil bəy?

2016-cı ilin Avqustunda sizə yazıb bildirdik ki, “ziyarətgahlar” barədə fikrinizi ədəblə də bildirə bilərdiniz. Hətta siz daha da irəli gedərək ora nəzir salanları axmaq adlandırmışdınız.

Xatırladınız hə? Siz kimisə tənqid edə bilərsiniz. Amma ədəb və ərkan, əxlaq çərçivəsində! Sizin anlamadığınız bax budur. Siz tənqidlə təhqiri səhv salırsınız.

Dünənəcən Fətulla Gülənin müdafiəçisi idiniz, nurçulara toz qondurmurduz. Doğurdane sizə nə olmuşdu o zaman? Fətulla Gülənə görə dünyaya od vurub yandırmağı belə gözə almışdınız.

Ay aman... Siz Fətulla Gülənin iç üzünü açıb göstərənləri yenə də ictimai yerlərdə “şərəfsiz” adlandırırdınız. Amma sonra nə oldu bəy? Sizə sübut olundu ki, o ağzınızın suyu axdığı məktəblər hamısı xalqın millətin əleyhinə yönəlibmiş.

Millətin beynini təhsil adı altında yuyub terrorçu yetişdirən ocaqların ocağı elə söndü ki, közü də qalmadı. Amma siz Türkiyəni bir gecədə qan gölünə çevirən o terrorçulara görə ölkənin ziyalı və elm admlarını zaman-zaman təhqir etdiniz. Niyə?

Fətulla Gülənə elə od qoydular ki, az qala o alov burdakıları da yandırıb yaxdı. Amma nədənsə daha nurçular barədə səsiniz sorağınız gəlmir. Daha nurçuları tənqid və hətta təhqir edənlərə də gözünün üstə qaşın var deyə bilmirsiz. Hətta istəsəz də deyə bilməzsiniz, eləmi?

Fətullah Gülən terror təşkilatının açdığı terror ocaqlarında insanlara əxlaq, ədəb təlim-tərbiyə aşılanmır? Ancaq, təhqir və söyüş təlimi alırlar?

Yaxşı, özünüz deyin bütün bunlardan sonra biz sizə nə ad verək?

Ərəbistan təqvimini Ramazan aylarında bu ölkədə tətbiq etməyinizi necə anlayaq? Buna görə sizə bir ad, Fətulla Güləni müdafiə etdiyinizə görə başqa bir ad verək?

Yox, bu bizim adətimiz deyil. Bu siz və bu da keçmişiniz... Özünüz özünüzə ən yaxşı qiyməti verin.

Əgər həqiqətən də ölkə üçün, bu ölkənin insanları üçün narahatsınızsa, onda ciddi problemlərin həllinə çalışın. Artıq neçə müddətdir ki, ölkədə buraxılan dərsliklərdə ciddi nöqsanlar aşkarlanır. Bəziləri isə ədəb və əxlaqdan belə uzaqdır ki, onun barəsində burada söz açmaq istəmirik.

Əgər həqiqətən də səmimi qəlbdən müsəlmansınızsa, onda təhqiri bir kənara qoyun. Çünki insanın pis olması üçün bu mənfi xüsusiyyət kifayət edər. Elə sözümü də o mübarək kəlamla bitirirəm:

Allah Rəsulu (s) buyurur: “Adəm övladının pis olması üçün öz müsəlman qardaşını alçaltması kifayət edər.” (“Tənbihul- Xəvatir,” c. 2, səh.122)


Mahir Şəkərov/ İlahiyyatçı, araşdırmaçı

Ahlibeyt.ge

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031