Mübarək Ramazan ayının dualarında axirət aləminə diqqət
Mьəllif: admin1
Tarix: 4-04-2023, 10:41
Mübarək Ramazan ayının dualarında axirət aləminə diqqət
Mübarək Ramazan ayının dualarında dönə-dönə təkrarlanan mövzulardan biri də insanların dünyəvi həyatdan sonrakı aləmlərə diqqət yetirməsidir; ölüm aləminə, qəbir aləminə, Qiyamətə, insanların hesab-kitab, ilahi sorğu-sual qarşısında durduqları zaman üzləşdikləri çətinliklərə.

Mübarək Ramazan ayının dualarında toxunulan məsələlərdən biri də budur. Vəzifə məsuliyyəti daşıyan bizlər üçün bu mənalara diqqət yetirmək olduqca əhəmiyyətlidir.

İnsanın özünü kontrolda saxlaması, ehtiyatını gözləməsi üçün zəmin yaradan amillərdən biri də həmin aləmlərə diqqət yetirməkdir. Bilməliyik ki, لایَعزُبُ عَنهُ مِثقالُ ذَرَّة – kiçik bir hərəkət də, azacıq bir fəaliyyətsizlik də, kiçik bir addım və söz də ölümdən sonrakı aləmin haqq-hesabını aparanların gözündən yayınmır, bizdən soruşulacaq. Şərafətli dualardan biri olan “Əbu Həmzə Sumali” duasında oxuyuruq:

اِرحَمنى صَریعاً عَلَى الفِراشِ تُقَلِّبُنى اَیدى اَحِبَّتى

“Ölüm yatağına düşdüyüm, hərəkət üçün dostlara möhtac olduğum vaxt mənə rəhm et!”

Bu halla hamı üzləşir; demək olar ki, çoxları ölüm ayağında, ölümə yaxın anlarda yaşanan bu halların başqalarında şahidi olublar. Həmin anlarda bizim əlimizdən heç nə gəlmir, orada Allah-Taaladan yaxın bizə heç kəs olmur:

وَ نَحنُ اَقرَبُ اِلیهِ مِنکُم وَ لکِن لا تُبصرِون

“Biz ona sizdən daha yaxınıq, amma siz (bunu) görmürsünüz!” (Vaqiə/85)

O halda qarşısında durduğumuz gedər-gəlməz səhralıqdan heç kəs bizi xilas edə bilməz; yalnız saleh əməl və Allahın lütfündən başqa. Bu duada deyirik: اللّهُمَّ ارحَمنى – İlahi, orada bizə rəhm et.

وَ تَفَضَّل عَلَىَّ مَمدوداً عَلَى المُغتَسَلِ یُقَلِّبُنى صالحُ جیرَتى

“Qüsl üçün uzadıldığım və saleh qonşularımın məni sola-sağa çevirdiyi vaxt mənə fəzlindən mərhəmət qıl!”

Ölümdən sonra bizə qüsl verilən zaman Allah-Taala o halda bizə Öz lütf və mərhəmətini şamil etsin, bizə rəhm etsin. Özümüzdən asılı olmayaraq, bizə qüsl verən əllərdə olacağıq. Hər birimiz bu vəziyyətə düşəcəyik; bu haldan heç birimizə qaçış yolu yoxdur. Bu, hamımızın başına gələcək. O anı yaddan çıxarmayın.

وَ تَحَنَّن عَلَىَّ مَحمولاً قَد تَناوَلَ الاَقرِباءُ اَطرافَ جِنازَتى

“Qəbrə doğru aparıldığım və yaxınlarımın cənazəmi dövrəyə aldığı vaxt mənə mehribanlıq göstər.”

Bizi qaldırıb çiyinlərinə alacaqlar, əbədi, həmişəlik məkanımıza aparacaqlar.

وَ جُد عَلَىَّ مَنقولاً قَد نَزَلتُ بِکَ وَحیداً فى حُفرَتى

“Qəbrə qoyulduğum və hüzuruna tək-tənha gəldiyim vaxt mənə kərəm göstər.”

Bizi qəbrə endirəcəklər. Bu, bir xatırlatmadır. Bu halı heç vaxt yaddan çıxarmaq olmaz; həmişə gözümüzün önünə gətirməliyik. Dinimizdə bizə qəbiristanlığa, ölülərin ziyarətinə getmək tapşırılır. Bunun bir səbəbi də elə dediklərimdir. Bəzi insanlar kiminsə onlara ölümü xatırlatmasından xoşlanmır, amma bu, bir müalicə üsuludur, dərmandır. Bizim eqoizmimizin, qəflətimizin, nəfs düşkünlüyümüzün əlacıdır. “Əbu Həmzə Sumali” duasının başqa bir yerində oxuyuruq:

اِلهى اِرحَمنى اِذَا انقَطَعَت حُجَّتى وَ کَلَّ عَن جَوابِکَ لِسانى وَ طاشَ عِندَ سُؤالِکَ اِیّاىَ لُبّى

“İlahi, mənim üçün höccət tamamlandıqda, dilim Sənə cavab verməkdə lal olduqda və ağılım cavab verməkdə çətinliyə düşdükdə mənə rəhm et!”

İlahi sorğu-sual qarşısında söz tapa bilməyib çıxılmaz vəziyyətə düşəndə, artıq, heç bir dəlil-bəhanə gətirmirik. Burdakı kimi deyil ki, qarşı tərəfin cahilliyindən, məlumatsızlığından, emosiyalarından istifadə edib onu həqiqətdən uzaqlaşdıraq. Orada bizi sorğu-sual edənə hər şey məlumdur, aydındır. O anı həmişə yadda saxlamaq, xatırlamaq lazımdır. Digər bir fraqmentdə:

اَبکى لِخُروجى مِن قَبرى عُریانا ذَلیلاً حامِلاً ثِقلى عَلَى ظَهرى اَنظُرُ مَرَّةً عَن یَمینى وَ اُخرى‌ عَن شِمالى اِذِ الخَلائِقُ فى شَأنٍ غیرِ شَأن

“Ağlayıram qəbirdən çılpaq, zəlil və xar, ağır (günah) yükünü çiyinlərimdə daşıyacaq halda çıxacağıma! (O vaxt) bir dəfə sağıma, bir dəfə soluma baxaram, çünki məxluqat mənim kimi yox, başqa bir vəziyyətdə olar.”

Bu duanı Ramazan ayının səhərlərində diqqətlə oxuyun:

Orada hərə öz dərdindədir, heç kəs əlimdən tutub mənə yardımçı olmayacaq.

لِکُلِّ امرِئٍ مِنهُم یَومَئِذٍ شَأنٌ یُغنیهِ، وُجوهٌ یَومَئِذ مُسفِرَةٌ، ضاحِکَةٌ مُستَبشِرَة

“O gün hər kəs öz əməlinə möhtac, bəzi üzlər parlaq, güləyən və sevincli olacaq.”

Möminlər, təqva sahibləri, ehtiyatını gözləmiş, haqq-ədalət və vicdan yolundan ayağını kənara qoymamış və dini vəzifələrinə əməl etmiş şəxslər bu cümlənin əyani nümunəsidir:

وُجوهٌ یَومَئِذٍ مُسفِرَةٌ، ضاحِکَةٌ مُستَبشِرَة

“O gün bəzi üzlər parlaq, güləyən və sevincli olacaq.”

Alnıaçıq, gülərüz, parlaq sima ilə – bəziləri belə olacaq:

وَ وُجوهٌ یَومَئِذٍ عَلَیها غَبَرَةٌ، تَرهَقُها قَتَرَة

“Bəzi üzlər isə toz-torpaq içində və zillət tozu qonmuş halda olacaq.”

Ramazan ayının duaları da, bütün digər dualar kimi, bizi ilahi rəhmətin lətif, ürəyəyatan, saf çeşməsinə doğru çəkir. Bu ay Allah qarşısında acizlik, təslimkarlıq ayıdır; istiğfar, təqva, Allaha qayıdış, özünütərbiyə və əxlaq ayıdır.

Peyğəmbəri-Əkrəmin (s) Şəban ayının sonunda oxuduğu cümə xütbəsində elə fraqmentlər var ki, onlar bizə bu ayın təkcə ibadət ayı yox, həm də əxlaq ayı olduğunu göstərir. Bu ayda biz bunlara diqqət yetirməliyik. (Ali Məqamlı Rəhbərin hökumət rəsmiləri ilə görüşü zamanı etdiyi çıxış – 23/6/2015.)


Maide.az
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031