Ramazan ayının mübarək adları və mənaları
Bütün aylar – Allahın ayıdır. Ancaq Ramazan ayı – bütün ayların sultanıdır. Çünki bu ayda Quran nazil olmuş və bu ayda Qədr gecəsi deyilən mübarək gecə vardır.
Bu ayda cəhənnəmin qapıları bağlanar və cənnətin qapıları açılar. Hər gün cəhənnəmdən minlərlə insan azad edilər. Bu, elə aydır ki, insan batini səfa əldə edə bilir. Ramazan ayının başqa adları da vardır. Belə ki, İmam Səccad (ə) buyurur ki, bu ayın adlarından biri – Allahın adıdır. Rəcəb ayı – vilayət ayıdır. Şəban ayı – Allah Peyğəmbərinin (s) ayıdır. Ramazan ayı da Şəhrullahdır. Bu ayın başqa adları – Siyam, Tuhur, İslam, Təmhis, Qiyamdır. Siyam – oruc deməkdir. Siyam ayı dedikdə, orucluq ayı nəzərdə tutulur. Siyam ayı dedikdə, məhz oruc tutmaq ayı deyil, orucluq ayı nəzərdə tutulur. Çünki Ramazan ayı ancaq yeməkdən və içməkdən uzaq olmaq ayı deyildir. Bu, bütün haramlardan uzaq olmaq ayıdır. Orucluğun öz mərtəbələri vardır ki, ən aşağı mərtəbəsi – yemək və içməkdən çəkinməkdir. Ən üstün mərtəbəsi odur ki, insan Allahdan qeyrisindən oruc olar. Yəni, qəlbi, zehni oruc olar. “Ramazan” özü də bu ayın adlarından biridir. Ramazan ayı – Allahın adlarından biridir. Bəs onun mənası nədir? Ramazan sözü əgər “rəməz” sözündən götürülmüşdürsə, “şiddətli hərarət” mənasını verir. Yox, əgər “rəmiz” sözündən götürülmüşdürsə, mənası o külək və yağışdır ki, yay fəslindən sonra yağar və yayın istiliyini aradan aparar. Bu aya ona görə Ramazan ayı deyilir ki, Allah Təala bəndələrinin günahlarını əridər və məhv edər. Bir payız yağışı kimi bütün pisliklərini aradan aparar. Bəndəni pak və təmiz edər. Tuhur sözü – paklanmaq deməkdir. Bəli, Ramazan ayı – Tuhur ayıdır, yəni paklanmaq ayıdır. Ramazan ayının adlarından biri – İslamdır. İslam burada təslim mənasında işlənmişdir. Yəni, bəndə Allahın qəza və qədəri qarşısında təslim olar. Ramazan ayı həm də Təmhis adlanır. Təmhis – yəni, xalisi xalis olmayandan ayıran aydır. Ramazan ayı həm də Qiyam ayıdır. Qiyam, yəni ayağa qalxmaq ayıdır. Bu ayda bəndə həm gecələri ayağa qalxar, həm nəfsi ilə cihad etmək üçün ayağa qalxar və həm də mənəvi yükünü artırmaq üçün ayağa qalxar. Bu mənalara baxaraq demək olar ki, həqiqətən də bu ay – Allahın xüsusi ayıdır və bu ayın hər anından bəhrə aparmaq – biz oruc tutanların vəzifəsidir. /Deyerler.org/ Oxşar xəbərlər
|