İmam Əlinin (ə) həyat tərzi
Şübhəsiz, imam Əlinin (ə)həyatı bəşəriyyətin tarix boyunca təcrübə etdiyi ən gözəl həyat tərzidir, bütün bəşəriyyətin ilahi simvolu və yer üzündə ilahi xəlifə mənasını daşıyan kamil insan həyatıdır. Bu həyat tərzi o qədər cazibədardır ki, onun dostunu sevginin, düşmənini isə düşmənçiliyin ən son həddinə çatdırır.
İmam Əli (ə) Peyğəmbərin (s) onun haqda belə buyurduğunu deyir:“Səninlə əlaqədar iki qrup həlak olacaq: hədsiz dərəcədə səni sevənlər (qulatlar) və səninlə düşmənçilik edənlər (nasibilər).” (“Əl-meyaru vəl-müvazənə”, Əbu Cəfər İskafi, s. 32.) İmamın (ə) həyatının ən mühüm hissəsi həyatını bütünlüklə əhatə edən “zahid”liyidir. Bütün dünyaya sahib olduğu halda, onun içindəkilərdənüz çevirən şəxs “zahid” adlanır; elə bir zahidlik ki, qənaətə üstünlük verir və çətinliklər müqabilində səbri özünə peşə seçir. Bəziləri Ömər ibn Əbdüləzizin hüzurunda ikən zahidlər haqda söz açır və ən zahid şəxsin kim olduğunu soruşurdular. Orada olanların bəzisi Əbuzər daxil olmaqla bir neçə nəfərin adını çəkirlər. Ömər ibn Əbdüləziz isə deyir: “İnsanların ən zahidi Əli ibn Əbu Talibdir.” İmam Əli (ə) yoxsulları öz ətrafına yığaraq onlara qayğı göstərirdi....Çox vaxt geyindiyi bircə köynəyindən su damlaları süzüldüyü halda, namaza gedib xütbə oxuyurdu. (“Əl-meyaru vəl-müvazənə”, Əbu Cəfər İskafi, s. 241.) O həzrət hakimiyyətdə olduğu müddətdə hakimiyyətinə tabe olan çox geniş torpaqların vergiləri, eləcə də, digər gəlirlərin xəzinəyə əlavə olunmasına baxmayaraq, ən sadə yeməklə kifayətlənirdi. O həzrətə deyirdilər: “Nemətlə dolu İraq vilayətində ən çox və ən yaxşı yeməklər olduğu halda, yenə özünü sıxıntıda saxlayırsan?” İmam (ə) isə bunu özünə bir iftixar hesab edirdi. O həzrətin özü bu haqda buyurur: “Dünyanı yüngül sayan mənəm.” O həzrət “beytül-mal”ı camaat arasında bölərkən özünə bir şey götürməz və evə əliboş gedərdi. Əsvəd ibn Qeys deyir: “İmam Əli (ə) Kufə məscidinin həyətində camaata yemək verir və işini qurtardıqdan sonra öz evinə gedib yemək yeyərdi. Səhabələrindən biri deyirdi: “Mən öz-özümə “Əli (ə) öz evində xalqa verdiyi yeməkdən dadlısını yeyir!”– deyə fikirləşərkən yeməkdən əl çəkib onun arxasınca düşdüm. Məndən:“Yemək yedinmi?” – deyə soruşduqda,“Xeyr!”– deyə cavab verdim. Buyurdu: “Belə isə mənimlə gəl.” Mən onunla birlikdə evinə getdim. O, evə daxil olub Fizzəni çağırdı. Bir kənizin gəldiyini gördüm. Əli (ə) ona buyurdu: “Bizə yemək gətir.” O, bir parça çörəklə bir qab ayran gətirdi və buğdanın qabıqları görünən çörəyi doğrayıb ayrana qatdı. Mən İmama (ə) dedim:“Fizzəyə söyləyin ki, buğda qabığı olmayan çörək gətirsin?” İmam buyurdu: “And olsun Allaha, Rəsulullahın (s) evində qabıqsız çörək əsla görmədim.” Üqbət ibn Əlqəmə belə nəql edir: “Mən bir dəfə Əlinin (ə) yanına getmişdim. Gördüm ki, qarşısına turşluğu və sulu olması ilə məni narahat edən bir ayran qabı qoyub. Soruşdum: “Bu ayranı içirsinizmi?” İmam (ə) buyurdu: “Ey Əbəl-Xəbun, Peyğəmbər bundan daha pisini yeyir və geyindiyim paltardan daha qalınını geyinirdi. Qorxuram ki, o həzrətin yerinə yetirdiklərini yerinə yetirmədiyim halda ona qovuşum.”“ Ədiyy ibn Sabit deyir: “Əliyə (ə) “faludə” (soyuq və şirin yemək növü) gətirdikdə, Əli (ə) onu yeməkdən çəkindi.” (“Əl-ğarat”, c. 1, s. 88.) Əbu İshaq Səqəfi “Əl-ğarat” kitabının bir çox səhifələrində imam Əlinin (ə) zahidliyi – geyimi, qidası, iqtisadi qənaəti,“beytül-mal”la rəftarı və ilahi qanunlara layiqincə riayəti haqda diqqəti cəlb edən nümunələr qeyd etmişdir. Əbu Səid Xudri belə nəql edir: “Bir dəfə Rəsulullah (s) “ənsar” qrupundan birinin cənazəsi üstə gəlib buyurdu:“Onun birinə borcu varmı?” Dedilər: “Bəli.” Rəsulullah (s) geri qayıtdıqda, Əli (ə) o həzrətə dedi: “Mən onun borcunu ödəyərəm.” Rəsulullah (s) Əliyə (ə) buyurdu:“Müsəlman qardaşına nicat verdiyin kimi, Allah da sənə nicat versin.” (“Rəbiul-əbrar”, Zəməxşəri,c. 3, s. 619.) Bəli, imam Əli (ə) öz mal-dövlətini belə bağışlasa da, “beytül-mal”dan (ümumi əmlak) ən yaxın tərəfdarına belə, haqqından artıq verməyə hazır olmazdı. (Maide.Az ) Oxşar xəbərlər
|