Həsənzadə Amuli kimdir?
Mьəllif: admin1
Tarix: 20-05-2020, 11:02
Həsənzadə Amuli kimdir?
Həsən Həsənzadə Amuli 1929-cu ildə Mazandaran əyalətinin Amul şəhərində anadan olub. İbtidai təhsilini aldıqdan sonra 16 yaşında hövzə dərslərini öyrənməyə başlayıb.

O, Muhəmməd Qərəvi, Əzizullah Təbərsi, Əhməd Etimadi, Əbdullah İşraqi, Əbulqasim Rəcai və başqa ustadlardan dərs alıb.

1950-ci ildə Tehrana gəlib, bir neçə il Hacı Əbulfəthin mədrəsəsində Seyyid Əhməd Ləvasanidən, daha sonra 13 il boyunca “Mərvi” mədrəsəsində Muhəmməd Təqi Amuli və Əbulhəsən Şeranidən dərs alıb, ictihad dərəcəsinə çatıb.

1963-cü ildə Tehrandan Qum şəhərinə hicrət edib, hövzə dərslərini və riyazi elmləri tədris etməyə başlayıb. Eyni zamanda Əllamə Seyyid Muhəmmədhüseyn Təbatəbaidən və onun tövsiyəsi ilə Seyyid Muhəmmədhüseyn İlahi Təbatəbaidən bəhrələnib.

Həsənzadə Amuli 17 il Seyyid Muhəmmədhüseyn Təbatəbaidən dərs alıb. Ustadı onun barəsində deyir: “Həsənzadəni İmam Zamandan (ə.f) başqa heç kim tanımayıb. Onun qət etmək istədiyi yolun torpağı Təbatəbainin gözünün sürməsidir.”1

Mirzə Əbulhəsən Şerani isə onu bu sözlərlə mədh edir: “Həsənzadə Quran elmləri üzrə müqəddəs kitabın kəlmə və mənalarını, zahir və batinini, qiraət və yazılışını, həmçinin bu mövzuda digər cəhətləri bilməkdə öz müasirlərindən üstündür.

Dirayə və ədəbiyyatda öz üstünlüyünü göstərməkdədir. Astronomiya və riyaziyyatda da məharətini göstərir. Şəriət elmlərində, əqli və nəqli cəhətdən bacarıqlıdır.

Üsuldan şəri hökmləri əldə etməkdə onun gücünü gördüm və ona icazə verdim ki, mənim üçün səhih olan rəvayətləri mənim dilimdən nəql etsin.”

O, Xacə Tusinin şərhi əsasında İbn Sinanın “İşarat” əsərini uzun illər tədris edib. Həmçinin, “Şəfa”, “Fususul-hikəm”, “Təmhidul-qəvaid” kitablarının da tədrisi ilə məşğul olub.

Əllamə Şeraninin istəyi əsasında o, “Üsuli-Kafi” kitabını yenidən redaktə edib, yeni quruluş verib.

Həsənzadə Amuli fəlsəfədə, irfanda özünəməxsus nəzəriyyələr irəli sürüb. Onun xüsusi əhəmiyyət verdiyi “vəhdəti-vücud” nəzəriyyəsinin isbatı barədə deyir: “Aləmdə bir həqiqət vardır. O da Allah-Təaladır. Digər bütün varlıqlar Allahın izni olmadan heç bir təsirə sahib olmadıqlarından həqiqətləri yoxdur və həqiqi vücud hesab edilmir.”

Bundan əlavə müəllif zühur və qeyb dövrü kimi etiqadi məsələlərdə də fikir sahibidir.

O, fiqh, fəlsəfə, əxlaq, irfan, kəlam, rical, təfsir, riyaziyyat, ərəb və fars ədəbiyyatı, təbiət və tibb elmləri mövzusunda çoxlu dəyərli əsərlərin müəllifidir.

“İlahinamə” əsəri ilə qısa tanışlıq

Onun irfani əsərlərindən biri də “İlahinamə” əsəridir. Bu əsər qafiyəli nəsr formasında yazılıb və münacat, dua, irfani kəlamların toplusudur. Bu baxımdan həm irfani, həm də ədəbi cəhətdən dəyərli əsərdir.

Qeyd etmək lazımdır ki, irfani mənaları məhz bu formada bəyan edən ilk alim Xacə Əbdullah Ənsari olub.

Həsənzadə Amuli “İlahinamə” əsərində özünün batini hal və hislərindən, daxili aləmində yaşadığı təcrübələrindən danışır, oxucuları pak və arifanə aləmə; özünün seyri-suluk dünyasına aparır, mənəvi aləmdən söhbət açır.

1. Samədi Amuli, “Mərifətun-nəfs” dərslərinin şərhində bu məsələyə işarə edərək, Əllamə Təbatəbainin sözünü qeyd etmişdir.


Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930