Salehlərin məqamına çatmağın yolu
Mьəllif: admin1
Tarix: 26-05-2020, 18:40
Salehlərin məqamına çatmağın yolu
Allah-Taala Qurani-Kərimin “Ali-İmran” surəsinin 92-ci ayəsində buyurur:

لَن تَنَالُواْ الْبِرَّ حَتَّى تُنفِقُواْ مِمَّا تُحِبُّونَ وَمَا تُنفِقُواْ مِن شَيْءٍ فَإِنَّ اللّهَ بِهِ عَلِيمٌ

“Sevdiyiniz şeylərdən (Allah yolunda) infaq etməyincə yaxşılığa yol tapmazsınız. Bilin ki, infaq etdiyiniz hər bir şeydən Allah hökmən xəbərdardır.”

Böyük xeyir-bərəkətə, əkin və ya yaşayış üçün hazır olan yerə “birr” deyilir. İstər insan, istərsə də digər canlıların qidası olan buğda isə “burr” adlanır.

Lüğətdə “xeyirdə genişlənmə” mənasını daşıyan “birr” sözünün Quranda iman, saleh əməl, cihad, namaz, əhdə vəfa kimi nümunələri zikr olunur.[1]

Hamıya tövsiyə olunur ki, “birr” yerinə yetirməkdə bir-birinə yardımçı olsunlar.[2]

Bu ayədə də buyurulur ki, siz sevdiklərinizdən infaq etməyincə bu qiymətli incini əldə edə bilməyəcəksiniz.

Möminlərin infaqında nümunələr:

1. Mədinənin xurma ağaclarının çoxu Əbu Təlhə Ənsariyə məxsus idi. O, öz bağını çox sevirdi. Peyğəmbər məscidi ilə üzbəüz yerləşmiş bu bağda şirinsulu bir çeşmə vardı.

Peyğəmbər (s) arabir bu bağa daxil olub həmin çeşmənin suyundan içərdi. Bu gözəl və ali bağın xalqın diqqətini özünə cəlb edən böyük gəliri vardı.

“Lən tənalul-birrə hətta...” ayəsi nazil olduqda, Əbu Təlhə Ənsari Həzrət Peyğəmbərin (s) yanına gəlib ərz etdi: “Bu bağ mənim əlimdə olanlar arasında ən sevimlisidir. Onu Allah yolunda infaq etmək istəyirəm.”

Peyğəmbər (s) buyurdu: “Yaxşı ticarətdir. Afərin sənə! Amma mən təklif edirəm ki, bu bağı yoxsul qohumların və yaxınlarına verəsən.”

O, qəbul etdi və bağı öz yoxsul yaxınları arasında bölüşdürdü.[3]

2. Bir gün Əbuzərin evinə qonaqlar gəldi. Əbuzər dedi: “Mənim başım qarışıqdır, özünüz dəvələrimdən birini kəsib yemək hazırlayın.” Onlar arıq bir dəvə seçdilər.

Əbuzər narahat oldu və soruşdu: “Nə üçün yaxşı bir dəvə götürmədiniz?”

Dedilər: “Onu sənin gələcək ehtiyacların üçün saxladıq.”

Əbuzər buyurdu: "Mənim ehtiyaclı günüm qəbir günümdür.”[4]

3. Həzrət Fatiməni (ə) toy günü ər evinə aparanda bir fəqir ondan köhnə bir köynək istədi. Həzrət Zəhra (ə) bu ayəni xatırlayıb öz təzə gəlinlik köynəyini infaq etdi.

4. Abdullah ibn Cəfər bir bağda işləyən qara qulam gördü. Yemək vaxtı bir it bağa daxil oldu və qulamın qarşısında oturdu. Qulam ona bir tikə çörək verdi.

İt isə yenə oturub öz baxışları ilə nəsə gözləyirdi. Qulam öz yeməyini tikə-tikə itə verib qurtardı. Abdullah ondan soruşdu: “Özün nə yeyirsən?”

Dedi: “Mənim bu gün payım yoxdur.”

Abdullah soruşdu: “Nə üçün bu işi gördün?”

Qulam dedi: ”Bu it uzaq yol gəlib və acdır.”

Abdullah qulamın səxavətinə heyran qaldı. Həm bağı, həm də qulamı satın aldı. Qulamı azad edib bağı ona bağışladı.[5]

Hədisdə oxuyuruq ki, “birrə” çatmaq yolu valideyn ağız açmamış ona kömək etməkdir. Hətta valideyn ehtiyacsız olsa da.[6]

İmam Sadiq (ə) Müfəzzəl ibn Ömərə buyurdu: “Atamın belə buyurduğunu eşitdim: “Bir il ötdükdən sonra malından az və ya çox bizə çatmayan kəsə Qiyamət günü Allah nəzər salmaz.

Yalnız bağışladıqdan sonra nəzər salar. Ey Müfəzzəl! Bu, Allahın Öz kitabında şiələrə zəruri etdiyi bir vəzifədir. Biz birr, təqva və hidayət yoluyuq.”[7]

Bildirişlər

1. Salehlərin məqamına çatmağın yeganə yolu təkcə zikr və dua yox, həm də xoşa gələn şeylərdən xalisanə infaq etməkdir.

2. İslam məktəbində infaq təkcə yoxsulluğu aradan qaldırmaq məqsədi daşımır. İnfaq həm də bu işi görəni kamilləşdirir. Xəyali sevgiləri ürəkdən çıxarmaq, səxavət ruhunun çiçəklənməsi infaq edən üçün infaqın mühüm təsirlərindəndir.

3. Dünyaya bağlılıq «birr» məqamından məhrumluq səbəbidir.

4. İnsanın səadəti onun ictimai və mərhəmətli baxışından asılıdır.

5. İnsan üçün ən seviləsi şey candır. Allah yolunda canından keçən şəhidlər ən üstün «birr» məqamına çatırlar.

6. Yoxsulların sevdiyini yox, öz sevdiyini infaq et. Çünki fəqirlər dəyərsiz şeyləri də xoşlaya bilərlər.

7. İlahi tərbiyə alan insan var-dövlət əsiri deyil. İlahi tərbiyəli şəxs var-dövlətin qulu yox, hakimidir.

8. İnfaqda əsas kəmiyyət yox, keyfiyyətdir.

9. İslam sərvəti yox, insanı yüksək dəyərləndirən məktəbdir.

10. İnfaqda nə ifrat, nə də təfritə yol ver. Yalnız sevdiyin şeydən bir hissəsini bağışla.

11. Hər bir insanın daxilində var-dövlət sevgisi var. Bu məhəbbətin güclənib infaqın qarşısını alması təhlükəlidir. [8]

12. Az da olsa infaq etmək mühümdür. (Bəli, əvvəldə dediyimiz kimi saralmış bir yarpaq su üzərində yüzlərlə qarışqa üçün gəmi ola bilər.)

13. Bir halda ki, Allah bizim infaqımızdan xəbərdardır, nə üçün infaqın kəmiyyət və keyfiyyətinə ciddi yanaşmayaq?! Gəlin, ən yaxşı şeylərdən infaq edək. (“Təfsiri-nur”, Ustad Möhsin Qəraəti, 2-ci cild, “Ali-İmran” surəsi, 92-ci ayənin təfsiri.)


[1] “Bəqərə” surəsi, ayə 177.

[2] “Maidə” surəsi, ayə 2.

[3] “Səhihi-Buxari”, c.2, səh.81.

[4] “Məcməul-bəyan”.

[5] “Əl-mənar”, c.3, səh.376.

[6] “Kafi”, c.2, səh.157.

[7] “Təfsiri-Əyyaşi”, c.1, səh.182.

[8] “Adiyat” surəsi, ayə 8.


(Maide.az)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031