Allahın yer üzərindəki qabları hansıdır?
Hikmət gərək özünə yer tapsın ki, Allah Təala feyzini ora nazil edə bilsin. Hikmətin insan vücudundakı yeri – qəlbdir.
Həzrət Peyğəmbər (s) bu haqda buyurur: “Allahın yer üzündə qabları vardır. Bilin ki, bu qablar – həmin qəlblərdir. Onların Allah yanında ən sevimlisi – onların ən səfalı, ən incəsi, ən sərt olanıdir”. (Sərt deyildikdə, Allah yolunda heç nədən qorxmayan qəlb nəzərdə tutulur). Əlbəttə, qəlb o zaman İlahi feyz məkanı olar ki, şübhələrdən, günahlardan, büdrəmələrdən uzaq olar. İmam Əli (ə) buyurur: “Pak təbiətli bəndələrin qəlbləri – Allahla görüş yeridir, ona görə hər kim qəlbini pakizə edər, Allah ona lütf nəzəri salar”. Allah belə insana “şərhi-sədr” (geniş qəlb) əta edər və o, bütün yaxşılıqların başlanğıcı və bərəkətlərin nazil olmaq yeri olar. “Beləliklə, Allah (gözəl keçmişinə xatir) hidayət etmək istədiyi şəxsin sinəsini İslam(I qəbul etmək) üçün açar. Olduğu azğınlıqda boşlamaq istədiyi şəxsin sinəsini isə möhkəm tutaraq daraldar, sanki o əziyyətlə səmada yuxarı qalxır. Allah beləcə, iman gətirməyən kəslərin üzərinə murdarlıq qoyar”. (“Ənam” 125). Şərhi-sədr – ən böyük nemətlərdən biri olub, bir çox nemətlərin müqəddiməsidir. Bu nemətin əzəməti o qədərdir ki, Allah Təala Həzrət Peyğəmbərə (s) buyurur: “Məgər Biz sənin sinəni (köksünü) genişləndirmədikmi? (Sənə bolluca səbir və hövsələ vermədikmi ki, böyük bir tutumla Xaliqə yetişmək və insanlarla rabitə qurmaq məqamını özündə yerləşdirəsən, elmlər, hikmət və din hökmlərinin mədəni olasan, ilahi mənbədən vəhy almaq və bəşər cəmiyyətinə onu yetirmək istedadına malik olasan və insanlara rəhbərlik və ümmətə atalıq edəsən). Və (nübuvvət) yükünün ağırlığını səndən götürmədikmi? (Onu sənin üçün yüngül etmədikmi?)”. (“Şərh” 1-2). Bu cür insan güclü ruha malik olar. O, çətinliklər qarşısında səbir edər, Allah tərəfindən ona çatana razı olar. O zaman ki, “Şərh” surəsi nazil olur, səhabələr Həzrət Peyğəmbərdən (s) soruşurlar: “Şərhi-sədrin mənası nədir?”. Həzrət (s) buyurur: “Elə bir nurdur ki, Allah hər kimin istəsə, qəlbində qərar verər və bu yolla sinəsini açıq qoyar”. Bəli, hikmətin məkanı – qəlbdir. Ancaq o qəlb ki, günahdan, büdrəmələrdən uzaqdır və pakdır. Allah belə qəlbə lütf nəzəri salar və onu Öz bərəkətləri və nemətləri üçün açar. /Deyerler.org/ Oxşar xəbərlər
|