Bizə töhmət vuran insanla necə rəftar edək?
Töhmət vurmaq – dinimizin nəzərində ağır günahlardan biridir. Töhmət odur ki, insanın hansısa bir hərəkətini mənfiyə yozub, onu yanlış olaraq pis hərəkətdə ittiham edirlər.
Hər bir qərar və hökm verməzdən əvvəl, töhmətin səbəblərini araşdırmaq lazımdır. Əgər sabit olsa ki, töhmət vuran insan özü təqsirkardır – gərək qarşı tərəfdən üzr istəsin. Yox, əgər anlaşımazlıq baş veribdirsə və kimsə həmin şəxsə yanlış məlumat veribdirsə – o zaman məsələni dərindən araşdırmaq lazımdır. Əlbəttə, bu zaman töhmətin növü fərq etməz. Bəzən də elə olur ki, insan həqiqətən təqsirkar olur və başqalarının onu ittiham etməsinin əsası var. Bu zaman o, həmin şəxslərdən üzr istəməlidir. Əgər başqa biri bizi yanlış yerə nədəsə ittiham edirsə, dinimiz buyurur ki, onunla sərt rəftar etmə, bəlkə əskinə mülayim ol və ona güzəşt et. Əfv etmək – bəyənilən əxlaqi sifətlərdəndir ki, insanı irəli aparar. Cəmiyyətdə çox az insan vardır ki, onun haqqı tapdalanmasın və ya kimsə ona töhmət vurmasın. Əgər insanlar başqalarının eyiblərinə gözlərini yummasalar, bu zaman həyat çox çətin olar. Cəmiyyətdə səfa aradan gedər. Qurani-Kərim də bizə tövsiyə edir ki, insanların eyiblərindən keçək və onlara güzəşt edək. “Əfv və güzəşt yolunu tut, yaxşı işlər görməyi əmr et və nadanlardan üz döndər (cihad hökmü gəlməyincə döyüşə başlama)”. (“Əraf” 199). Həzrət Peyğəmbər (s) buyurur: “Sizi dünya və axirətin ən yaxşı əxlaqından agah edimmi? O kəs ki, səninlə əlaqəni kəsibdir – onunla əlaqə yaratmaq, səni məhrum edənə – ehsan etmək, sənə zülm edənə – güzəşt etmək”. Əlbəttə, güzəşt etmək heç də asan bir iş deyildir. İnsanın qüruru mane olur ki, başqalarının çirkin əməli qarşısında güzəşt etsin. Ancaq diqqət etmək lazımdır ki, güzəştin qiyməti elə bundadır ki, insan öz meylinin əksinə hərəkət edər. Allahın razılığını düşünər. Beləliklə deyə bilərik ki, insanların pis rəftarı bizi incitsə də, dinimiz buyurur ki, bu cür rəftar qarşısında mülayimlik göstərin və insanları bağışlamağı bacarın. Əgər siz insanları bağışlasanız, Allah da sizi bağışlayacaqdır. Bunu Allah üçün edirsiniz. Allahın razılığını qazanmaq üçün. Ona görə də nə qədər çətin olsa da, onu yerinə yetirməyə çalışın. Çünki siz – Allahın bəndəsisiniz. Allah bəndələrində Öz sifətlərini görməyi sevir. /Deyerler.org/ Oxşar xəbərlər
|