Özünə pərəstiş etmək olarmı?
Özünü sevməyin mərtəbələri vardır. Onun ən yüksək mərtəbəsi – özünə pərəstişdir. Əgər bu çirkin sifətlə insan mübarizə aparmazsa, əmmarə nəfsini öz məbudu qərar verər və öz istəklərinin mütisi olar.
Qurani-Kərimin bəzi ayələrində insanı məhv edən bu sifətə işarə edilmişdir. “Nəfsi istəklərini öz tanrısı etmiş (ağıl, fitrət və millətlərin qəbul etdiyi Allahı öz nəfsi istəklərinə uyğun gələn həddə aşağı endirən) kəsi gördünmü? Yoxsa sən onun (doğru yola gəlməsi və ya axirət əzabından qorunması) işlərini düzəldəcəksən?!”. (“Furqan” 43). Quran ayələrindən və hədislərdən belə nəticəyə gəlmək olur ki, özünə pərəstiş insanın ruhunu qaraldar və həqiqətləri dərk etməyə mane olar. İmam Əli (ə) buyurur: “Sizin üçün qorxduğum təhlükəli şey iki şeydir: havapərəstiş və uzun arzular”. Çünki özünə pərəstiş insanı haqdan saxlayar. Uzun arzular axirəti unutdurar. Özünə pərəstiş qəlb xəstəliklərinə və batin qulağının kar olmasına səbəb olar. Özünə pərəstiş edən insan həm hədəfdən qafil olar, həm də inkişaf yolundan azar. Quran bu haqda buyurur: “(Sonra dedik:) «Ey Davud! Biz səni yer üzündə (Öz) xəlifə(miz) etdik. Buna görə də insanların arasında haqq əsasında hökm çıxar və nəfsi istəklərə tabe olma ki, o, səni Allahın yolundan azdırar. Şübhəsiz, Allahın yolundan azanlar üçün hesab gününü unutmalarının müqabilində şiddətli əzab vardır»”. (“Sad” 26). Beləliklə deyə bilərik ki, insanın özünü həddən artıq sevməsi özünə pərəstişə gətirib çıxardar. Hər kim özünə pərəstiş edərsə, əmmarə nəfsinin quluna çevrilər. Ancaq istəklərinə görə yaşayar və hədəfi olmaz. Həqiqətləri görən gözü və eşidən qulağı olmaz. Bu insan qafil insandır. Əgər bu xəstəlikdən xilas ola bilməzsə, onun yeri cəhənnəm olar. /Deyerler.org/ Oxşar xəbərlər
|