Bəzi günahlar ancaq dolanışıq üçün zəhmət çəkməklə bağışlanar
Quran ayələrindən və hədislərdən belə nəticəyə gəlmək olur ki, halal ruzi günahların bağışlanmasına səbəb olar. Allah Təala günahları müxtəlif əməllər sayəsində bağışlayar.
O cümlədən: tövbə, şəfaət, ibadət, Əhli-Beyt (ə) vilayəti, insanlara xidmət etmək və s. bu kimi. Günahların bağışlanmasına səbəb olan əməllərdən biri də halal ruzidir. Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, gündüz halal ruzi qazandığı üçün yorğun halda gecəni səhər edərsə – bağışlanılar”. Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Bəzi günahlar namaz və sədəqə vasitəsilə də bağışlanılmaz”. Soruşurlar ki, bəs hansı əməl bu günahların bağışlanmasına səbəb olar? Buyurur: “Məişət üçün ciddiyyət göstərmək və səy etmək”. Halal ruzinin gətirdiyi bərəkətlərdən biri də ailə rifahıdır. İmam Sadiq (ə) buyurur: “O kəs ki, halal ruzi istəməkdən xəcalət çəkməz – yükü yüngül, çətinlikləri asan, ailəsi rifahda qərar tutar”. Həzrət Peyğəmbər (s) halal ruzi ardınca olmağı hamıya vacib buyurmuşdur. Bu yolda etdiyi səyləri cihad adlandırmışdır. İslam dinində halal ruzi qazanmaq o qədər əhəmiyyətli bir mövzudur ki, Məsumlarımız (ə) öz davamçılarını daima bu əmələ tərəf dəvət edərdilər. Onlar razı olmazdılar ki, müsəlman cismi və ruhi sağlamlığa malik olduğu halda, başqalarına yük olsun. Belə ki, Peyğəmbərimiz (s) buyurur: “O kəs ki, həyat yükünü başqasının üzərinə atar – Allah Təala dərgahından qovular və o kəs ki, ailəsinin haqqını zay edər – məlundur”. Beləliklə deyə bilərik ki, halal ruzi cihada bərabər əməl olaraq, insanın günahlarının bağışlanmasına səbəb olar və ailəsinin rifah içində yaşamasına gətirib çıxardır. Belə insan həm Allah qatında və həm də insanlar arasında izzətə malik olar. /Deyerler.org/ Oxşar xəbərlər
|