İnsanın ən böyük düşməni harada oturub?
İnsanın ən böyük düşməni – əmmarə nəfsidir ki, daxildən ona pisliklər və günahlar etmək üçün əmr edər. Belə ki, ən böyük düşmən – elə insanın öz daxilində oturub.
Həzrət Peyğəmbər (s) əmmarə nəfsi ən qatı düşmən adlandırmışdır. Dinimiz əmmarə nəfsi çox məzəmmət etmiş və onun yaratdığı təhlükələrdən söz açmışdır. Qurani-Kərimin nəzərinə görə, hər kim həvayi-nəfsinin ardınca gedər, əslində müşrikcəsinə pərəstiş etmiş olar ki, ağıl gözünü – kor, qəlbi – zülmətli edər. İnsanı İlahi dərgahdan qovar və həqiqətləri müşahidə etməkdən məhrum olar. Qurani-Kərim bu haqda buyurur: “Nəfsi istəyini öz məbudu etmiş və Allahın (onun batini küfrü və niyyətinin xəbisliyi barəsində olan) Öz elminə və onun məlumatına əsasən özbaşına buraxdığı, qulağını və qəlbini (bədbəxtlik möhürü ilə) möhürlədiyi və gözünə pərdə çəkdiyi kəsi gördünmü? Belə olan halda onu Allahdan başqa kim hidayət edə (bilə)r? Məgər ibrət götürmürsünüz?”. (“Casiyə” 23). İmam Sadiqin (ə) nəzərinə görə, nəfs – insanla Allah arasında ən dəhşətli və ən zülmətli hicabdır. Həvayi-nəfs bataqlığa bənzəyir. İnsan hər nə qədər təzyiq göstərirsə, daha çox bataqlığa batır. Nicat ümidini əldən verir. Həvayi-nəfs ancaq günahla kifayətlənmir. Bəlkə insanı o həddə çatdırır ki, İlahi ayələri inkar edir və kafir olur. O zaman ki, əmmarə nəfs güc və qüdrət əldə edər – şeytan (lən) da güclənər. İnsanın bütün bədən üzvləri onlara itaət edər. Onlar günahla kifayətlənməzlər. İnsanı kiçik günahlardan daha böyük günahlara tərəf çəkər. Əqidəsini süstləşdirər, fikirlərini zülmətli edər, insanı İlahi ayələri inkar etməyə tərəf çəkər. Beləliklə deyə bilərik ki, insanın batini düşməni vardır və o, əmmarə nəfsdir. Əmmarə nəfs insanı günaha tərəf sövq edər və insanı hətta küfrə tərəf çəkər. Əmmarə nəfsinin qulu olan insan şeytanın da qulu olar. Onlar hər nə əmr edərsə – onu yerinə yetirər və insanlığını əldən verər. Belə insan artıq Allah dərgahından qovular və İlahi rəhmətdən məhrum olar. Ona görə də nəfslə mübarizə aparmaq bir müsəlman üçün ən zəruri mövzulardan biridir. /Deyerler.org/ Oxşar xəbərlər
|