Həzrət Musa (ə) dünyadan necə getmişdir?
Həzrət Musa (ə) qətl edilməmişdir, o, təbii əcəli ilə dünyadan getmişdir. Nəql edilir ki, Həzrət Musa (ə) Yərvin çayı ətrafında öz vəsiyyətini Yuşəyə söyləyir.
Misirdən çıxdığı illə hesablayan zaman, 40-cı il və 11-ci günündə dünyadan getmişdir. Həzrət Adəmin (ə) yerə enməsi ilə hesablayan zaman isə 3868-ci ildə vəfat etmişdir. Məsumlardan (ə) gələn hədislərə əsasən demək olar ki, Həzrət Musanı (ə) qətl etməmişdilər, o, öz əcəli ilə ölmüşdür. Onun vəfat tarixi Ramazan ayının 21-ci gecəsində baş vermişdir. Həzrət Musa (ə) 250 il ömür sürdükdən sonra dünyasını dəyişmişdir. “Peyğəmbərləri onlara dedi: “Onun hökmranlığının nişanəsi, içərisində (sizin üçün) Rəbbiniz tərəfindən qəlb rahatlığı və Musa və Harun ailəsinin qoyub getdikləri şeylərin qalıqları (Musanın əsası, zirehi və nə’leyni, Tövratın lövhələri və Harunun əmmaməsi) olan və mələklərin daşıdıqları tabutun (Musanın içərisində suya atıldığı əhd sandığının) sizin yanınıza gəlməsidir. Əlbəttə, əgər iman əhli olsanız onda sizin üçün (Talutun hakimiyyətinin doğruluğu barəsində) nişanə vardır””. (“Bəqərə” 248). Nəql edilir ki, Həzrət Musa (ə) ölümündən əvvəl Tövratın müqəddəs lövhəsini, zirehini və başqa yadigar qalan əşyaları bir sandığa qoyur və onu öz vəsisi olan Yuşəyə verir. Bu sandıq Bəni İsrayil üçün çox böyük dəyərə malik olan xəzinədir. Məsumların (ə) nəql etdiyinə görə, bu sandıq – həmin o sandıqdır ki, Musanın (ə) anası onu bu sandığa qoymuş və çaya atmışdır. Suyun axını onu Fironun sarayına qədər gətirmişdir. Fironun xidmətçiləri onu götürmüş və Fironun yanına göndərilmişdir. Musanın (ə) onun içindən götürdükdən sonra, həmin sandığı Firon saxlayırmış. Sonra bu sandıq Bəni-İsrayilin əlinə düşür və onlar bu sandığı təbərrük bilirdilər. Müharibəyə gedən zaman onu da özləri ilə götürürdülər. Həmin sandıq onların ruhiyyəsini qaldırmaqda mühüm rola malik olmuşdur. Nəhayət döyüşlərin birində düşmənlər həmin sandığı ələ keçirirlər. Bu hadisə Bəni-İsrayil üçün çox acı bir hadisə olur. Onları zəiflədir. Əşmuilin dastanında bu sandığın yenidən Bəni-İsrayilə qayıtmasından nəql edilmişdir. Həzrət Musa (ə) 250 yaşında Tur dağına çıxır və görür ki, bir nəfər dağın başında qəbir qazmaqla məşğuldur və ona yardım edir ki, qəbri qazsınlar. Qəbir hazır olan zaman onun içinə girir və yoxlayır ki, görsün qəbiri düz qazıblar, yoxsa yox. Bu zaman Allah onun gözünün önündəki pərdəni götürür və Həzrət Musa (ə) cənnətdəki yerini görür və Allahdan istəyir ki, onun canını alsın. Əzrayil də onun canını alır. Qəbri qazan da elə Əzrayil idi. İndi Həzrət Musanın (ə) qəbri Tur dağında yerləşməkdədir. /Deyerler.org/ Oxşar xəbərlər
|