Həqiqiq imanın 5 xüsusiyyəti və 3 təsiri
Qurani-Kərimdə möminlərin beş bariz sifətləri bəyan edilmişdir ki, onlardan üçü qəlb sifətləridir. İkisi isə zahiri sifətlərdir. Bu sifətlər ibarətdir:
1. Allahdan əqli cəhətdən qorxmaq. Möminin qəlbi Allahı yada salan zaman Onun böyüklüyünə və cəlal sifətlərinə görə titrəyər. Bu qorxunun sirri möminin qəlbinin Allahdan qeyrisindən boş olmasına görədir. Bu qorxu qəlbdə yəqinliyin yaranmasının zəminəsidir. 2. İmanın güclü olması. Mömin insan Quran oxuyan zaman imanının kəmiyyəti və keyfiyyəti artar. Çünki oxuduğu ayələr barəsində düşünər və təfəkkür edər. Möminin imanının Quran ayələri sayəsində güclənməsinin üç səbəbi vardır: a) Oxuduğu ayələrdə daha çox bürhanlar olar; b) Daha kamil və qüvvətli bürhanlar təqdim olunar; c) Bürhanla yanaşı onda şühud da olar ki, bu da imanın güclənməsinə gətirib çıxardar. 3. Allaha təvəkkül etmək. Həqiqi möminlər bütün işlərində ancaq Allaha təvəkkül edərlər. Çünki özlərinin nə qədər zəif olduqlarını yaxşı anlayırlar. Bütün işlərində ancaq Allaha söykənirlər. Allahdan başqa heç kəs onun ehtiyacını ödəyə bilməz. 4. Namaz qılmaq. İman möminin qəlbində sabit olandan sonra, kamal həddinə çatar. Bu cür bəndə Allaha müti və xaliscəsinə ibadət edər və namaz qılar. Nəinki özü namaz qılar, çalışar ki, ətrafında olan hər kəs namaz qılsın. 5. Allah yolunda infaq edər. Həqiqi möminlər Allahın onlara verdiyindən simiclik etməzlər. Öz ruzilərini və nemətlərini Allah yolunda xərcləyərlər. Fəqirlərin ehtiyaclarını aradan qaldırmağa çalışarlar. Onlar nəinki mallarından infaq edərlər, elm və biliklərindən də infaq edərlər. Həqiqi imanın təsirləri. Həqiqi imanın əslində 3 mühüm təsiri olar. 1. Behiştdə dərəcəyə malik olmaq. Həqiqi möminlər Qiyamət günü insanlar üçün iftixar mənbəyi olacaqlar. Çünki bu dərəcə fəzilətdir və dünyada olduğu kimi insanlara lovğalanmaq vasitəsi deyildir. 2. İlahi bağışlanmağa şamil olmaq. Həqiqi möminlər Qiyamət günü İlahi bağışlanmadan bəhrələnərlər. Əgər günahları vardırsa, Allah tərəfindən əfv olunarlar. 3. Kərim ruzidən bəhrələnərlər. Kərim ruzi dedikdə, o böyük nemətlər nəzərdə tutulur ki, heç bir eybə və nöqsana malik deyildirlər. Həqiqi möminlər o kəslərdir ki, Qiyamət günü bu cür ruzi onların intizarındadır. Kərim ruzi ancaq axirətə aid deyildir. Bu dünyada da həqiqi möminlərə verilər. Hədislərin birində oxuyuruq ki, Həzrət Zəhra (s.ə) İmam Əliyə (ə) bir köynək verir ki, İmam Həsən (ə) üçün bir şey alsın. İmam (ə) da bu köynəyi 6 dirhəmə satır. Ancaq bir yoxsula rast gəlir və pulu həmin şəxsə verir. Sonra bir nəfərə rast gəlir ki, dəvəsini nisyə olaraq 60 dirhəmə satırdı. Onu nəqd pul verən şəxsə 66 dirhəmə satır. Qərara alır ki, 60 dirhəmi dəvənin sahibinə qaytarsın. Ancaq nə qədər gəzirsə, həmin şəxsi tapa bilmir. Mövzunu Peyğəmbərə (s) danışır. Həzrət (s) ona buyurur: “O yoxsul ki, səndən bir şey istəyirdi və sən də pullarını ona bağışladın – behişt xəzinədarı Rizvandır. Dəvəni satan isə Mikayil (ə) idi. Dəvəni alan isə Cəbrayil (ə) idi”. Bu hadisə həyatda olan kərim ruzinin bir nümunəsidir. İman iki hissəyə bölünür: həqiqi və qeyri-həqiqi. Həqiqi iman əgər mömində meydana gələrsə, Allahdan qorxar. Quran ayələrini oxumaq və dinləməklə imanı artar. Bütün işlərində Allaha təvəkkül edər. Davamlı olaraq Allahla rabitədə olar. Ona görə də namaz qılar. Ona nəsib olan halal ruzidən yoxsullara infaq edər. Əgər insan belə imana malik olarsa, Allah yanında dərəcəyə malik olar. İkincisi Onun tərəfindən bağışlanar. Üçüncüsü isə kərim ruziyə sahib olar. Allah Təala bizlərə də bu tövfiqi nəsib etsin! /Deyerler.org/ Oxşar xəbərlər
|