Sübh çağı işə başlamağın bərəkətləri
SÜBH ÇAĞI İŞƏ BAŞLAMAQ - BƏRƏKƏTƏ SƏBƏBDİR… Beləliklə, sual olunur ki, ruzi dalınca getmək üçün dinimiz hansısa müəyən bir vaxtı məsləhət görürmü? Bəli, belə bir tövsiyələr vardır. Həzrət Rəsululahdan (s) nəql edilən hədisdə bildirilir: "Sübh çağı ruzi axtarışına və ehtiyaclarınızın təmin olunmasına gediniz. Çünki, sübh çağı bərəkətə və müvəffəqiyyətə səbəbdir". "Mübarək dinimizin tövsiyələrindən sübh çağının gözəl faydaları bəlli olur, - deyə xətib bildirdi, - sübh çağı işə başlamaq, ehtiyacların təmin edilməsi üçün bir faydalı iş görmək məsləhət görülür və üstəlik, sübh vaxtı ilə müəyyən bərəkət və müvəffəqiyyətin bağlantısı bəlli edilir. Maraqlı cəhət budur ki, tədqiqatların nəticələrinə görə, bir çox insanların fiziki və əqli potensialının zirvə nöqtəsi məhz bu zaman kəsiminə təsadüf edir. Eyni zamanda, sübh vaxtı başlanan gün böyük vaxt qənaətinə gətirib çıxarır". "Məlum olduğu kimi, vaxt - ən sabit dəyərlərdən, qiymətlilərdən biridir. Lakin, bunu dəyişmək, uzatmaq olmur. Sutkada cəmi 24 saat var və bu - bir konstantadır, dəyişməz kateqoriyadır. Deməli, bu vaxtın özünün içində araşdırma aparıb, potensial imkanları üzə çıxarmaq gərəkdir. Və dinimizin bu barədəki tövsiyələri müəyyənedici rol oynayır. Bizə məlum olur ki, sübh çağından başlanan gün - ən optimal variantdır və bu zaman görülməyə başlayan işin müsbət nəticələri yetərincə fərqlənir. Həzrət Əlidən (ə) bu mövzuda nəql edilən hədisdə bildirilir: "Sübh çağı ruzi dalınca getmək - ruzini bol edər". "Mübarək dinimiz müxtəlif məsələlərdə uğurun, müvəffəqiyyətin vasitələrini təqdim edir. Və birmənalı olaraq, erkən vaxtda işə başlamağın üstünlükləri vurğulanır. İmam Cəfər Sadiqdən (ə) nəql edilən hədisdə bu məqam bir qədər də açıqlanır: "Həmin sübhün əvvəlində dolanışıq, iş və halal ruzi üçün gediniz ki, Allah-taala sizə ruzi versin və Öz köməyini sizə yetirsin". "Görürük ki, sübh çağı işə başlamaq, durumun bərəkətlənməsi, ruzinin bol olması, dolanışıq problemlərinin həlli ilə yanaşı, ümumiyyətlə Mütəal Allahın köməyinin bəndəyə yetişməsinə səbəb olur. Deməli, bu tövsiyələrə riayət etmək, nəinki təkcə dolanışığın təminatı məsələsində, bütövlükdə insan həyatının müxtəlif cəhətləri üzrə müsbət nəticələrə gətirib çıxaracaqdır". Hacı İlqar İbrahimoğlu Oxşar xəbərlər
|