Behişt qapılarının adları
Allah-Taala Qurani-Krəimin “Zumər” surəsinin 73-cü ayəsində Cənnətin qapılarından söz açaraq buyurur:
وَسِيقَ الَّذِينَ اتَّقَوْا رَبَّهُمْ إِلَى الْجَنَّةِ زُمَرًا “Rəbindən qorxanlar (təqvalılar) dəstə-dəstə Behiştə tərəf aparılarlar.” حَتَّى إِذَا جَاؤُوهَا وَفُتِحَتْ أَبْوَابُهَا “Nəhayət, onlar ora (Behiştə) çatanda, onun qapıları (onların üzünə) açılar.” وَقَالَ لَهُمْ خَزَنَتُهَا سَلَامٌ عَلَيْكُمْ طِبْتُمْ فَادْخُلُوهَا خَالِدِينَ “Onun gözətçiləri onlara deyərlər: Salam olsun sizə, pak oldunuz! Buna görə də, əbədi məskunlaşmaq üçün ora daxil olun.” Bu ayədə Behiştin qapılarından söz açılsa da, bu və digər ayələrdə onun təfərrüatı və sayı haqda məlumat verilmir. Amma məsum rəhbərlərimizdən nəql olunan hədislərdə Behiştin səkkiz qapısından söz açılır və bir hədisdə Peyğəmbəri-Əkrəm (s) belə buyurur: الجَنّةُ لَها ثَمانِيَةُ أبوابٍ “Behiştin səkkiz qapısı vardır...” (“Mizanul-hikmət”, c.2, səh.104.) Həmin qapıların adları aşağıdakılardan ibarətdir: 1. Cihad qapısı: İmam Əli (ə) “cihad”la bağlı məşhur xütbədə belə buyurur: إنَّ الجِهادَ بابٌ مِن أبوابِ الجَنَّةِ فَتَحَهُ اللَّهُ لِخاصَّةِ أولیائِهِ “Şübhəsiz, cihad Allah-Taalanın xas bəndələrinin üzünə açdığı Behişt qapılarından biridir.” (“Nəhcül-bəlağə”, xütbə 27.) 2. Rəhmət qapısı: Peyğəmbəri-Əkrəm (s) buyurur: أبْوَابُهَا مُخْتَلِفَه، بَابُ الرَّحْمَه مِنْ یَاقُوتَه حَمْرَاءَ “Behiştin müxtəlif qapıları vardır. Rəhmət qapısı qırmızı yaqutdan ibarətdir...” (“Əl-vafi”, Feyz Kaşani, səh. 168.) 3. “Rəyyan” qapısı: “Rəyyan” susuzluğu aradan qaldıran, sirab edən mənasındadır. Bu qapı orucluğun susuzluğuna dözənlərə məxsusdur. Peyğəmbəri-Əkrəm (s) buyurur: إنَّ لِلجَنّةِ بابا يُدعى «الرَّيّانَ»، لا يَدخُلُ مِنهُ إلاّ الصّائمونَ “Həqiqətən, Behiştin “Rəyyan” adlı qapısı vardır ki, oradan yalnız oruc tutanlar daxil olacaqlar.” (“Mizanul-hikmət”, c.2, səh.104.) 4. “Babul-məruf” (yaxşılıq qapısı): Bu qapıdan yaxşı və xeyirxah işlər görənlər Behiştə girəcəklər. Peyğəmbəri-Əkrəm (s) buyurur: إنَّ لِلجَنّةِ بابا يُقالُ لَهُ : بابُ المَعْروفِ، لا يَدخُلُهُ إلاّ أهْلُ المَعروف “Behiştin “yaxşılıq” adlı bir qapısı vardır ki, oradan yalnız yaxşı (və xeyirxah) işlər görənlər daxil olacaqlar.” 5. “Səbir” qapısı: Bu qapıdan çətinliklərdə, ibadətdə, günahın tərkində və tüğyanedici nəfsin müqabilində səbir edib dözənlər Behiştə daxil olacaqlar. 6. “Şükür” qapısı: Bu qapı həm dildə, həm də əməldə Allahın saysız-hesabsız nemətləri müqabilində şükür edənlərə aiddir. 7. “Bəla” qapısı: “Bəla”nın nə olduğu barədə iki ehtimal verilir: a) “Bəla” dedikdə, onun ilkin mənası nəzərdə tutulur; sel, zəlzələ, şimşək, fırtına, tufan, yaxınların ölümü, əlacsız xəstəliklər və bu kimi bəlalara düçar olub səbir edənlər o qapıdan Behiştə daxil olacaqlar. Hər halda, bütün insanlar dünyada bir sıra bəla və çətinliklərlə üzləşirlər. Hətta gözəl həyat tərzi keçirənlər də müxtəlif çətinliklərə məruz qalırlar. Bu isə dünya həyatının xasiyyətidir. Elə buna görə də, dünyanı yaxşı tanıyan İmam Əli (ə) onu belə vəsf edir: دارٌ بِالبَلاءِ مَحفوفَةٌ “Dünya bəlalarla yoğrulmuş bir evdir.” (“Nəhcül-bəlağə”, xütbə 226.) b) “Bəla”nın başqa bir mənası sınaq və imtahandır. Bu mənaya əsasən, həmin qapıdan ilahi sınaqların öhdəsindən gələn möminlər Behiştə daxil olacaqlar. 8. “Babul-ə`zəm” – Ən böyük qapı: Oradan Allahın əməlisaleh və həqiqi bəndələri, zöhd və təqva əhli Behiştə daxil olacaqlar. Bilal, Peyğəmbəri-Əkrəmdən (s) belə nəql edir: أمّا بابُ الصَّبرِ فبابٌ صغيرٌ لَهُ مِصْراعٌ واحِدٌ مِن ياقُوتَةٍ حَمْراءَ لا حَلَقَ لَهُ. و أمّا بابُ الشُّكرِ فإنَّهُ مِن ياقُوتةٍ بَيْضاءَ لَها مِصْراعان، مَسِيرَةُ ما بَيْنَهُما خَمْسُمِائةِ عامٍ··· و أمّا بابُ البَلاءِ ، قُلتُ: أ لَيسَ بابُ البَلاءِ هُوَ بابُ الصَّبرِ؟ قالَ: لا. قُلتُ: فما البَلاءُ؟ قالَ: المَصائبُ و الأسْقامُ و الأمْراضُ و الجُذامُ، و هُو بابٌ مِن ياقُوتةٍ صَفْراءَ لَهُ مِصْراعٌ واحِدٌ ما أقَلَّ مَن يَدخُلُ مِنْهُ! ··· و أمّا البابُ الأعْظَمُ فيَدخُلُ مِنهُ العِبادُ الصّالِحونَ، و هُم أهْلُ الزُّهدِ و الوَرَعِ و الرّاغِبونَ إلى اللّه ِ عزّ و جلّ المُسْتَأنِسونَ بهِ. “...Behiştin “Səbir” qapısı kiçik qapıdır. Qırmızı yaqutdan və bir parçadan ibarətdir, halqasızdır. “Şükür” qapısı ağ yaqutdan və iki parçadan ibarətdir; iki parça arasındakı fasilə beş yüz ildir... Amma “Bəla” qapısı.” Bilal deyir ki, soruşdum: “Bəla” qapısı elə “Səbir” qapısı deyilmi?” Həzrət buyurdu: “Xeyr!” Soruşdum: “Bəla nədir?” Həzrət buyurdu: “Müsibətlər, ağrılar, xəstəliklər və xora. O qapı sarı yaqutdan ibarətdir və bir parçadan ibarətdir. Oradan çox az adam Behiştə daxil olar... Böyük qapıdan isə Allahın saleh bəndələri daxil olarlar. Onlar zöhd və təqva əhlidir, Allahı sevir və Onunla ünsiyyətdə olurlar...” (“Biharul-ənvar”, c.81, səh.126; “Mizanul-hikmət”, c.2, səh.104.) Rza Şükürlü (Maide.az) Oxşar xəbərlər
|