Mehriyyə nədir? – Ayə və hədislərin nəzəri
“Mehr” sözü Quranda birbaşa işlənməmişdir. Onun yerinə “səduqat”, “əcur”, “sədaq”, “fərizə” kimi kəlmələr işlənmişdir ki, mehriyyəyə işarə etmişdir.
Mehriyyə – qadının xüsusi malı hesab olunur və onu ödəməmək – dinimizin nəzərinə görə zülmdür və günahdır. “Və qadınların mehriyyələrini onlara könül xoşluğu ilə və bir hədiyyə kimi verin (hərçənd ki, bu, sizin boynunuzda bir vacib, onlar üçün isə ilahi bir bəxşişdir). Əgər onlar könül xoşluğu ilə ondan sizə bir şey bağışlasalar, onu nuş və ləzzətlə xərcləyin”. (“Nisa” 4). Bəzi avam insanlar belə düşünür ki, mehriyyə qadının dəyəri deməkdir. Halbuki, mehriyyə – peşkəşdir və qətiyyən qadının qiyməti deyildir. Qadına verilən mehriyyə – əslində Allahın hədiyyəsidir. Kişi ona görə qadına minnət qoya bilməz. İmam Baqir (ə) buyurur: “O ki, iki tərəf evlilik zamanı ona razı olar – istər az olsun, istərsə də çox – həmin mehriyyədir”. İmam Sadiqin (ə) nəzərinə görə, Qiyamət günü bağışlanılmayan günahlardan biri – mehriyyənin qadına verilməməsidir. Həzrət Peyğəmbər (s) buyurur: “Qadınların üç dəstəsinin qəbir əzabı yoxdur. Onlar Qiyamət günü Həzrət Zəhra (s.ə) ilə məhşur olacaqlar. O qadın ki, ərinin yoxsulluğu ilə razılaşar. O qadın ki, həyat yoldaşının pis əxlaqı qarşısında səbrini əldən verməz. O qadın ki, mehriyyəsini ərinə bağışlayar”. Beləliklə, deyə bilərik ki, mehriyyə dinimizin qadın üçün təyin etdiyi müəyyən məbləğ puldan və ya maldan ibarətdir. Bu, qadının qiyməti deyildir, ona verilən Allahın hədiyyəsidir. Hər kim qadının mehriyyəsini verməz – günah etmiş olar və Qiyamət günü ağır hesab verər. Təbərrük üçün elçiliklə bağlı mühüm bir buyuruşa nəzər yetirək. İmam Cavad (ə) buyurur: “Hər kim sizin qızınızın elçiliyinə gəlsə, onun təqvasından, dinindən, əmanətdarlığından əmin olsanız – onunla razılaşın. Əks halda yer üzərində böyük fitnə və fəsada səbəb olarsınız”. /Deyerler.org/ Oxşar xəbərlər
|