Necə edək ki, hər gün çoxlu sədəqə verə bilək?
İnsanların çoxu belə düşünür ki, sədəqə – ancaq yoxsula verilən müəyyən məbləğ puldur.
Halbuki dinimiz buyurur ki, sədəqə geniş bir mənaya malikdir və onun başqa növləri də vardır. Həzrət Peyğəmbər (s) buyurur ki, hər gün sədəqə verin. Soruşurlar ki, hər gün sədəqə verməyə gücü çatan insan vardırmı? Həzrət (s) buyurur ki, yolun üzərində olan maneəni aradan qaldırmaq – sədəqədir. Bəzən yolumuzun üzərində şüşə qırıqlarına və ya iti daşlara rast gəlirik ki, başqalarına ziyan vura bilər. Ona görə də əgər onları götürüb, yolu təmizləsək - sədəqə vermiş hesab olunarıq. Həzrət Rəsuli-Əkrəm (s) buyurur: “Bir başqasına yol göstərmək, salam vermək, xəstəni ziyarət etmək – sədəqədir”. Bəzən yol gedən zaman kimsə bizdən ünvan soruşur, əgər onun yerini düz desək – sədəqə vermiş oluruq. Həmçinin xəstəni ziyarət etmək, salam vermək də sədəqə hesab olunur. Peyğəmbərimiz (s) əmr-be-məruf və nəhy-əz-münkəri də sədəqə hesab edir. Peyğəmbərin (s) nəzərinə görə, hər bir pislikdən uzaq olmaq və yaxşı işlər görmək – sədəqədir. Həmçinin, dili günahdan saxlamaq – sədəqə verməkdir. Həzrət Peyğəmbər (s) bir nəfərə buyurur ki, evə getsin və ev əhlinə mehribanlıq göstərsin ki, sədəqə hökmündədir. İmam Sadiqin (ə) nəzərinə görə, iki nəfərin arasını düzəltmək və onları barışdırmaq – sədəqədir. Həzrət (ə) həmçinin buyurur ki, sürücünün piyadaya hörmət etməsi – sədəqədir. Dinimizin nəzərinə görə, imkansıza borc vermək – sədəqədir. Başqasına elm öyrətmək – sədəqədir. Danışan zaman gözəl sözlərdən istifadə etmək – sədəqədir. Pisliyi tərk etmək – sədəqədir. Susuza su vermək – sədəqədir. Zəiflərə yardım etmək – sədəqədir. Ailə ilə mehribanlıq etmək – sədəqədir. Allah Təala bizlərə bu mübarək buyuruşlara riayət etməyi nəsib etsin, inşəallah! /Deyerler.org/ Oxşar xəbərlər
|