Təqvalılarla fasiqlərin xüsusiyyətləri
İmam Əli (ə) təqvalılarla fasiq günahkarların xüsusiyyətlərini bəyan edib, məsum Əhli-beytin məqamı və bəzilərinin yanlış təsəvvürlərinə toxunaraq belə buyurmuşdur:
عِبادَ اللّه، إنَّ مِن أحَبِّ عِبادِ اللّهِ إلَيهِ عَبدًا أعانَهُ اللّهُ عَلى نَفسِهِ، فَاستَشعَرَ الحُزنَ وتَجَلبَبَ الخَوفَ، فَزَهَرَ مِصباحُ الهُدى في قَلبِهِ، وأعَدَّ القِرى لِيَومِهِ النّازِلِ بِهِ... فَهُوَ مِن مَعادِنِ دينِهِ وأوتادِ أرضِهِ. قَد ألزَمَ نَفسَهُ العَدل، فَكانَ أوَّلَ عَدلِهِ نَفيُ الهَوى عَن نَفسِهِ، يَصِفُ الحَقَّ ويَعمَلُ بِهِ، لا يَدَعُ لِلخَيرِ غايَةً إلاّ أمَّها، ولا مَظِنَّةً إلاّ قَصَدَها، قَد أمكَنَ الكِتابَ مِن زِمامِهِ، فَهُوَ قائِدُهُ وإمامُهُ، يَحُلُّ حَيثُ حَلَّ ثِقَلُهُ، ويَنزِلُ حَيثُ كانَ مَنزِلُهُ. “Ey Allah bəndələri, nəfsi ilə mübarizədə Allahın yardım etdiyi kəs Onun yanında ən sevimli bəndədir. Bu zaman hüzn və kədər onun şüarı, (Allah və Qiyamətdən) xof və qorxu isə libası olar, qəlbində hidayət çırağı yanar və köçəcəyi yer üçün azuqə toplayar... O, Allah dininin mədəni, yerin sütunlarındandır. Özünü ədalətə tabe edərək, ədalətin ilk mərhələsində qəlbini nəfsin tələblərindən uzaqlaşdırmışdır. Haqqı deyib, özü də ona əməl edər, heç bir yaxşı işi əldən buraxmaz, hətta faydalı olduğunu ehtimal belə versə, onu yerinə yetirməyə çalışar. Cilovunu Allahın kitabına tapşırar və Odur onun rəhbəri və imamı; harada yükünü endirsə, o da endirər, harada iqamət salsa, o da salar.” وآخَرُ قَد تَسَمّى عالِمًا ولَيسَ بِهِ، فَاقتَبَسَ جَهائِلَ مِن جُهّالٍ، وأضاليلَ مِن ضُلاّلٍ، ونَصَبَ لِلنّاسِ أشراكًا مِن حَبائِلِ غُرورٍ، وقَولِ زورٍ، قَد حَمَلَ الكِتابَ عَلى آرائِهِ، وعَطَفَ الحَقَّ عَلى أهوائِهِ، يُؤمِنُ النّاسَ مِنَ العَظائِمِ، ويُهَوِّنُ كَبيرَ الجَرائِمِ، يَقولُ: أقِفُ عِندَ الشُّبُهاتِ وفيها وَقَعَ، ويَقولُ: أعتَزِلُ البِدَعَ وبَينَهَا اضطَجَعَ، فَالصّورَةُ صورَةُ إنسانٍ، وَالقَلبُ قَلبُ حَيَوانٍ، لا يَعرِفُ بابَ الهُدى فَيَتَّبِعَهُ، ولا بابَ العَمى فَيَصُدَّ عَنهُ، وذلِكَ مَيِّتُ الأَحياءِ. “Qeyrisi isə nadan olduğu halda özünü alim, bilikli sanar. Bir para nadanlardan nadanlıq, azğınlardan isə azğınlıq öyrənib, hiylə, kələk və yalanla camaata tələ qurar. Allahın kitabını düşüncəsilə yozar, haqqı istədiyi səmtə yönəldər, xalqı böyük təhlükələrdən (qəbir, Qiyamət və s.) arxayın edər, böyük günahları nəzərlərdə kiçildər. Özü içində batdığı halda şübhələrdən uzaqlaşdığını, arasında yatdığı halda bidətlərdən çəkindiyini söyləyər. Beləsi isə insansurətli, heyvanqəlblidir, nə hidayət qapısını görüb açar, nə də nadanlıq qapısını görüb bağlayar. O, dirilər arasında ölüdür.” فَأَينَ تَذهَبونَ؟! وأنّى تُؤفَكونَ؟! وَالأَعلامُ قائِمَةٌ، وَالآياتُ واضِحَةٌ، وَالمَنارُ مَنصوبَةٌ، فَأَينَ يُتاهُ بِكُم؟! وكَيفَ تَعمَهونَ وبَينَكُم عِترَةُ نَبِيِّكُم وهُم أزِمَّةُ الحَقِّ، وأعلامُ الدّينِ، وألسِنَةُ الصِّدقِ؟! فَأَنزِلوهُم بِأَحسَنِ مَنازِلِ القُرآنِ، ورِدُوهُم وُرودَ الهِيمِ العِطاشِ. “Hara gedirsiniz? Nə üçün haqq yoldan azırsınız? Əlamətlər bərpa, nişanələr aydın, yolgöstərən minarələr ucaldığı halda, haqq yoldan necə dönürsünüz? Necə də mat və sərgərdansınız? Halbuki Peyğəmbərinizin haqq nümayəndələri, dinin nişanələri, doğru dilləri olan Əhli-beyti aranızdadır! Onları Quranın ən yaxşı mənzilləri sanın və susuz dəvələr su başına tələsdiyi kimi, onlara doğru tələsin!” أيُّهَا النّاسُ، خُذوها عَن خاتَمِ النَّبِيّينَ (ص): إنَّهُ يَموتُ مَن ماتَ مِنّا ولَيسَ بَمَيِّتٍ، ويَبلى مَن بَلِيَ مِنّا ولَيسَ بِبالٍ، فَلا تَقولوا بِما لا تَعرِفونَ، فَإِنَّ أكثَرَ الحَقِّ فيما تُنكِرونَ، وَاعذِروا مَن لا حُجَّةَ لَكُم عَلَيهِ وهُوَ أنَا. ألَم أعمَل فيكُم بِالثَّقَلِ الأَكبَرِ وأترُك فيكُمُ الثَّقَلَ الأَصغَرَ؟! قَد رَكَزتُ فيكُم رايَةَ الإِيمانِ، ووَقَفتُكُم عَلى حُدودِ الحَلالِ وَالحَرامِ، وألبَستُكُمُ العافِيَةَ مِن عَدلي، وفَرَشتُكُمُ المَعروفَ مِن قَولي وفِعلي، وأرَيتُكُم كَرائِمَ الأَخلاقِ مِن نَفسي، فَلا تَستَعمِلُوا الرَّأيَ فيما لا يُدرِكُ قَعرَهُ البَصَرُ، ولا تَتَغَلغَلُ إلَيهِ الفِكَرُ. “Ey camaat! Bu həqiqəti sonuncu Peyğəmbərdən öyrənin (ki, belə buyurmuşdur): “Bizdən ölən kəs zahirdə ölər, həqiqətdə isə ölməz, bizdən çürüyən kəs də zahirdə çürüyər, həqiqətdə isə çürüməz (bizdən ölən kəs, həqiqətdə nə ölər, nə də çürüyər)!” Elə isə bilmədiyiniz şey haqda danışmayın. Bir çox həqiqətlər var ki siz inkar edirsiniz və əleyhinə dəlil-sübutunuz olmayan kəsdən də üzr istəyin ki, o da mən özüməm! Mən sizin aranızda “böyük ağır əmanət”i (Quran) meyar seçmədimmi? “Kiçik ağır əmanət”i (Əhli-beyt) irs qoymadımmı? İmanı bayraq sancmadımmı? Halal-haramın hüdudlarını aşılamadımmı? Öz ədalətimlə afiyət libasını sizə geyindirmədimmi? Söz və rəftarımla xeyri yayıb, bəyənilən əxlaqımı sizə təqdim etmədimmi? Elə isə gözlərin qaraldığı, düşüncə və fikirlərin azdığı qaranlıqlara doğru cəhd göstərməyin!” (“Nəhcül-bəlağə”, xütbə 87.) Tərcümə etdi: Rza Şükürlü (Maide.az) Oxşar xəbərlər
|