Həzrət Fatimeyi-Zəhranın (s.ə) xüsusiyyətləri
Fatimeyi-Zəhra (s.ə) siddiq və siddiqələrin (doğrucul kişi və qadınların) içində Siddiqeyi-Kubradır, yəni bu böyük şəxsiyyət ən böyük siddiqədir.
İndi ki ondan dərs almaq istəyirik, gərək qadınlar da dərs alsınlar, kişilər də. Hamı dərs alsın – alim də, cahil də. Görək bu böyük şəxsiyyət barəsində məsum imamların kəlamlarında buyurulan təriflərdə nə deyilir. İmam Rzanın (ə) ziyarətində növbə Həzrət Zəhraya (s.ə) çatanda, salavat məqsədi ilə (bu ziyarət elə başdan-başa salavatdan ibarətdir) buyurur: “Allahım, salavatın olsun Sənin Peyğəmbərinin qızı Fatiməyə!” (“Kamiluz-ziyarat”, səh.310.) Bu, bir xüsusiyyətdir. Bu xüsusiyyət çox mühümdür. Əlbəttə, özünü bənzədəsi misal deyil. Hamı Peyğəmbər (s) qızı ola bilməz. Peyğəmbərin (s) qızı olmaq formasında o Həzrətə bağlılıq, məqamın ucalığının göstəricisidir. “(Allahım, salavatın olsun) Sənin dostunun həyat yoldaşına!” Bu da ikinci xüsusiyyətdir. Əlbəttə, bu xüsusiyyət də əl çatası deyil və hamı Allahın dostunun həyat yoldaşı ola bilməz. Bu cəhət də o böyük şəxsiyyətin məqamının ucalığını göstərir. “(Allahım, salavatın olsun) Cənnət əhlinin gənclərinin ağası, iki qoşa nəvə Həsənlə Hüseynin anasına!” Bu xüsusiyyətin faydalı cəhəti o Xanımın ilk iki sifətindən daha artıqdır – iki nəvəni tərbiyə etmək kimi faydalı cəhət. O iki nəvə ki, Cənnət gənclərinin ağalarıdır. Onların anası həmin bu böyük şəxsiyyətdir. Bu ananın pak qucağı onları tərbiyə etməyə qadirdir. Bu, bizə ülgü və nümunə kimi təqdim edilə bilən məsələdir. Daha sonra buyurur: “Əl-Tuhrətit-Tahirətil-Mütəhhərətit-Təqiyyətin-Nəqiyyətir-Rəziyyətiz-Zəkiyyə.” (“Mən la yəhzuruhul-fəqih”, c.2, səh.603.) Bunların hamısı faydalı cəhətlərdir. Paklıq üç sözlə bəyan edilib. Bu üç söz – tühr, tahir və mütəhhər – məna baxımından fərqlərə malikdir. Əlbətə, bu üç ifadənin hər birində paklığa və pakizəliyə işarə var: ruhun və qəlbin paklığı, düşüncənin paklığı, əxlaqın paklığı, yaşayışın başdan-başa paklığı. Bəli, bu, faydalı cəhətdir və bizim üçün bir dərsdir. Gərək özümüzü paklaşdırmağa çalışaq... Batini paklıq olmadan məqama çatmaq olmaz, bu böyük şəxsiyyətlərin vilayət həriminə də yetişmək olmaz. Batinin pak olması lazımdır. Batinin paklığı təqva ilə, diqqət etməklədir – daimi diqqət, özünə daimi nəzarət paklıq yaradır. Əlbəttə, insanın xəta etməsi mümkündür, ola bilər ki, bizi qara ləkələr bürüsün, amma bu qara ləkələri təmizləməyin yolunu da Allah bizə göstərib və öyrədib: tövbə və istiğfar. İstiğfar edək. İstiğfar üzr istəməkdir. “Əstəğfirullah”, yəni “ilahi, üzr istəyirəm!” Həqiqi şəkildə, ürəkdən, qəlbimizin dərinliyindən Allahdan üzr diləyək. Bu, istiğfardır. Bu, həmin ləkəni təmizləyir. “Ət-Təqiyyə” – həmin təqvadır. “Ən-Nəqiyyə” – həmin batini və qəlbi təmizlik, pakizəlikdir. Bunlar Fatimeyi-Zəhranın (s.ə) xüsusiyyətləridir. Biz bunları nümunə və ülgü nəzərdə tutmalı və özümüzü ona yaxınlaşdırmalıyıq. (Ali Rəhbər Ayətullah Xameneinin Əhli-Beyt (ə) məddahlarından bir qrupu ilə görüşü zamanı etdiyi çıxışından bir hissə – 30 /03/ 2016.) Maide.az Oxşar xəbərlər
|