Qurani-Kərimdə axirət aləmi və onun adları – Qiyamət
Axirət aləminin ən məşhur adı Qiyamətdir. Bu söz “qiyam“ sözündən götürülmüş və Qurani-Kərimdə “yəvmul-Qiyamət“ (Qiyamət günü) ifadəsi ilə yetmiş dəfə işlənmişdir.
Bəzi ayələrdə, o cümlədən, “Rum“ surəsinin 12-ci ayəsində – يَوْمَ تَقُومُ السَّاعَة –“Saatın qiyam edəcəyi (qopacağı) gün“ – ifadəsi ilə belə buyurulur: وَيَوْمَ تَقُومُ السَّاعَةُ يُبْلِسُ الْمُجْرِمُونَ “Saatın qopacağı gün (Qiyamət günü) günahkarlar ümidsiz (və sərgərdan) olacaqlar.“ (Ayədə qeyd olunanيُبْلِسُ “yublisu“ ifadəsi “iblas“ sözündən götürülmüş və Rağib İsfahaninin qeydlərinə əsasən, ümidsizlikdən yaranan qəm-qüssə mənasını ifadə edir. Bəzi lüğət alimləri isə onu naümid, bəziləri də sübutsuzluqdan qaynaqlanan sükut kimi mənalandırmışlar.) Günahkarlar həmin günü ümidsizlikdən qəm-qüssə içində sakit qalacaqlar. Çünki öz əməllərinin nəticəsini görəcəklər, bir halda ki, çirkin işlərini aradan qaldırmaq üçün bir çarə tapa bilməyəcəklər. Fəxr-Razi öz təfsir kitabında yazır: Ümidsizlik iki qismə bölünür: Bəzən, ümidsizlik insanın rahatlıq səbəbidir; bu, insanın intizarda olduğu və həyatının zəruri halına aid olmadığı yerə aiddir. Bu halda ümidsizlik rahatlıq və aramlığa səbəb olur. Bəzən də, insanın möhkəm ehtiyac duyduğu yerə aid olur. Aydındır ki, bu yerdə ümidsizlik öldürücü heyrət, sərgərdanlıq və qəm-qüssə ilə nəticələnir. “İblas“ ifadəsi ikinci qismə aiddir. Halbuki “yə`s“ (ümidsizlik) ifadəsi belə deyildir. “Qiyamət“lə bağlı bəzi ayələrdə belə buyurulur: يَوْمَ يَقُومُ الْحِسَابُ “Haqq-hesab çəkilən gün.“ (“İbrahim“, 41.) Bəzi ayələrdə buyurulur: يَوْمَ يَقُومُ النَّاسُ لِرَبِّ الْعَالَمِينَ “O gün bütün insanlar aləmlərin Rəbbinin hüzurunda duracaqlar!“ (“Mutəffifin“, 6.) Bəzi ayələrdə buyurulur: يَوْمَ يَقُومُ الرُّوحُ وَالْمَلَائِكَةُ صَفًّا “Ruhun və mələklərin səf-səf duracağı gün...“ (“Nəbə“, 38.) Bəzi ayələrdə buyurulur: وَيَوْمَ يَقُومُ الْأَشْهَادُ “Şahidlərin şəhadətə qalxacağı gün.“ (“Qafir (Mumin)“, 51.) Saatın qopacağı gün, hesab-kitab günü, insanların duracağı gün, mələklərin və şahidlərin şəhadət verəcəyi gün və hər şeyin qiyam edəcəyi gün. Diqqəti cəlb edən odur ki, bu təbir arasında qiyamus-sahət (saatın qopacağı) ifadəsi xas məna kəsb edir. Çünki saat, məlum olduğu kimi, zamanın tərkib hissəsidir. Görəsən, zaman qopub qiyam edirmi? Bəzi təfsir alimlərinin qeydlərinə əsasən, bu ifadə qiyamı və qopacağı təsəvvür olunan Qiyamət gününün canlı varlıq olduğunu sübut edir. (“Peyami-Quran“, Ayətullah Məkarim Şirazi, c.5, səh.33-34.) Tərcümə edən: Rza Şükürlü (Maide.az) Oxşar xəbərlər
|