Quran – zahiri füsunkar, batini dərin…
Mьəllif: admin1
Tarix: 8-01-2021, 11:42
Quran – zahiri füsunkar, batini dərin…
Quran misilsiz bir sənət əsəridir; yəni Quranın əzəmət və əhəmiyyətinin daha bir aspekti onun sənət baxımından, bədii cəhətdən gözəlliyidir. Qəlbləri maqnit kimi İslam dininə çəkən də, ilk növbədə, Quranın o bədii cəhətidir.

Ərəblər həm kəlmələrin melodikliyini yaxşı duyurdular, həm də ədəbi dillə tanış idilər – o dövrün ərəb mühiti bu cür idi – və qəflətən ortaya elə bir fenomen çıxdı ki, o vaxta qədər onlar ona bənzərini eşitməmişdilər. Nə şeir, nə də nəsr olan Quran qeyri-adi bir ədəbi təzahürdür. Eynilə Əmirəlmöminin Əlinin (ə) buyurduğu kimi:

ظاهِرُهُ اَنیقٌ وَ باطِنُهُ عَمیق

“Zahiri füsunkar, batini isə dərindir.” (“Nəhcül-bəlağə”, xütbə 18.)

“Aniq” (اَنیقٌ) – insanı mat-məəttəl qoyacaq dərəcədə füsunkar, heyrətamiz gözəllik mənasındadır. Quran o dərəcədə gözəldir. Əlbəttə ki, qeyri-ərəbdillilər və elə ərəbdillillərin də çoxu bu gözəlliyi dərk edə bilmir, lakin Quranla daha çox ünsiyyətdə olduqca bunu dərk etmək olur.

İnsan Quranla daha sıx ünsiyyətdə olduqca, daha çox tilavət etdikcə, Quranı daha çox dinlədikcə başa düşür ki, bu kitabın mənəvi aspektindən əlavə, onun dili nə qədər gözəl, nə qədər bəlağətlidir.

Deməli, bu heyrətamiz dərəcədə gözəl sənət əsərini elə yüksək sənətkarlıqla da icra etmək lazımdır. Biri var biz öz evimizdə özümüz üçün Quran oxuyuruq, o zaman necə oxusaq da, eybi yoxdur; istər avazla oxuyaq, istər avazsız oxuyaq.

Hərçənd, orada da avazla oxumaq tövsiyə olunur. Amma qarşınızda bir auditoriya varsa, məsələn, hansısa məclisdə Quran oxuyursunuzsa, bu o deməkdir ki, dinləyənlərə təsir göstərmək istəyirsiniz. O yerdə sənətkarlıq ortaya gəlməlidir; məhz o yerdə sənətkarlıq öz rolunu oynamalıdır.

Auditoriyaya sənətlə təsir göstərmək olar. O tilavətləri dinləməyimizin, yüksək qiymətləndirib qariləri təşviq etməyimizin mənası budur; yəni siz bu misilsiz sənət əsərini yüksək sənətkalıqla icra edir, ustalıqla oxuyursunuz. Nəticədə isə tilavətin təsiri qat-qat artır.

Əlbəttə ki, Əmirəlmöminin Əlinin (ə) qeyd etdiyi o ikinci cəhət – batinin dərinliyi də həmin bu sənətkarlıqla, ustalıqla bağlıdır, yəni oxuma tərzi o dərinliyə varmaqda bizə xeyli dərəcədə bələdçilik edə bilər. Amma Quranın batininə diqqət yetirmək lazımdır.

“Quranın batini” deyərkən, mən yalnız zikr əhlinin, məsum imamların (ə) xəbərdar olduğu o batini qatı nəzərdə tutmuram. O bizim işimiz deyil, onu gedib rəvayətlərdən, imamların (ə) buyurduqlarından öyrənib dərk etməliyik. Mən bu ifadə ilə yenə də Quranın zahirini nəzərdə tuturam. Misal üçün, Quran buyurur:

وَ العاقِبَةُ لِلمُتَّقین
“Aqibət təqvalılarındır!” (“Əraf”/128.)

Yaxşı, bəs bu aqibət, işin axırı nə deməkdir? “İşin axırı təqvalılarındır”; bu dünyada da işlərin axırı təqvalılarındır, axirətdə də; sonda onlar uğurlu çıxacaqlar, mübarizələrdə də – əgər qələbə qazanmaq niyyətində olsalar – qalibiyyət onların olacaq.

Döyüş meydanında düşmənə qalib gəlmək istəyirsinizsə, gərək müttəqi olasınız. Baxın! Diqqət yetirsəniz, görərsiniz ki, aqibət təqvalılarındır; bunun bir qədər dərinliyinə varaq, diqqət edək, üstündən ötəri keçməyək. Və ya məsələn:

وَ لَنَبلُوَنَّکُم بِشَیءٍ مِنَ ‌الخَوفِ وَالجوعِ وَ نَقصٍ مِنَ الاَموالِ وَ الاَنفُسِ وَ الثَّمَرتِ وَ بَشِّرِ الصُّبِرین

“Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbir edənlərə müjdə ver!” (“Bəqərə”/155.)
Bu qorxu nədir, aclıq nədir? İnsan gərək bu kəlmələr, bu məfhumlar haqda bir az dərindən düşünə. Bu elə Quranın mənası haqda düşünmək deməkdir. Quran ayələrində dönə-dönə vurğulanan “تدبّر” – dərindən düşünmək, fikirləşmək elə budur.

“بَاطِنُهُ عَمیق” – Quranın batini dərindir. Bu dərinliyə hər kəs öz bacardığı qədər, öz məlumatına, mütaliəsinə, şüur və dərkinə uyğun səviyyədə vara bilər. Bu dərinliyə hamı eyni dərəcədə gedə bilmir.

Amma necə olursa-olsun, biz də bir az əl-qol ata bilərik; gəlin, cəhd göstərək, bir az əl-qol ataq, diqqət yetirib Qurandan nəsə başa düşək.

Bəzən deyirlər ki, Qurandan həyat dərsi öyrənmək lazımdır. Bu o demək deyil ki, məsələn, sürücülük və yol hərəkəti qaydalarını da Quranda axtarmalıyıq.

Yox, Quran bizim təfəkkürümüzə ali təlimlərlə zinət verir. İnsanın təfəkkür səviyyəsi ali təlimlərlə yüksəldiyi zaman isə dünyanın bütün sirlərini dərk edə bilir, hikməti öyrənir. Şair demişkən:

آن که در او جوهر دانایی است
بر همه چیزش توانایی است


Elm və hikmət cövhəri kimdə varsa,

O insanın hər bir işi uğurlu olar.

(“Sirlər xəzinəsi”, Nizami Gəncəvi, Ali Rəhbər Ayətullah Xameneinin Quran məclisində etdiyi çıxışı – 6/05/2019.)

Maide.az
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031