Hansı xüsusiyyətinə görə bu abid məsciddən fasiq çıxır, bu fasiq isə siddiqinlərin məqamına ucalır?
İnsanın özünü həddən artıq bəyənməsi təkəbbürə gətirib çıxardar.
Ona görə də dinimiz bu əməldən çəkinməyi tövsiyə edir və onun ziyanlarını bizə tanıdır. Bu ziyanlar ibarətdir: 1. O kəs ki, özünü bəyənir, bu sifət onu yavaş-yavaş təkəbbür vadisinə tərəf çəkər. Bu təhlükəli xəstəliyə düçar olar. İmam Baqirdən (ə) oxuyuruq ki, hər kiminsə qəlbində xardal dənəsi qədər təkəbbür olarsa behiştə daxil olmaz. 2. Özünü bəyənən insan özünü başqalarından daha yaxşı hesab edər və özündən razı olar. Günahlarını unudar və onlara əhəmiyyət verməz. Özünü hesaba çəkməkdən ehtiyacsız görər. Nəticədə tövbə tövfiqindən məhrum olar. 3. Özünü bəyənən insan üçün ibadət çox böyük və çətin bir əməldir. Nəticədə ibadəti sayəsində Allaha minnət qoyar və əməllərinin məhv olmasına səbəb olar. 4. Əgər insan ibadətləri sayəsində özünü bəyənərsə o zaman təkəbbür onun gözünü kor edər və elə bilər ki, Allaha ən yaxın insandır. Bu səbəbdən özünü Allahın məkrindən amanda hiss edər. Allahın əzabından qafil olar. 5. Özünü bəyənən insan başqaları ilə məsləhət etməz və özünü bundan ehtiyacsız hesab edər. Nəticədə bu insan cəhalət zillətində əsir qalar. 6. Özünü bəyənmək səbəb olar ki, insan pis rəftarlarını yaxşı rəftar hesab etsin. Pis əməl onun nəzərində gözəl cilvələnər. 7. Özünü bəyənmək insanı məhvə doğru çəkər. Nəticədə insan insanlıq məqamından süqut edər və insanlığını əldən verər. Həzrət Peyğəmbər (s) buyurur: “Üç şey vardır ki, həlakətə səbəb olar. Onlardan biri odur ki, insanın özündən xoşu gəlsin və özünü bəyənən olsun”. 8. Özünü bəyənmək, insanın Allah bəndəliyindən çıxmasına səbəb olar. İmam Sadiq (ə) buyurur ki, iki nəfər məscidə daxil olur ki, biri abid idi və biri də fasiq. Məsciddən o halda xaric oldular ki, fasiq – siddiqinlərin məqamına çatır, abid – fasiq olur. Çünki abid məscidə daxil olan zaman ibadətinə görə fəxr edirdi, ancaq fasiq günahlarına görə tövbə edirdi. 9. Özünü bəyənmək şeytanın yollarını açar və insana hakim olmasına səbəb olar. 10. Özünü bəyənmək – yaxşı əmələ malik olan insanların bəlasıdır. Elə bir bəladır ki, hətta siddiqin məqamına çatan insanların süqut etməsinə səbəb olur. (Hədənə) Uca Allah bizləri bu bəladan uzaq etsin! /Deyerler.org/ Oxşar xəbərlər
|