Bundan üstün ibadət yoxdur
İmam Sadiq (ə) buyurur: “Allah yanında heç bir ibadət, möminin haqqını əda etməkdən daha üstün deyildir”.
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim öz gündəlik işlərinə davam edər, ancaq müsəlmanların işlərinə əhəmiyyət verməzsə – müsəlman deyildir. O kəs ki, müsəlmanın kömək istəyən səsini eşidər və ona yardım etməzsə – müsəlman deyildir”. Həzrət Rəsuli-Əkrəm (s) buyurur: “Allah yanında ən sevimli insan o kəsdir ki, insanlara faydası daha çoxdur”. Peyğəmbərimiz (s) buyurur: “Hər kim su və ya atəş təhlükəsini müsəlman dəstəsindən uzaqlaşdırarsa, behişt ona vacib olar”. Möminin mömin üzərindəki haqları. İmam Baqir (ə) buyurur: “Möminə vacibdir ki, mömin qardaşının 70 kəbirə günahını örtsün”. İmam Sadiq (ə) buyurur: “Möminə vacibdir ki, mömin qardaşı olanda və olmayanda onun xeyirxahı olsun”. Həzrət İmam Sadiq (ə) buyurur: “İnsanların xeyrini istəmək sizə lazımlıdır, çünki Allah yanında heç bir əməl bu işdən üstün deyildir”. İmam Sadiq (ə) buyurur: “Bir-birinizlə qardaş və bir-birinizə qarşı yaxşı əməl sahibi olun. Allahın rizası üçün bir-birinizlə dostluq edin. Bir-birinizi görməyə gedin və bir-birinizlə əyləşin. Bizim maarif və hədislərimizi yada salın”. İmam Sadiq (ə) buyurur: “Möminin mömin üzərində haqqı odur ki, onu sevsin. Malını ondan əsirgəməsin. Əgər səfərə gedərsə, əhli və əyalının halına yetişsin. Əgər kimsə ona zülm edərsə, ona yardım etsin. Nə zaman dünyadan gedərsə, qəbrinin ziyarətinə getsin. Ona zülm etməsin, onu aldatmasın, ona xəyanət etməsin. Əgər mömin öz qardaşına desə ki, sən mənim düşmənimsən, o ikisindən biri kafirdir. Çünki əgər yalan demiş olsa, özü kafirdir. Əgər düz demiş olsa, qarşı tərəf kafirdir. Onu töhmət ilə ittiham edərsə, iman qəlbindən əriyər – necə ki, duz suda həll olar”. İmam Sadiq (ə) buyurur: “Möminin mömin qardaşına verdiyi vədə – nəzir kimidir, baxmayaraq ki, kəffarəsi yoxdur. Hər kim vədəsinə əməl etməzsə, həqiqətdə Allahın vədəsinə əməl etməmiş olar. Özünü Onun qəzəbinə düçar edər”. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kimin Allaha və Qiyamət gününə imanı vardırsa, gərək vədəsinə əməl etsin”. Həzrət Peyğəmbər (s) buyurur: “Möminin mömin üzərində yeddi vacib haqqı vardır: 1. Onun yanında ona təzim etsin və ehtiram etsin. 2. Qəlbində ona sevgisi olsun. 3. Malını ondan əsirgəməsin. 4. Onun qeybətini özünə haram bilsin. 5. Nə zaman xəstə olarsa, ziyarətinə getsin. 6. Dünyadan gedən zaman dəfnində hazır olsun. 7. Öləndən sonra onu yaxşılıqdan başqası ilə yada salmasın”. Uca Allah bizlə həqiqi mömin olmaq tofiqatını nəsib etsin! /Deyerler.org/ Oxşar xəbərlər
|